Bizim Tapdıq Yolçu ilə tanışlığımızın tarixi çox qədimlərə – ömrümüzün gənclik illərinə təsadüf edir. İlk tanışlığımızın necə baş verməsini isə, nə gizlədim, xatırlaya bilmirəm. Qonşu kəndlərdə yaşasaq da yolumuzun harada kəsişdiyini burada deyə bilməyəcəm.

 

Biz indi adını rəhmətlə andığımız Tapdıq Yolçuyla Bakıda da görüşmüşük, Tiflisdə də, hələ Ərzurumda da. Belə görüşlərimizdən birini incəliyinə qədər xatırlayıram. Bakıda baş tutan həmin görüşün iştirakçıları haqqında mən bu gün keçmiş zamanda söhbət açdığım üçün üzülürəm. Bu gün həmin görüşdə iştirak edən nə Eyvaz Əlləzoğlu, nə Akif Səməd, nə də Tapdıq Yolçu sıramızda deyil. Onda bəlkə də heç birimiz ölüm-itimin nə olduğunu bilmirdik. Hələ ömrümüzün bu dünyanın ölümlü olduğunu yaxınımıza buraxmayacaq gəncliyini yaşayırdıq.

 

Hələ ötən əsrin 90-cı illərində Qardabanda hər gün olmasa da, hər həftə bir neçə dəfə görüşdüyümüz, ədəbi camiyyədə baş verənləri uzun-uzadı çək-çevir elədiyimiz, tez-tez dəyişən siyasi hadisələri təhlil etməyə çalışdığımız da yadımdadır. Siyasi kataklizmlərin bir-birini əvəz etdiyi həmin günlərdə sovet hakimiyyətinin Tiflisdə, Bakıda dinc əhalinin qanını tökməsi bizim görüşlərimizin sayını daha da artırmışdı.

 

20 Yanvar faciəsi  günlərində Qardabanda düzənlənən, minlərlə insanın iştirak etdiyi mitinqdə qəbul edilən bəyanatı rəhmətlik Tapdığın oxumasını çoxları xatırlayır. O günlərin qəhrəmanlarından biri də olub-keçənləri lentə alan, soyadını unutduğum rəhmətlik kameraman Aydın idi.

 

Həmin günlərdə tarix xalqın ayağa qalxdığına, sovet hakimiyyətinə ölüm hökmü çıxardığına, onun tabutuna son mismarları vurduğuna şahidlik edirdi.

 

2009-cu ildə biz – Tapdıq Yolçu, Aşıq Ziyəddin Keşəli, İlyas Məmmədli və mən Ərzurum yolçuluğuna çıxdıq. Ərzurum türk xalqlarının beynəlxalq şöləninə ev sahibliyi edirdi. Tapdıq Ərzurumda da eyni həvəs, eyni şövqlə tədbir iştirakçılarıyla fikir mübadiləsi aparır, durub dincəlmədən tədbirdən tədbirə qoşurdu.

 

Tapdıq Yolçunun bir evdən, bir ocaqdan başlayan yolçuluğu çoxmu çəkdi, azmı? Böyük zamanın içərisində yaşanan insan ömrü dəryada damla misalı deyilmi? Tapdıq bir insan ömrünə nələri sığdırmadı? Hər şeydən qabaq Tapdıq sözümüzün keşiyində durdu. Qələmiylə müsəlləh əsgər misalı sözümüzü qorudu. İstər şeirləriylə, istər publisistik yazılarıyla, istər də şifahi çıxışlarıyla.

 

Söhbət sözdən, milli kimlikdən düşəndə Tapdıq Yolçunun məsələyə öz baxış bucağından diqqət yetirməsini,  heç kimə bənzəməyən, özünəməxsus münasibətinin olmasını heç kim dana bilməz. Onun siyasi publisistikası, siyasi hadisələri süzgəcdən keçirmə bacarığı dediklərimin təsdiqi üçün yetərlidir. Dilimizə xırda bir müdaxiləyə belə kəskin münasibət bildirməsini, gürcü dilindən tərcümə edilmiş dərsliklərdəki qüsurları yana-yana vurğulamasını kim unuda bilər?

 

Hələ “Samqori” rayon qəzetində işləyərkən, Tapdıq Yolçunun hər sözün üstündə əsdiyini bilirdim. “Varlıq” qəzetində birgə çalışdığımız dövrdə mən bunun bir daha şahidi oldum. “Varlıq”ın hər sayının işıq üzü görməsi onu uşaq kimi sevindirirdi. Fərəhindən yerə-göyə sığmırdı. Onun bir sözün yazılışını dəqiqləşdirmək üçün müxtəlif lüğətlərə baxdığına, həmin qaynaqlardan razı qalmayanda dostlarla məsləhətləşdiyinə, zəng edərək, məsələni kökündən həll etməyə çalışdğına dəfələrlə canlı şahidlik etmişəm.

 

Tapdıq Yolçu şair kimi də, insan kimi də səmimi idi.

 

Tapdıq Yolçu yumoru, zarafatı sevən idi. Onun canlı, içdən gələn lətifələr danışmasını indi dostlar, onunla munis olanlar necə xatırlamaya bilər?

 

Tapdıq Yolçunun rəqs etməsinə əlavə iki göz də gərək idi ki, tamaşa edəydi. O qədər yüngül, o qədər plastik, o qədər baxımlı rəqs edərdi ki, görən bir də görüm deyirdi.

 

Tapdıq Yolçu mərd idi, dostcanlı idi. Bunu deməsəm olmaz.

 

Tapdıq Yolçu kitab vurğunu idi. O dərəcədə kitab adamı idi ki, son statuslarının birində məzarı üstünə kitablar qoyulmasını təmənna edirdi. Ölümü bu cür mərdanə qarşılamaq hər adamın işi deyil. Bunu da altını cızaraq deyirəm.

 

Tapdıq Yolçu təkrarsız adam idi. Hər hərəkəti yalnız özünə xas idi. Tapdıq Yolçu standartlara sığmayan nadir insanlardan idi. Bəzən hərəkətlərinin ölçü-biçi tanımaması, heç bir ölçüyə gəlməməsi də bununla bağlı idi. Həyatını, yaradıcılığını adət-ənənələrin, yazılmamış qanunların çərçivələrini qırıb tökərək sürməsi də bundan irəli gəlirdi. Mühafizəkarlar arasında yeniliklərə qapı açan, zamanla ayaqlaşan biri olmaq heç kimə asan gəlməsin. Kimlərsə vaxtın azlığından, öyrənmək üçün artıq gec olduğunu söyləyib “qırxında öyrənən...” fəlsəfəsindən yapışanda Tapdıq Yolçu gürcü dilini öyrəndi, mühasibat kursunu bitirərək, öz işlərini özü yoluna qoymağı bacardı. Tapdıq Yolçu bütün bu əngəlləri aşa bilən nadir şəxsiyyət idi.

 

...Dünyanın işığını, nurunu artıraraq, dostların qəlbində özünə taxt quraraq, bu dünyadan bir Tapdıq Yolçu keçdi...

 

Afiq MUXTAROĞLU