Bir gün Rəsulullah (s.ə.s.) “Hər müsəlman sədəqə verməlidir” buyurur. Səhabə “Sədəqə verəcək bir şey tapa bilməyən nə etməlidir?” deyə soruşur. Əfəndimiz “İşləyər, qazanar və sədəqəsini verər” deyir. Bu dəfə iş imkanı tapa bilməyənin nə etməsi lazım olduğu soruşulur. Allah Elçisi “Möhtac və məzluma kömək edər” cavabını verir. Nəhayət buna da imkanı olmayanın vəziyyəti soruşulduğunda Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “Belələri yaxşılıq etsin, özünü pislikdən qorusun. Çünki bu da onun üçün bir sədəqədir” (Buxari, Zəkat, 30).

 

Allah Rəsulu (s.ə.s.) bu sözləriylə səmimiyyətlə, könüldən qopub gələn və könülləri fəth edən hər gözəl işin yaxşılıq, hər yaxşılığın da sədəqə olduğunu xəbər vermişdir bizlərə.

 

Artıq bir aydan çoxdur ki, mənəvi yenilənmə zamanı olan, üç aylar olaraq da ifadə edilən Rəcəb, Şaban  və Ramazan aylarını yaşayırıq. Hətta Rəcəb ayını arxada buraxaraq Şaban ayına qədəm basmışıq. Bu aylar həmçinin yaxşı əməllər işləmək, bol ibadət etmək üçün bizlərə verilən bir fürsətdir. Bu aylarda əxlaqımızı gözəlləşdirməyə çalışmaqla, bir yandan da özümüzə bir alışqanlıq halına gətiririk bu yaxşılıq xüsusiyyətlərini. Bəs nədir bu yaxşılıq?

 

Yaxşılıq, bəzən yolunu çaşana yol göstərmək, yoldakı zərərli şeyləri aradan qaldırmaqdır. Bəzən yaxşılıq qardaşımızın üzünə təbəssümlə baxmaq, incikləri barışdırmaqdır. Bəzən isə yaxşılıq qardaşlarımız üçün Rəbbimizə ifadə etdiyimiz ən səmimi yalvarışlarda olmaqdır. Bizlərə düşən yaxşılığın hər növünə talib olmaq və edəcəyimiz yaxşılıqlar vasitəsiylə sədəqələrimizi artırmaqdır. Əslində bunlar hər bir müsəlmanda olması lazım olan xüsusiyyətlərdir. Çünki İslam gözəl əxlaq dinidir. Çünki müsəlmanın öndəri, rəhbəri olan Həzrət Məhəmməd (s.ə.s) bu xüsusiyyətlərə sahib olan bir şəxsiyyət idi. Əgər bizlər də onun yolu ilə getmək, onun izində yerimək istəyiriksə onun kimi biri olmağa çalışmalıyıq.

 

Qurani-Kərimdə “Kim zərrə qədər yaxşı bir iş görmüşsə onu (əvəzini) görəcək. Kim də zərrə qədər pis bir iş görmüşsə onu (əvəzini) görəcəkdir.” (Zəlzələ, 99/7-8) deyə buyrulur. Bunun üçün də hər kəs axirət həyatında bu dünyada nə iş görsə onun qarşılığını alacaq. Allahın rəhmətini və mərhəmətini qazanmaq və Cənnətə girmək istəyənlər də gözəl əxlaqı və yaxşılığı özlərinə bir düstur götürməli və nə ilə qarşılaşmaqlarına baxmayaraq bu yolda yeriməlidirlər.

 

Müsəlman bu aylarda yaxşılıq toxumlarını əkməyə və yuxarıda da vurğuladığımız kimi, bu xüsusiyyəti özünə adət etməlidir. Çünki Hz. MövlanaPislik bir toxumdur eynilə yaxşılıq kimi” deyir. Böyük və ya kiçik fərqi güdmədən əkilən hər bir toxum özündə insanları, cəmiyyətləri və dünyanı dəyişdirəcək qədər güclü nüvələr daşıyır. Yaxşılıqların yaşıllaşmasını istəyiriksə daha nüvə halındaykən pisliklərin qarşısını almaq lazımdır. Edilən pisliyi gizləməyi, örtməyi bu səbəblə Rəbbimiz məsləhət edir. Hikmət əhli bu gerçəyə diqqət çəkmək üçün çox zaman bədəvinin hekayəsinə müraciət edir: Belə ki, səhrada dəvəsiylə yol gedən bədəvi susamış bir qəribə rast gəlir. Özündən su istəyən bu şəxsə yazığı gəlir və insaniyyət adına dəvəsindən enir və ona su verir. Suyu doya-doya içən adama can gəlir və dərhal bədəvini itələyir. Dəvəsinə minərək oradan qaçmağa çalışır. Heyrət və ibrətlə olanları izləyən bədəvi oğrunun arxasından səslənərək belə deyir: “Ey yolçu! Yaxşı, dəvəni al get, amma əsla bu olanları başqasına danışma”. Bu istəyə heyrət edən oğru durur və səbəbini soruşur. “Əgər bunu başqalarına izah etsən, bu, hər yerdə duyular və insanlar bir daha səhrada susuz qalmış birini gördüklərində ona əsla kömək etməzlər!” deyir bədəvi. Bu cavab pisliklərin yayılmasının yaxşılığı da ortadan qaldıracağının hikmətli ifadəsi deyilmi?

 

Hacı BƏKİROĞLU