Film izləməyi çox sevirəm. İzlədiyim hər filmə fərqli çalarda baxmağı sevirəm. Hər filmdən bir nəticə, bir dərs çıxarmağa çalışıram. Bəzi filmlər var ki, insan izləyən zaman özünü filmin bir parçası kimi hiss edir. Sanki o filmdə olanları sən də yaşayırsan, özünü ssenarinin bir parçası, hadisələrin iştirakçısı kimi hiss edirsən. Kədərli bir film izlədikdə, bunun sadəcə film olduğunu bilsən də, özünü saxlaya bilməyib ağlayırsan.

 

Ümumiyyətlə, tez-tez dostlarımdan film tövsiyəsi alıram, dostlarım da məndən. Tövsiyə edə biləcəyim film olaraq ağlıma ilk “Ölü şairlər dərnəyi” (“Dead Poets Society”) filmi gəlir.

 

Bu filmin həyatımda “bir filmdən” daha artıq yeri var. Əminəm ki, bu filmi izləmiş hər kəs mənimlə mübahisəsiz razılaşacaq.

 

1950-ci illərin Velton Akademiyası ciddi, intizamlı və akademik çevrələrdə hörməti yüksək olan, ancaq dar düşüncəliyin iqtidarda olduğu bir məktəbdir. Əlbəttə ki, məktəb idarəsinin bu sistemi şagirdləri canından bezdirib, onlarda oxumaq həvəsi ilə yanaşı yaşamaq həvəsini də öldürürdü. Ancaq, necə deyərlər, hər kəsin bir qənimi var, elə məktəb idarəsinin qənimi də yeni gələn ingilis dili müəllimi Con Kitinq olur. O, tamamilə məktəbin sisteminə zidd bir müəllimdir.

 

Filmin əsas və baş qəhrəmanlarından biri atasının istəyinə qarşı çıxmayıb tibb oxumağa hazırlaşan, ancaq teatr aktyoru olmaq istəyən bir gəncdir. Buna görə həmişə oğlunu nəzarəti altında tutmağa çalışan, sərt qadağalar qoyan filmin sevilməyən və nifrət mənbəyinə çevriləni isə “ata”dır. O, oğlunun teatrda iştirak etməyinə qadağa qoyur. Oğlunun düşüncəsi, istəyi, məqsədi, ümdiləri heç ona maraqlı belə gəlmir. Atalığın verdiyi “ərklə” oğluna öz istədiyi həyatı yaşamağa məcbur edir. Sonu? İntihar. Oğlu ona istəmidiyi həyatı yaşamağı rəva görən atasının silahı ilə öz həyatına son qoyur.

 

Bu filmdə mənə dərindən təsir edən bir çox səhnələr var. Ən əsası isə, filmin günümüzün reallığı ilə uyğun olmasıdır. Sərt formada idarəetmə istəyi bəzən tam bir idarəsizliyə gətirib çıxarır.

 

Film övladlarınıza hansısa fikri əmr etmək yerinə ona doğru yolu göstərmək, onunla dost olmaq, onu başa düşmək, fikrinə hörmətlə yanaşmağın daha gözəl olduğunu çətin, bir o qədər də ağır yolla izah edir; onun səhv peşəni seçdiyini düşünürsünüzsə, əmr edib öz istədiyiniz peşəni seçməyə məcbur etmək yerinə, ona bunu izah etməyin daha yaxşı nəticə verəcəyi açıq, amma bir o qədər də ağır yolla vurğulayır.

 

Təəssüf ki, heç bir qüvvə dünyaya bir dəfə gəlməyimiz həqiqətini dəyişə bilməz. Övladınız belə olsa kimsə sizin istədiyiniz, məcbur etdiyiniz həyatı yaşamağa məcbur deyil, ən azından olmamalıdır. Sizin məcburiyyətinizlə özünü təsəvvür edə bilmədiyi bir sahədə tapdıqda, nəticə uğursuz olacağı zaman onun gözündə tək günahkar siz olacaqsınız.

 

Əminəm ki, heç bir valideyn övladının pisliyini, uğursuzluğunu istəməz. Ancaq övladınızın yox da, sizin istədiyiniz sahəni məqsəd seçməyə məcbur edərək uğursuzluğa gedən yolu açmış olursunuz. Hansı sahəni istəyirsə həmin sahə onun uğuru olmalıdır, əks təqdirdə sizin məcburiyyətinizlə seçdiyi sahədə çox uğurlu belə olsa, bütün həyatı boyu özünü əskik hiss edəcək. Getmək, bacarmaq istədiyi yol yarımçıq qalmış arzusu olacaq.

 

Bir ata üçün qatil olmaq çox asandır. Bəzən asana qaçmaq yerinə, siz də mübarizənin parçasına çevrilin. Ona öz istədiyiniz həyatı yaşamağa məcbur edən nifrət mənbəyi olmaq yerinə, yaşamaq istədiyi həyatda, çıxdığı yolda, qarşısına qoyduğu məqsəddə güc alacağı, nə olur-olsun sən bacararsan deyən arxa-dayağı, ən pis şərtlərdə, ən ağır şəraitdə belə dağ kimi arxasında duran atasının olduğunu hiss etdirin. Əmin olun, bu, hər övladın hiss etmək istəyəcəyi əvəzolunmaz təəssüratdır. Atalıq da elə bunu tələb edən ali dəyərdir deyə düşünürəm.

 

Ayhan HƏSƏNOV