Təzə ailə qurmuşduq, Bakıda kirayədə yaşayırdıq. Heç bir çətinlik görməyən bir ərköyün qızın kirayə həyatı mənən sıxıntılı olsa da anam bunu hiss edib nəsihətini verdi: “Adam o vaxt özünü xoşbəxt hiss edər ki, özündən aşağılara baxar. Sən yuxarılarla bəhsə girsən heç vaxt xoşbəxt olmazsan”. Sonra anam ortaq tanıdığımız qohum, tanış qızlarını misal gətirdi. Onlarla mənim həyatımı elə müqayisə etdi ki, gördüm əməllicə bəxtəvər imişəm.
Bax, həqiqət budur ki, biz özümüzdə olan yaxşıları görmədən başqalarının yorğanının uzunluğunu ölçürük. Mən uşaqlarıma balaca vaxtından qablarındakı yeməyi sona qədər yeməyəndə deyərdim ki, bala, bax, Somalidə uşaqlar bu tikəni tapmırlar, şükr edək ki, bizim var. Zibilə atmaq günahdır. Allah verməyə də bilər. Bu yolla gözütoxluğu aşılaya bildim. Amma mühit daha çox tərbiyə verir, nəinki valideyn, nəinki gen. Zəmanədən şikayət edənlərdən heç şükr deyəni görmədim, heç...
Niyə biz mütləq maddi imkanımızın daha çox olmağını istəyirik. Evimiz var, yeməyə çörəyimiz var, az-çox bizi dolandıracaq aylıq gəlirimiz var, əsas sağlamlığımız yerindəsə məgər bu yaşam üçün kifayət deyilmi? Niyə daha da çox üçün evindən, ailəndən, doğmalardan uzaqlaşmalısan.
Elələri var, ömrü boyu qərib diyarlarda gün keçirir, heç o qurub-yaratdıqları mülklərdə doyunca oturmadan qocalır, dünyadan köçür. Axı insan ömrü o qədər qısa ki, onun keçdiyi zamanı yalnız karvan sona çatanda hiss edirsən. Odur ki, biz olanlarımızla niyə razılaşmayaq?
Hamı bahalıqdan, yaşayışdan, çətinlikdən şikayət edir. Məəttələm, kimsənin filankəslərlə müqayisədə olanlarımızdan danışan qəti görmədim. Maşallah, ərzaq mağazaları dolub-boşalır. Hələ görmədim ki, hansısa iflas edib bağlansın. Geyim dükanları, yarmarkalar, pərakəndə satışlar bir yana, onlayn satışlar belə dayanmır. Telefon dükanları dayanmadan yeni modellərlə bəhsəbəhsdədir. Texniki vasitələr – paltaryuyandan qabyuyana qədər avadanlıqlar daim müştəri seçimində. Bəs kimdir bu acından ölənlər?
Maddi sıxıntı içində olanlar bizik, yoxsa o Somalidə həqiqətən çörəyə həsrətlilər, qaçqınlar, köçkünlər... Day qaçqın da deyəndə bizimkilər kimi qaçqın statusuyla xariqələr yaradanlar yox, o boynubükük suriyalı uşaqdan, “Allaha şikayət edəcəm” deyən körpənin fəryadına baxıb niyə olanlarımızın varlığına şükr demirik?!
İnanın səmimiyyətimə, mən qətiyyən varlı adam deyiləm. Özümü mənəvi aristokrat sayıram. Özümün daxili zənginliyimlə fəxr edirəm. Yaxşı tələbə dostlarım var, Bakıdan Avropa ölkələrinə qədər yaşayanlar var, hamısının da kasıbı mənəm. Nə zinət əşyalarım, nə mülklərim, nə dollarlarım var. Əli-ayağı düz iki balam, səmimiyyətə, sevgiyə bağlı ailəm, yaxşı dostlarım, işim, yeməyə yeməyim, başımı salacağım daxmam var. Nə gözəl! Bundan o yana nə istərəm. Şükr olsun! Allah olanlarımı ailəmə çox görməsin, bəsimdir.
Bu insan xislətimi, yoxsa bizim milli öhdəliyimizmi, bilmirəm.
Bəziləri sabaha maddiyyət yığmaq üçün dəridən-qabıqdan çıxdığı halda, bəziləri də onun sərvətini hesablayır. Biri çabalayaraq bəzən nəticəyə çatana qədər, digəri ömrünü başqalarına bəxtəvər verməklə başa vurur. Həyatın təzadı budur.
Vallah, anladığım qədər digər millətlər bizim qədər sərvətpərəst deyil. Şükrlüdür. Əlbəttə, mən qızıl nimçədə yeyən xəstə təfəkkürlülərdən yox, sıravi insanlardan danışıram.
Bakıda iki qonşumuz vardı: rus və azərbaycanlı. Hər ikisi tənha yaşayırdılar. Azərbaycanlı övladı olmadığına görə ayrılmışdı, rus tarixcəsini bilmədiyim bir qoca arvad idi. Onun gəncliyini görən qocalar deyirdilər ki, bir oğlu varmış, o da deyəsən Rusiyaya gedib. Özü isə müsahib işləyirmiş. Zamanına görə əsl rus müstəqiliyini yaşayıbmış. Azərbaycanlı qadın isə məktəbdə təmizləyici işləyirdi. Az maaşı olduğundan gecələr evdə şirniyyat, peroşki bişirib məktəbin bufetinə verərdi. Bu yolla maaşıyla dolanar, əlavə gəliri ilə də evini illərdi təmir etdirirdi, mebel alırdı, qohumlara pay-puş çıxardı. Həmişə də pul çatdıra bilmirəm deyirdi. Tətil günlərini də özəl təmizlik işləri görürdü. Heç pensiya yaşına çatmadı deyəsən, 60 yaşı olmamış ürək çatışmazlığından həyatdan köçdü. Rus qadın da öldü, qocalıq xəstəsi idi, qonşular növbəylə hər gün biri baş çəkir, yemək aparardılar. Düzdür, sosial şöbədən nəzarətdə və qulluqda idilər. Bir gün nənəmlə mən də getdim. Evə girəndə sanki film kadrı idi – rus filmlərindəki kimi. Sovet vaxtının təmiri – sadə divar kağızı, rəngi getmiş pəncərə çərçivələri, linoleum döşəmə, otaqda antik dolab, ipək pərdə, dəbdə olmayan qab-qacaq...
Dəmir çarpayıda uzanmışdı, üzü qırış içində, amma gözləri parıldayırdı. Yaşamaq həvəsi vardı o gözlərdə. Rus qadın öləndə nənəm qonşulara dedi ki, vallah, belə baxıram Gülsüm də yaşadı, İra da yaşadı, hər ikisinin də sonu bir oldu, amma biri zülmlə, o biri adam kimi yaşadı.
Dünyanın bərkini-boşunu dərk etmək məcburiyyətində olmayan gənc bir qız dərindən təhlil etməsə də bugünkü yaddaşla və həyata təcrübənin pəncərəsindən baxanda görürəm ki, nənəm deyibmiş deyəcəyini. Gülsüm nənə həyatını çətinliklərlə yaşadı, daim həyatdan narazı oldu, qənaətlə yaşadı, halbuki, istəsə sıravi dolana bilərdi. Əlavə işlər işlədi. Ürəyi istəyənləri almadı, yemədi, geyinmədi, artırdığını təmirə verdi, təzə soyuducu, qaz piltəsi və s. aldı. Təzəcə şükr deyə biləcək vəziyyətə gəlirdi ki, yüklənmiş ürək dözmədi, “heç olmasa pensiya alsaydım” deyə-deyə onu da görmədi. İra nənə isə zamanında istədiyi kimi yaşayıb, geyinib, heç vaxt nə dərindən ev təmir etdirib, nə artıq bir dəsmal alıb, nə də mebel. Elə anadan qalma antik dolablardan istifadə edibmiş. 85 yaşında bir neçə gün balkona çıxmadı deyə qonşular kimsəsiz qadın kimi nəzarətə götürdülər. Nəhayət son.
İki müqayisəli həyat təzadı. Mən demirəm İra həyatı yaşayaq, amma evdə mebel varsa beş il sonra dəyişməliyəm deyib artıq xərc çəkməkdənsə il ərzində istirahətə getmək pis olmazdı. Onsuz da ömür qısadır, problemlərlə onu daha da qısa etməyək!
Elə bilirdim pandemiya insanları silkələyib ayıldacaq. Deyəsən əksinə oldu. Gəlin Allahın verdiyi ömrü ruzi, sağlıq və mehribanlıqla şükr edərək yaşayaq. Aparacağımız da İrayla Gülsümün apardığı sərvətdən fərqli olmayacaq, sadəcə insan kimi yaşamaq lazımdır.
Esmira ƏLƏKBƏRLİ