Tez-tez ‘‘niyə bu həmişə mənim başıma gəlir?”, “bu da mənim şansım”, “həmişə belə olur onsuz da” kimi cümlələr quraraq həyatımızda olub bitən bəzi xoşagəlməz hadisələr haqqında şikayətləndiyimiz çox etdiyimiz bir hərəkətdir. Bəlkə də bunu vəziyyətə dair heç bir gücümüzün, ya da iradəmizin olmadığını hiss etdiyimiz zamanlarda söyləyirik. Halbuki həyatımızda məmnun olmadığımız vəziyyətin dəyişməsi üçün ən çox gücü sərf edən yenə bizim özümüzük. Bu məmnuniyyətsizliyimizi aradan qaldırmaq üçün isə “mən məmnun olmadığım bir vəziyyəti dəyişdirmək üçün nə edirəm?” sualını özümüzə verməliyik. Digər tərəfdən isə özümüzə bir də kənar bir şəxsin gözü ilə baxmağı bacarmalıyıq. Əgər bunu bacara bilsək sualımızın cavabını da tapmış olarıq. Çünki məsələnin həlli bu cavabın tapılmasına bağlıdır.

 

Biz məmnun olmadığımız vəziyyəti dəyişməyə çalışmadığımız müddətcə məsələnin həlli mümkün olmayacaq. Bu mövzuda isə özümüzə olan güvənimiz əsas rol oynamaqdadır. Güvən hissi olmadıqdan sonra bizi hərəkətə keçirəcək motivasiya da olmayacaq. Motivasiya olmadığı təqdirdə ruh düşgünlüyü yaşanacaq. Ruh düşgünlüyü yaşayan insanda da mənfi enerji yaranır və bu da davranışlarımıza birbaşa təsir edir.

 

Düşüncələrimizin duyğularımız və davranışlarımız üzərindəki təsiri çox böyükdür. Bir mövzu ilə əlaqədar mənfi bir düşüncə quruluşuna sahibiksə, var olan potensialımızı da istifadə edə bilmərik. Nə qədər təchizatlı, qabiliyyətli, bacarıqlı olursaq olaq “mən bunu edə bilmərəm”, “istəsəm də bacara bilmərəm” şəklində bir düşüncə quruluşuna sahibiksə, o potensialı istifadə edə bilmərik. Doğru zamanda və doğru şəkildə istifadə edilmədiyi müddətcə sahib olduğumuz potensial, məlumat və güc heç bir işə yaramaz.

 

Başqaları bizim nə edəcəyimizi və nə hiss edəcəyimizi təyin edə bilməz. Duyğularımızı şəkilləndirəcək qərarları biz almalıyıq. Hirsli, ya da sakit olmaq; xoşbəxt, ya da bədbəxt olmaq; ümidli, ya da çarəsiz olmaq verdiyimiz qərarlara və seçimlərimizə bağlıdır. Müsbət və ya mənfi davranışları seçmək tamamilə bizim öz əlimizdədir. Seçimlərimizi fərqində olmaqla edə bilərik. Bu səbəblə də davranışlarımızdan biz özümüz məsuluq. Bunun fərqində olmaq, müsbət vəziyyət üçün “bunu mən istədim, mən seçdim” deyərək nəticənin dadını çıxartmağımıza, mənfi vəziyyət üçün isə “bunu mən seçdim, amma artıq istəmirəm” deyərək vəziyyəti dəyişdirə bilmə gücümüzü xatırlamağımıza kömək edər.

 

Qısası, düşdüyümüz vəziyyətlərin məsulu olaraq həmişə şərtləri, ya da başqa insanları günahlandırırıq. İçində olduğumuz vəziyyətin məsulu olaraq şərtləri, ya da başqalarını məsul tutaraq yaşadığımız heç bir şeyin idarəsini əlimizdə hiss edə bilmərik. Bu vəziyyətdə yaşanan mənfilikləri dəyişdirə bilmə gücümüz olduğunu da yox saymış olarıq. Halbuki yaşadığımız hər şeyi dəyişdirə bilmə gücünə sahibik. Bəli, burada deyə bilərsinz ki, bəs qədərə inanmırsanmı? Əlbəttə, inanıram, çünki qədərə inanmaq inanc əsaslarımızın təməl şərtlərindəndir. Hər şeyi qədər deyib keçmək də olmaz. Çünki Allah bizlərə iradə verib ki, həyatımızda seçimlərimizlə və aldığımız qərarlarla özümüz istiqamət verərik. Əgər biz öz həyatımıza istiqamət verməsək, o zaman başqaları bizi yönlərdirəcək ki, bu da yanlış yollarda, yanlış həyat yaşamağımıza gətirib çıxaracaq.

 

Onu da qeyd edim ki, qorxu və qayğılarımızın həyatımızа təsir etməsi özümüzlə, ətrafımızla və gələcəyimizlə əlaqədar mənfi düşüncələrə sahib olduğumuzun göstəricisidir.

 

Hacı BƏKİROĞLU