Mən onda çox balaca idim. Cılız, arıq-uruq, şeytan şapalağı kimi bir şey idim. Heç yaşımın neçə olduğunu da bilmirdim. İnsanın yaşının üç, beş olmasının nə mahiyyət daşıdığını bilməyəcək qədər kiçik olduğumu anlatmaq istəyirəm. Düşünün ki, mənim kiçik dünyamda cəmi iki-üç adama ancaq yer var idi. Əslində, bundan artıq adamın, istəsəm də, o kiçik dünyaya yerləşməsi mümkün deyildi.

 

Mən sizə danışmaq istədiklərimi ordan-burdan verirəm. Elə bil sevdiyiniz filmi irəli-geri çəkər kimi seyr edirsiniz. Bunu sizi həyacanda saxlamaq xətrinə etmədiyimi də unutmayın.

 

Axşam tərəfi həyətdəki nəhəng tut ağacının kölgəsində sarı torpaq qalağı ilə oynamaqdan yorulmurdum. Kiçik təpəciklər, kiçik evciklər düzəldirdim. Nəmliyini saxlamış torpağın içərisinə əlimin birini soxub, digəri ilə üstündən tapdalayırdım. Dəcəl uşağı yatızdırırmış kimi, torpağı tapdaladıqca: “yat-yat, damda qulaq kəsən var”, – sözlərini təkrarlayırdım. O zamana qədər ki, istədiyim olurdu. Torpağın içindəki əlimi usduf-usduf çıxarırdım, qoyun yatağına bənzəyən kiçik evciklərə baxaraq, yəqin ki, bir az da olsa özümlə qürur duyurdum. 

 

Torpaqla oynadığım günlərdən birində həmişə əlimin altında saxladığım kürəklə boyum uzunluğunda bir çuxur qazmağı planladığımı və bu planımı var gücümlə həyata keçirdiyimi, dördbucaqlı çuxurun get-gedə istədiyim şəkli almasından necə xoş hisslər keçirdiyimi, çuxurun hazır olduğunu görüb məmnun qaldığımı sözə çevirmək belə mümkünsüzdür.

 

Və əsil olanlar məni sevincə boğan o çuxurumun hazır olmasından sonra başladı.

 

Bir sözüm var, onu deyim o olanlara gələcəm.

 

Nənəm səhərdən axşama qədər baş verən hər şeyi görürdü. Az qala görünməsi mümkün olmayan şeyləri də – əkinə uclanan toyuq-cücəni də, başını qab-qaşığa salmaq istəyən iti-pişiyi də, yoldan ötən qonum-qonşunu da, bizim üçün cızdığı azadlığın sərhədini keçib-keçmədiyimizi də görürdü. Nənəmin gözündən heç nəyi yazındıra bilməzdin. Nənəmin gözü həmişə dörd idi. Nədən ki, nənəm canlı-cansız hər şeyə təhlükə kimi baxırdı, hər şeyin qorxulu olduğunu, hər şeydən təhlükənin özünə doğru hərəkətləndiyini düşünürdü və bu üzdən də nənəm insanın dünyada görə biləcəyindən artıq şeylər görməyə alışmışdı, hər şeyi eyni vaxtda görmək onun boyuna biçilmişdi, tam ona uyğun idi.

 

Burada bir az söhbətin yönünü dəyişəcəm. Amma nənəmin qorxularına bir də qayıdacam. Əlimə vuranmı var, qələm ki, öz əlimdədir.

 

Hə, çuxurum hazır idi. Mən çuxuruma müştəri gözüylə bir də baxıb, iki də baxıb tutamamdan razı qalıram, onun ətrafına pərvanə kimi dolanıram. Və birdən nə fikirləşirəm, nə fikirləşmirəm çuxurumun içərisinə düşüb, uzanmağı qərara alıram. Niyə də uzanmayım ki, öz əlimin əməyidir, onu əmələ gətirənə qədər balaca canımla nə əziyyətlər çəkmişəm, nə qədər tər axıtmışam?

 

Və ədəb-ərkanla çuxuruma uzanıram. Bəlkə dincəlmək istəmişəm, bəlkə uşaqlıq marağım məni ora itələyib, bəlkə də özümü döyüşdən sonra səngərdə uzanıb dincələn bir əsgərin yerinə qoymuşammış? Düzünü desəm, bunların heç biri yadımda qalmayıb. Bir də baxmışam ki, çuxurumda uzanmışam və...

 

Və mən çuxurumun ləzzətini yaşadığım anda nənəmin alıcı quş kimi başımın üstünü kəsdirdiyini gördüm. Nənəmin üzünə-gözünə hopmuş dəhşət, qorxu ifadəsini görməyimin bir an çəkməsini deməyimdə bir damcı da olsun şişirtmə-zad yoxdur. Mənim onun gözlərindən baxan dəhşəti görməyim, sifətinin hər cizgisindən oxunan qorxunu, həyacanı sezməyim bir göz qırpımında baş verdi. Bunları anlayacaq yaşda olmasam da, nənəmin üzünə-gözünə hopmuş faciə ifadəsinin mənim çuxurumdan qaynaqlandığını sanki kimsə qulağıma pıçıldayırdı. Nənəmin üzünə-gözünə hopmuş o dəhşət, qorxu cizgilərinin daş soyuqluğundan tüklərimin ürpəşməsi də, həmin soyuqluğun necəsə bədənimə axması da, bütün varlığımı sarması da, mənim eymənməyim və qorxu içində çuxurumdan dik atılmağım da o məşum anın içində baş verirdi.

 

Nənəm qorxuları ilə birgə yaşamışdı. Qorxular bir an da olsun nənəmdən uzaqlaşmamış, hər addımda özünü hiss etdirmişdi. Nənəm itirməkdən qorxurdu. Olanları itirmək qorxusu canında idi. Nənəm anasızlıq görmüşdü, ögey ananın yumruğunun dadını dadmış, atasızlığın necə bir ağrı olduğunu erkən yaşlarından çiyinlərində daşımışdı. Əmilərinin, əmisi uşaqlarının sürgünləri, gedər-gəlməzliyə gedişləri gözlərinin qarşısında baş vermişdi. Nənəm öz nəslinin itkilərini canında yaşadan faciə qəhrəmanına çevrilmişdi.

 

Hələ bunlar nədir ki? Övlad itkisi yaşamışdı nənəm. Şəxsi həyatını zəhrimara çevirən müharibədən keçmişdi. Nənəm bir üzü qız, bir üzü gəlin gedəninin – babamın yolunu gözləmişdi.

 

Bacısını-qardaşını itirirdi nənəm bir-bir. Doğmalarını itirmək yetmirmiş kimi, nənəm arada pulunu itirirdi, qablamasını, yəni protez dişini itirirdi. Amma bu itirməklər doğmaları itirməkdən fərqlənirdi. Nədən ki, nənəm yaddaş idi, qoyduğu şeyin yerini unudan idi. Bir də görürdün nənəm bu il itirdiyi pulu gələn il tapırdı. İtirilmiş doğmaları yenidən tapmaq isə mümkün olmurdu.

 

İtirməkdən çox qorxurdu nənəm. İtirə-itirə gəlmişdi axı. Mənim dünyaya gəlişimlə onun yeni qorxusu yaşıd idi. İndi də məni itirmək qorxusunu canında gəzdirirdi.

 

Mənim çuxurda uzanmağım nənəmə məni itirəcəyi qorxusunu yaşatmışdı. Mənim çuxurum nənəmə qəbri, məzarı xatırlatmışdı, onda öz əlimlə öz qəbrimi qazmağım, öz ayağımla öz məzarıma uzanmağım təəssüratı yaratmışdı. Axı nənəm başqa cür düşünə bilərdimi?

 

Nənəm bütün bunları məni qorxutmaq üçün etməmişdi. O, sadəcə illərlə içinə yığılmış qorxularını açığa çıxarmışdı və doğrudan doğruya məni itirməkdə olduğu düşüncəsinin faciəsini yaşamış, mənim uşaq düşüncəmin məhsulu olan çuxur onu gerçəklikdən qoparmış, ona gördüklərinin oyun yox, gerçək olduğunu düşündürmüşdü.

 

Mən hələ qəbir görməsəm də, ölümün nə olduğunu təsəvvür edə bilməsəm də, ola bilsin ki, nənəmin üzündə-gözündə donmuş dəhşət dolu cizgilərdən ölüm adlı gerçəyi oxuya bilmiş, bu dünyanın ölümlü olmasını anlamışdım. Mən nədən hürkdüyümü, ətimin sümüyümdən aralanacağı dərəcədə qorxduğumu, çuxurumdan eymənərək niyə qaçdığımı başqa cür izah edə bilmədiyimin də, ona başqa ad verə bilmədiyimin də fərqindəyəm. Bunun başqa izahı, başqa adı varmı? – Bilmirəm.

 

Afiq MUXTAROĞLU