Deyirəm, gör nə qədər tərifi sevən insan var. Bunlara tərif az qala oksigen qədər vacibdir. Ətrafındakı hamıdan tərif, alqış gözləyirlər. Hamı öz işində uğur qazanmaq istəyir, mən bununla razı, amma elə insanlar var ki, etdikləri işlərdə tərif gözləyirlər, yaxşılıq edib minnət qoyanlar kimi. Tərifə o qədər alışıblar ki, o olmasa işə başlamağa həvəsləri belə olmur. Gərək kimsə yanlarında yelləncək yelləyərək uşaqları əyləndirən kimi onları da tərifləyib həvəsləndirsin. Bu insanlar tərifi sevdikləri kimi, tərifləyəni də sevirlər. Vay ola, kimsə kimisə tərifləyə, day o saat olur göz bəbəyi. Az qalır deyə sən ölmə, mən ölüm. Sənə gələn xata-bala mənə gəlsin. Olurlar can-ciyər.

 

Bir də var tənqid. Bax onda vay sənin qara gününə ki, kiməsə gözün üstündə qaşın var deyəsən, tənqid eləyəsən. Ondan sonra olursan qarğış yiyəsi. Kirpi kimi yumrulanıb tikanlarını dirəyirlər üstünə. Bir də baxırsan elə vəziyyət yaradıblar ki, haqlı ikən olubsan haqsız. Başlayırlar banan qabığı kimi ayağının altında qalıb səni sürüşdürüb yıxmağa. Sən ayağa qalxıb özünü toparlayandan sonra baxırsan  ki yoxdurlar, tənqiddən qaçıblar. Görəsən hara qaçırlar? Bir də ki, niyə qaçırlar?

 

Bildiyimə görə, tənqid heç kimin mənliyini alçaltmır, əksinə onun mənfi cəhətlərini görərək, düzəldərək öz mənliyini yüksəltməsinə təkan verir. Amma iş orasındadır ki, insanlar mənfi cəhətlərinin üzə çıxmasını istəmirlər. Onlar öyrəniblər şənlərinə alqışlar eşitməyə, şeirlər yazılmasına. On ikinci əsrdə şahlara bu qədər mədhiyyə yazılmırdı, nəinki indi. Bir azdan bir iş gördükdən sonra deyəcəklər şərəfimə heykəl qoyulsun, küçələrə, prospektlərə adım verilsin. Dönüb işə baxanda isə görürsən ki, özündən başqa heç kimə faydası yoxdur.

 

Bütün sözümüzü tərifi sevənlərə  deməyək, bir az da tərifləyənə ilişək. Görəsən bu kimisə tərifləyən şəxslər hansı mənafeyi güdürlər. Bir adamı nə qədər tərifləmək olar? Amma deyəsən cib pulla dolu olanda olur. Bir bənd tərifə bir sandıq qızıl qaydası işləyir yəqin. İşin içində pul olmasa ikinci ən məşhur səbəb olan vəzifə gəlir insanın ağlına. Yəqin vəzifə üçün bu qədər tərifləyirlər. Axı yüksək vəzifəyə gedən yol yaltaqlıqdan keçir, daha ali savad, diplom yalan olub. Bir də, deyəsən, təriflənmək üçün gərək yaşlı olasan, minimum on il sovet dövründə yaşamış olasan. Əgər 1991-ci ildən bu yana, əsasən də 2000-ci illərdə dünyaya gəlibsənsə, varlı, vəzifə sahibi deyilsənsə sən tərifə layiq deyilsən. Gənc ola bilərsən, amma təriflənə bilməzsən. Əslində beləsi daha yaxşıdır. Birdən biz də yaşlandıqca tərifpərəst olarıq. Elə isə bəri başdan tənqidə öyrənmək yaxşıdır. “Antikvar” şəxslər onsuz da o tərifləri özləri ilə aparacaqlar. Bizsə tənqidi ayna kimi əlimizdə tutaraq səhv cəhətlərimiz olan üzümüzü də görə bilək.

Çiyalə Osmanova