Bu günlərdə, sözsüz ki, bütün dünyanın gözü baş verən Rusiya-Ukrayna savaşına dikilib. Bütün mətbuat, qəzet, jurnal, telekanallar, hətta başı çıxan-çıxmayan hər kəs öz düşüncəsinə görə baş verənləri yorumlayır, hər hansı tərəfi dəstəkləyir və ya lənətləyir. Hətta “yeriyən küçə qəzetləri” sayılan boş-bekar insanlar belə artıq bütün dedi-qoduları buraxıb, ancaq və ancaq siyasətdən danışır. Avtobus dayanacaqları, çayxanalar “siyasətçilərlə” dolub daşır. Yeddidən yetmişə hər kəsin dediyi, dinlədiyi ancaq bu haqdadır. Ömründə bir dəfə də olsun “xəbərlər”ə baxmayan hər kəs indi can dili ilə “xəbər” saytlarını izləyir. Mənə elə gəlir, hər kəs əlini vicdanına qoyub özünəməxsus şəkildə olub-bitəni qiymətləndirməyə qadirdir bu günlərdə...

 

Hər halda otursam indi mən də dünyanın uzaqgörən siyasətçilərinin atdıqları bu addımları müzakirə edə bilərəm, təbii ki, anlayışım qədər, öz düşüncələrimlə. Amma bu haqda kifayət qədər yazılar yazılıb və hələ uzun müddət də yazılacağını umuram. Ona görə də tamam fərqli bir mövqedən baxacağam bu gün.

 

Necə deyərlər, özümü anlayandan, loru dildə desək, özümü qanandan bəri tarixi böyük səhvlərə dirənən dırnağarası bayramları qeyd etməməyə çalışıram (23 fevral kimi). Ancaq bununla yanaşı, keçirilməsi qəbahət sayılmayan günlərdən də kənar qaçmıram. Məsələn, Respublikamızın birinci prezidenti Zviad Qamsaxurdiyanın qərarı ilə bayram statusu verilmiş 3 Mart Analar günü kimi. Gürcüstanda Analar günü, yəni Gürcüstanda yaşayan dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün anaların bayramı. Əlbəttə ki, ana bütün insanlığın ən alisi, ən ucası, ən qiymətlisidir. Dünyanın misli-bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Ana o qədər müqəddəsdir ki, hətta vətəni də onun adı ilə “Ana vətən” adlandırırlar. Əsrlər boyu böyük şairlər, yazıçılar ana haqqında minlərlə əsərlər yaratsa da, anaya ən gözəl qiyməti Məhəmməd peyğəmbər (s.a.s.) verərək, “Cənnət anaların ayaqları altındadır” demişdir. Analara bir gün deyil, hər gün dəyər verilməlidir, ancaq bəlkə də bu yaxşı mənada bir bəhanədir, ən azından 365 günün bir gününü onlara ayırmamız üçün.

 

Hər il 3 Mart günü anamı sevindirmək üçün tələsirdim, aldığım hədiyyəni bəzən gizlədə-gizlədə birtəhər ələ keçmədən 3 Marta saxlayırdım. Bu il də öz-özümə var-gəl edərkən, bu lənət olmuş müharibə başladı. Gecəli-gündüzlü dəqiqə-dəqiqə izləməyə başladım. Eyni ilə 44 günlük Vətən Müharibəsindəki kimi...

 

Xəbərləri izləyərkən analar gördüm, şəhid düşmüş övladının acı xəbərini telefonda düşmən əsgərin dilindən eşidən analar gördüm, yeraltı keçidlərdə körpəsini bağrına basıb gözləri Haqqa dirənən analar gördüm, evindən yığışmağa belə macal tapmamış yollarda qalan, necə deyərlər, hara belə gedəcəyini bilməyən, çarəsiz analar.

 

Hansı mənfur düşüncə, hansı vəhşi istək, hansı mənasız qürur üzr səbəbi ola bilər ki bu acınacaqlı səhnəyə, bu günahsız millətin göz yaşlarına?! Əsl mənada sözün bitdiyi yerdir, yazılmalı, deyilməli çox şey var, ancaq qələm acizdir boğazda düyünlənən qəhəri boğmağa və bu hissi düzgün ifadə etməyə.

 

Yalnız bunu deyə bilərəm ki, bəli, “Cənnət anaların ayaqları altındadır”, amma belə bir insanlıq, belə bir yaradılış nəinki anaların ayağı altına, heç atılan dırnağına da layiq deyil!

 

Lətafət KƏRİMOVA