Borçalıya üç ildir gəlmişəm. Müəllim kimi Bakıdan başlayan təhsil və təcrübəmi nəinki işlədiyim məktəbin şagirdləri ilə, hətta digər qonşu məktəb şagirdləri və müəllimləri ilə də bölüşürəm...
Hazırladığım növbəti layihələrin təqdimatından sonra həmişə qayğılı görünüşü ilə yadımda qalan tarix müəllimi Güləbətin müəllim yaxınlaşıb dedi:
– Sənin savad və bacarığını çox bəyənirəm. Mən də cavanlığımda sənin kimi idim.
Yaralı yerdən toxundu deyə tez cavab verdim:
– Müəllim, bəs indi niyə hazırlamırsınız, həm də siz tarixçisiniz, nəinki kimya-biologiya müəllimi.
Adəti üzrə sakit və mülayim gülümsəyərək dedi:
– Çox tədbirlər, yığıncaqlar hazırlamışdım. Daha təqaüdçüyəm, nə həvəsim, nə də hövsələm çatar, tamaşaçıyam.
Beləcə, Güləbətin müəllim təqaüdçü-təcrübəçi müəllim kimi dərsini deyər, hər kəslə sakit, mədəni yola gedər, yola verərdi. Amma onun diqqətini daim hiss edərdim, dəstəyini əsirgəməzdi. Təsadüfən söz düşər, kimsə tələbəlikdən danışanda onun gözləri yol çəkər, amma heç nə danışmazdı. Yalnız o susardı. Diqqətindən heç nə yayınmayan biri kimi bu, mənim nəzərimdən qaçmazdı. Bir gün yeri gəldi soruşdum:
– Müəllim, siz harada tələbə olmusunuz?
– Eh, soruşma, – dedi – mənim xatirələrim əsirlikdədir.
Bu zaman zəng çalındı. Fikrim cavabda qalsa da dərsə getdim. Həmişəki kimi dərsimi keçmək istəsəm də cavab fikrimi yayındırmışdı. Mən sinifdən çıxıb “Müəllimlər otağına” düşəndə artıq Güləbətin müəllim getmişdi. Həftə sonu olduğundan bazar ertəsinə qədər bu sualın girdabında dolaşdım: əsirlikdə olan xatirələr nə demək idi?!.
Böyük ehtimalla şəxsi həyatına aiddir deyə düşünsəm də “əsir” kəliməsi gündəmin faciəsi olduğundan beynimdən çıxmırdı...
Nəhayət, bazar ertəsi görüşdük. Salamdan sonra “sizlə danışmaq istəyirəm” deyəndə gülümsədi. “Bildim ki, səni düşündürdü” dedi.
Biz dərsdən sonra kirimişcə məktəbimizin yaşından böyük tut ağacının neçə on illərə şahid kölgəsindəki skamyada oturduq. Mən danışdırdım, Güləbətin müəllim danışdı. Kövrək xatirələr, titrək səs, yol çəkən baxışlar... o danışdı, mən dinlədim. Sonda hər ikimiz susduq. Sükutu özü pozdu:
– İndi bildinmi niyə hamı tələbəlikdən, institutdan danışanda mən susuram, çünki mənim xatirələrim də ya şəhiddir, ya əsir.
Gözlərim dolmuşdu, bircə kəlimə dedim: “Film kimi...”
İndi bu filmdən danışım.
Gürcüstanda ilk türk (tatar) dilli məktəb 1847-ci ildə yaradılıb yazırlar. 1875-ci ildə çarın tapşırığı ilə böyük, mərkəzləşmiş kəndlərdə icma məktəbləri təşkil olunur. Borçalı qəzasında, Sarvan kəndi yaxınlığında Qızılhacılı məktəbi yaradılır və Nəriman Nərimanov 1890-cı ildə Qızılhacılı məktəbində rus dili müəllimi işləyir. Şura hökumətindən sonra bütün məktəblər üçün kadrlar əvvəllər Borçalı Türk Pedaqoji Texnikumu (1934), Qazax Müəllimlər İnstitutu, Tiflis Pedaqoji İnstitutu, eyni zamanda Gəncə və Bakı institut və universitetinin məzunları 235 azərbaycandilli məktəblərdə işləyirdilər. Bu 2016-ci ilə qədər davam etdi. Azərbaycan Respublikası, “SOCAR”-ın dəstəyi ilə “1+4” proqramının təşkilindən sonra artıq gənclərimiz Tbilisi universitetlərinin məzunu kimi məktəblərdə işlə təmin olunurlar.
1890-dan bu günə qədər neçə min müəllim, demək olar ki, yuxarıda adını çəkdiyim ali təhsil ocaqlarının məzunlarıdırlar. Bütün Gürcüstan üzrə yeganə bir məzun da var, bəlkə mənim kimi heç kimin ağlına gəlməz ki, Marneuli rayonunda, Qaçağan 2 saylı məktəbin tarix müəllimi Güləbətin müəllim Xankəndi Pedaqoji İnstitutunun məzunudur. Bəli, Xankəndi.
Etiraf edim ki, oxuduğum kitablardan, baxdığım filmlərdən, uşaqlığımı yaşadığım sovetlər ölkəsi və onun qayğısız, bəxtəvər tələbə həyatı tələbə olmaq arzumu formalaşdırmışdı. Güləbətin müəllimi dinləyəndə isə, bax, o əsərlərdən oxuduğum həyatı canlı dinləyirdim, ona görə “film kimi” dedim.
İndi filmi yazım.
1980-ci il, Borçalı, Qaçağan kəndi... Hər dövrün öz dəbdəbəsi, eyni zamanda, hər elin də öz yazılmamış qanunları vardı. 70, 80-ci illər bu eldə sanki bir oxumaq dəbi yaşanmışdır. Hər il məzun olan şagirdlərin, demək olar ki, 80-90 faizi müxtəlif texnikum və institutlara gedərdilər. Nəinki oxumayanlara, hətta övladını oxutmayan ailələrə belə camaat qəribə baxırdı – geridə qalmışlıq əlaməti kimi. Odur ki, hamı çalışırdı, S.Vurğun demiş, “Baxıram Leninin əsərlərinə cərgədən geridə qalmamaq üçün”.
Güləbətin də qonşularına baba yurduna yayda qonaq gələn gənc tələbə qız İradə ilə dostlaşmışdı. Güləbətin üçün Qarabağ, Stepanakert adı çox uzaq görünsə də İradənin danışdığı tələbə dünyası ona çox yaxın görünürdü. Qarşısına məqsəd qoydu: mən də İradə oxuduğu institutda oxuyacam. Hamı Bakıya, Gəncəyə gedir, mən dağlar qoynuna gedəcəm. Evdə əvvəl zarafat qəbul etdilərsə də, sonra ciddiyəti anladılar. Valideynləri narazılıq etsələr də İradənin valideynləri, – Özümüz də oradayıq, qonşu deyilikmi, gözümüz üstə olacaq, – dedilər.
Beləliklə, gənc Güləbətin 1969-cu ildə Bakıdakı Pedaqoji İnstitutun filialı kimi yaradılıb, 1973-cü ildən müstəqil fəaliyyət göstərən Stepanakert Beynəlmiləl Pedaqoji İnstitutunun Tarix və ictimaiyyət fakültəsinə qəbul olundu. Əsl tələbə həyatı yaşadı Güləbətin müəllim, çünki Bakıda, Gəncədə kənddən tələbələr çox idi. Bəzən bir fakültədə 2-3 nəfər oxuyurdular. Kənddə 3 məktəb vardı, 3-4 paralel sinif vardı və üstəgəl, oxumaq dəbi, amma Xankəndidə nəinki tələbə, heç gürcüstanlılar yox idi. Yalnız İradənin anası vardı, hansı ki, təyinatla gedib işləmiş və orada da ailə qurmuşdu. Bütün tələbələr Aşağı və Yuxarı Qarabağın rayon və kəndlərinin gəncləri idilər.
İnstitutda erməni, rus, Azərbaycan bölmələri fəaliyyət göstərirdi. Hər üç sektor bir-biri ilə rəqabətdə idi. Bu da daim məsuliyyət və nailiyyətə gətirib çıxarırdı.
Qarabağlılar içərisində Güləbətin yeganə gürcüstanlı idi. Bu da bütün institutda diqqət çəkirdi. Hamını maraqlandırırdı – uzaq Gürcüstandan Qarabağa gələn bir tələbə kimi. İnternetsiz bir zamanda buralar qarabağlılar üçün, əlbəttə, yad, kənar bir ərazi idi, hətta bəziləri gürcü kimi başa düşürdülər. Müəllimlər isə xüsusi hörmətlə rəftar edər, bu çalışqan, tərbiyəli tələbəyə zarafatla Çariça Tamara deyərdilər. Bütün institut, bütün fakültələr bu qızı tanıyır, xüsusi hörmət edirdilər. Gürcüstanda Azərbaycan tarixi kursu keçilməmişdir deyə Güləbətin özü az vaxt ərzində bütün Azərbaycan tarixi kursunu özəl oxudu və tələbə yoldaşları ilə eyni səviyyəyə çatdı. Bu çalışqanlığı da müəllimlərin gözündə bu qərib tələbəni daha da ucaltdı.
Güləbətinin ən şirin xatirələri tələbə yoldaşları ilə, institutla səyahətləri idi. Şuşaya, Cıdır Düzünə, Xuraman qayasına, İsa bulağına, Daşaltı adlanan gözəl mənzərəli kəndə gəzintiyə getdilər. Arxeologiyadan Azıx mağarasında şəkillər xatirələri bir daha yaşadırdı.
“Oqonyok” adlandırılan tədbirlər hazırlanardı hər bayramda, əyləncə ilə bərabər müsabiqələr olardı. Güləbətin bütün yarışlarda iştirak edərdi. O dövrün qaydaları ilə paradlar, üzüm yığımları, pambıq yığımları isə bir başqa idi... Bir sözlə, tələbə adına Sovet dövründə müsbət nə vardısa Güləbətin onu yaşadı.
Qrupda 25 tələbə vardı, yaxın rayonlardan olan qızlar hər ailələrinə gedib-qayıdanda mütləq qərib tələbəyə xüsusi boxça gətirərdilər. Güləbətin də borclu qalmazdı. Qarabağın qarlı, çovgunlu yollarıyla qışı gəlməsə də, yayı kəndə gəlir və Tbilisiyə gedər, tələbə dostlarına maraqlı, orada olmayan, istədikləri hədiyyələri alardı. Sevinc Kərimova adlı qızla Xankəndidə kirayədə yaşayırdı. Hətta bir dəfə Ağdama onlara qonaq da getmişdir...
Son kursu təcrübə dərsləriylə başa vurdu. Şuşada Ü.Hacıbəyov adına 4 saylı məktəbdə, 5 saylı internat məktəbdə və Xocalı kənd məktəbində təcrübə dərsləri keçdi...
Nəhayət, beş illik Qarabağ həyatı bir ömür unutmayacağı ömrünün ən qayğısız, gözəl, əvəzolunmaz xatirələriylə başa çatdı. Kəndinə döndü. Müəllim işlədi. Ailə qurdu. Hələ o xatirələrin istisi soyumamışdır. Şirin-şirin, kövrək-kövrək danışardı həyat yoldaşı Arifə. O da ali təhsilli mühəndis idi, dinləyər, anlayar, gülümsəyərək deyərdi:
– Biz hesab edirdik, sən dağda oxuyursan, biz şəhərdə. Sən əsl tələbə olubsan ki. Qoy bir az uşaqlar böyüsün gedərik Qarabağa. Sən xatirələrinə qovuşarsan, mən də Vaqifin, Üzeyirin vətənini görərəm...
Güləbətin Qarabağda o qədər qayğı, hörmət görmüşdür ki, Qarabağa – məzun kimi qayıtdığı, ömrünün gənclik karvanının keçdiyi o müqəddəs məkana ailəsi, iki oğlu ilə gedəcəyi, tələbə yoldaşları ilə görüşəcəyi günü həsrətlə gözləyirdi. Müəllimlərini ziyarət edəcək, sizə minnətdaram, öyrətdiklərinizi kəndimin uşaqlarına aşılayıram, Azərbaycan tarixini sizdən öyrəndim deyəcəkdi. Beş il evində kirayədə yaşadığı ailəyə nələr aparacaqdı – Borçalı nemətləri, hə, bir də, Tiflisə gedib onların xoşladığı suvenirləri alar... Özü də öz maşınımızla gedəcəyik. Eh, bircə uşaqlar bir az tez böyüyərdi. Bir-iki il də keçsəydi...
Beləcə günləri sayarkən dünya yaman çalxalandı, qaranlıq buludlar toqquşdu, çaxan ildırım Güləbətinin həvəslə gözlədiyi, maraqla danışdığı xatirələrinin məskəninə düşdü... Qarabağ münaqişəsi... Birinci Qarabağ müharibəsinə aparan yol...
Məlum siyası münaqişə-müharibəni millət kimi hamı izləyirdi. Bu izləyənlər içində Güləbətin tamam fərqli idi. O, həyacanı, sarsıntını qarabağlılar kimi yaşayırdı. Beş il doğmalaşdığı, havasını udub, suyunu içdiyi, çörəyini yediyi ikinci Vətəninin ağrısıyla yaşayırdı. Ən dəhşətlisi isə beş il kirayədə yaşadığı, doğması kimi alışdığı evin sakinləri ilə birlikdə partladılması oldu... Təsadüfən xəbərlərdə gördüyü bu mənzərə həyatının ilk acı xəbəri idi. Artıq televizorda müharibə xəbərlərinə baxa bilmirdi, çünki hər baxanda bir tanış sifət görürdü.
Sonra xatirələr şəhəri işğal olundu. Bununla da Güləbətinin Qarabağ xatirələri dondu. Ağızdolusu danışdığı, qürurlandığı, bir gün mütləq gedəcəyi o gözəl diyar işğal olunmuşdur. Beləcə xatirələr də həmin gündən əsir oldu, Qarabağ kimi...
Bax belə. Güləbətin müəllimin xatirələri 30 illik əsirlikdən DƏMİR YUMRUQLA azad olundu.
Mən sizi təbrik edirəm, Güləbətin müəllim! Oğlanlarınızla getmək istədiyiniz Qarabağa indi nəvələrinizlə gedərsiniz.
İnşallah, əminəm ki, sizin məzun olduğunuz Xankəndi institutu yaxınlarda QARABAĞ UNUVERSİTETİ olacaq!
Müəllif: Esmira Ələkbərli