İslam dini insanın özündə var olan duyğuları Allah-taalanın təyin etdiyi qanunlarla yaxşıya istiqamətləndirməyi hədəf alır. İnsan pis və çirkin olan söz və hərəkətlərdən çəkinməlidir. Pislikləri tərk edib, yaxşılıqlara sarılmalıdır. Bunun üçün ən əhəmiyyətli qanunların başında vicdan, namus və utanma duyğusunu içində saxlayan həya gəlir.

 

Həya adamın məhrəmiyyət sərhədlərini bilməsini təmin edən və onu xeyirə yönəldən fitri bir duyğudur. Həya duyğusu inanan könülləri sevgi, hörmət və etibarla doldurar; həddi aşmağa qoymaz və dinc bir cəmiyyət meydana gətirər. Həzrət Peyğəmbər (s.ə.s.) belə buyurur: “Həmişə insanların peyğəmbərlərdən öyrəndiyi bir söz vardır: utanmırsansa dilədiyini et!” (Buxari, Ədəb, 78).

 

Eşidən, görən və hər şeydən xəbərdar olan Allaha inanan hər müsəlman bilir ki, yanında heç kim olmasa da insan tək deyil, hər an Rəbbinin hüzurundadır. Bu “hüzurda olmaq” şüuru insanda özünü ələ almaq sisteminin inkişafına köməkçi olur. Cənabı Haqq qatında kişi və ya qadın, bütün möminlər haramdan uzaq durmaqla və iffətli olmaqla məsuldur. Bu can, mal və bədənin əmanət verildiyini və hesaba çəkiləcəyimizi unutmayaq.

 

Ancaq nə yazıq ki, bu gün işlənən günahlar, edilən həyasızlıqlar baş alıb getməkdədir. Müasirlik adı altında kim nə istəyirsə onu da edir. Ancaq anlamaq istəmirik ki, müasirlik soyunmaqla, bədənini ona-buna göstərməklə, harada nə gəldi etməklə olmur. Müasirlik elmlə, ədəblə, əxlaqla olur. Gözəl tərbiyəli övlad yetişdirməklə, yeni ixtiralara imza atmaqla müasirləşmək lazımdır.

 

Səhv etmirəmsə həzrət Əlidən (r.ə.) nəql olunan bir söz var, buyurur ki: “Övladlarınızı zəmanəyə uyğun olaraq yetişdirin”. Burada övladınızın əlinə kompüter, telefon verərək başını buraxın düşüncəsi yer almır. Zəmanəyə uyğun deyildikdə həmin dövrdəki inkişafa uyğun düşüncəsi yer alır. Əlbəttə, övladlarınızı telefondan, kompüterdən anlayan, istifadə edən bir fərd olaraq yetişdirin, biz buna qarşı deyilik. Ancaq kontrollu bir şəkildə edin ki, hara gəldi girib, kimlə gəldi danışıb sabah üzünüzə ağ olmasın, el içində sizin başınızı aşağı etməsin...

 

İnsan hər zaman etdiyi işləri, danışdığı sözləri öçlərək, düşünərək etməli və söyləməlidir ki, sabah onu utandırmasın.

 

Həzrət Peyğəmbərin “Arsızlıq harada və kimdə olursa olsun çirkinləşdirər; həya isə harada və kimdə olursa olsun zərifləşdirər” (Tirmizi, Birr, 47) hədisi insanın iç aləmini necə də gözəl ifadə edir. Demək ki, həya olmayan insandan hər cür pislik gözləmək mümkündür. Bu gün istər gənclərimiz, istərsə də orta yaşın nümayəndələri internetdə gördüklərini etməyi özlərinə böyük qürur bilirlər. Ancaq düşünmürlər ki, bəs bizim milli mentalitetlərimiz var, dini sərhədlərimiz var, ar-namus deyə bir şey var.

 

Görəsən biz bu duyğuları nə zaman yadırğadıq, öz əslimizi nə zaman və niyə unutduq, bunun günahkarı kimdir? Bəlkə də elə bizlər özümüzük günahkar ki, övladlarımızı düzgün şəkildə tərbiyə edə bilmirik. Bəlkə də onlara hər istədiklərini verdiyimiz üçün son bu cür nəticələrə gətirib çıxarır.

 

Gəlin papağımızı qabağımıza qoyub bir də düşünək. Düşünək görək bu yolla hara gedirik, niyyətində olduğumuz mənzilə bu halla gedib çata bilərikmi? Bir düşünək görək dahi Yunus Əmrə 

“Gəzdim hələb ilə Şamı,

Eylədim elmi tələb.

Məgər elm bir heç imiş

İlla ədəb, illa ədəb” –  sözlərini boşunamı deyib?

 

Hacı BƏKİROĞLU