Gəlin əvvəlcə son zamanlarda tez-tez eşitdiyimiz “inteqrasiya” termininin etimologiyasına nəzər salaq. İnteqrasiya termini latınca “integer” sözündən gəlir və “bütövləşmə” deməkdir. Sosiologiyada bu termin yayğın olub, cəmiyyətlərin bir-birinə uyğunlaşması mənasını verir. Bəs cəmiyyətlər bir-birinə necə uyğunlaşa bilər? Assimilyasiya və inteqrasiyanın fərqi nədir? Miqrantların və ya etnik azlığın hakim cəmiyyətə uyğunlaşma prosesi necə baş verməlidir? Gəlin bu suallara aydınlıq gətirək.

 

Müasir dünya düzənində bir dövlətdə hakim cəmiyyətdən başqa mövcud olan cəmiyyətlər və ya millətlər dövlətlərin tamhüquqlu hissəsi kimi qəbul olunur. Bəs bu zaman inteqrasiya nəyə lazım olur? İnteqrasiya elə bu cəmiyyətlərin hüquqlarının qorunması deməkdir. Əgər bu cəmiyyətləri hakim cəmiyyətin bir hissəsi olaraq görmək istəyiriksə, gərək bu cəmiyyətlər arasında olan mədəni, irsi, dini fərqlilikləri qoruya bilək. Əks halda bu proses inteqrasiya deyil, tədricən assimilyasiya xarakterli olacaqdır.

 

İnteqrasiya gündəm məsələlərində, siyasi məsələlərdə, ticari, elmi, sosial fəaliyyətlərdə kiçik cəmiyyətin böyük cəmiyyətlə bərabər fəaliyyətini və bərabər hüququnu nəzərdə tutur. Bu, prosesin zahiri hissəsidir. Əsas olan prosesin batinini əldə tuta bilməkdir. İctimai məsələlərə başımız qarışarkən mədəni varlığımızın süqutunu görməzdən gəlsək biz inteqrasiya deyil, assimilyasiya olacağıq. Assimilyasiya və inteqrasiyanın əsas fərqi də məhz elə mədəni faktorlardır.

 

Bu gün Borçalı cəmiyyəti gürcü cəmiyyəti ilə bərabər hüquqlu, dost, qardaş olmaqla yanaşı öz milli kimliyini qorumalıdır ki, gerçək inteqrasiya yaransın. Dövlətin gözəlliyi onun çoxrəngliliyidir. Gürcüstandakı cəmiyyətlərin assimilyasiyasından daha çox milli kimliyini qoruyaraq gürcü cəmiyyəti ilə qaynayıb-qarışması dövlətimiz üçün daha cəlbedici və faydalıdır. Dövlət dilini öyrənmək cəmiyyətimizin ən böyük problemlərindəndir. Biz dövlətin dilini öyrənməliyik, dövlət isə bizim dilimizi qorumalıdır. Biz dövlətin dilini öyrənəcəyik deyə öz dilimizi itirsək, bu, həm bizim üçün, həm də dövlət üçün fəlakət olacaq. Qafqaz çoxmillətliliyi ilə gözəldir. Siyasi məsələlərdə gürcü cəmiyyətindən geridə qalmayaraq, ticari, elmi sahələrdə hakim cəmiyyətlə qaynayıb-qarışaraq və dilimizi, dinimizi, milli kimliyimizi qoruyaraq inteqrasiya yolunda addımlamalıyıq.

 

Bu gün təəssüfverici haldır ki, azərbaycandilli məktəblərin bir hissəsi bağlanıb, bir hissəsi isə bu təhlükə ilə üz-üzədir. Bu necə inteqrasiyadır? İnteqrasiya belə olmur axı. Bu, assimilyasiyanın başlanğıcıdır. Borçalı cəmiyyəti tamamilə orta təhsili öz dilində almadığı müddətcə inteqrasiyadan söhbət gedə bilməz. Borçalı cəmiyyəti hər elində, hər rayonunda məscid görmədiyi, azan səsi eşidə bilmədiyi müddətcə inteqrasiyadan söhbət gedə bilməz. Borçalı cəmiyyəti Dmanisin Armudlu yaylağında elat bayramını əvvəlki təmtəraqla qeyd edə bilmədiyi, milli soyadını qaytara bilmədiyi, yolsuzluq, susuzluq, məktəbsizlik problemləri yaşadığı müddətcə inteqrasiyadan söhbət gedə bilməz.

 

Cəmiyyətlərimiz arasında inteqrasiya şübhəsiz ki, mütləqdir, amma hər iki tərəf əmək sərf etməlidir. Tək dövlət dilini öyrənməklə inteqrasiya olmayacaq. Dünyəvi işlərdə gürcü cəmiyyəti ilə ayaqlaşmağı, mənəvi işlərdə isə öz varlığımızı və fərqimizi qorumalıyıq. Assimilyasiya bir millət üçün işğaldan, soyqırımdan, təbii fəlakətdən daha ağır bir müsibətdir. İnteqrasiya adı altında tarixdə kimliyini itirən bir çox milləti nümunə götürmək olar. Məsələn, anqlo-sakslar İngiltərəyə yerləşdikdə yerli ingiltərəlilər onlarla qaynayıb-qarışdıqca kimliyini itirdi, yerli misirlilər ərəblər gəldikdə kimliyini itirdi. Türkiyədəki gürcülər kimliyini itirdi. Əgər biz dilimizi bir yana atıb qarşımıza ancaq gürcü cəmiyyətinə uyğunlaşmağı məqsəd qoysaq eyni aqibəti yaşayacağıq. Ortaq yol, ortaq məxrəc hər zaman mövcuddur. Həm ana dilini qoruyub, həm dövlət dilini öyrənmək imkansız deyildir. Ana dilimdə mediam yoxdursa, ana dilimdə mətbuatım yoxdursa, ana dilimdə təhsilim yoxdursa demokratiyadan bəhs olunmamalıdır.

 

Əziz borçalılar, gəlin assimilyasiyadan özümüzü qoruyaq, Güney Azərbaycan türklərinin yaşadığı müsibətləri biz də yaşamayaq. Azərbaycan dövlətinin bölgələrimizdə açdığı inteqrasiya mərkəzlərində milli sahələr və ana dili üzrə olan dərslərə övladlarımızı cəlb edək, bununla yanaşı uşaqları orta məktəbdə ana dilində təhsildən məhrum etməyək.

 

Cəlal YADİGARLI