Bu dəfə qələmə alacağım mövzu cəmiyyətdə görünməyən, ancaq fəsadlarının yayıldığı problemlərdir. Bütpərəstlik deyilən bir inancın var olduğu haqqında az-çox hər kəsin məlumatı var deyə düşünürəm. Yenə də qısa bir cümlə ilə ifadə etmək istəyirəm: bütpərəstlik əllə tutulan, gözlə görülən hər hansı bir əşyaya yaradıcı olaraq inanıb sitayiş etmək deməkdir. Günümüzdə bəlkə bu kimi şeylərlə bölgəmizdə rastlaşmasaq da, ancaq gözlə görülməyən, insanın büt halına gətirdiyi bəzi məqamlar, əşyalar və s. var.
Bu gün ən yaralı yerimiz olan, cəmiyyətimizə mənfi təsir edən şeylərdən biri də məhz budur. Günümüzdə insanlar öz bütlərini özləri seçirlər. İnanacaqları, sitayiş edəcəkləri bütləri özləri meydana gətirirlər. Sizlərə onu da deyim ki, bir çox insan etdiyi davranışından da bixəbərdir.
Bu gün insan oğlunun bütü bəzən oturduğu kreslosudur, bəzən vəzifəsidir, bəzən şəxsi görünüşüdür, bəzən təqlidçilikdir və.s. İnsan anlamadan, dərk etmədən bu davranışları sərgiləyir. İnsanın həyat burulğanında bunu anlaması çətindir. Əgər insan hərəkət və davranışlarına kənar gözlə baxmağı bacarmazsa bunları idrak etməsi çətin olar. Bunun üçündür ki, insan zaman-zaman hərəkətlərini kənar göz olaraq müşahidə etməlidir. Əslində bu davranışlar insanda xarakter pozğunluğu da meydana gətirə bilir, yəni özü də bilmədən bunun üçün əlverişli mühit də hazırlayır. Ona görə də nəyə sitayiş etdiyimizə diqqət yetirməliyik ki, zaman keçdikcə bu hərəkətlərimizin fəsadları ilə boğuşmayaq.
Əgər cəmiyyət olaraq inkişaf edib önə getməyi planlaşdırırıqsa bu hərəkəti bir istiqamətli etməməliyik, çünki bu, nəticə verməyəcəkdir. Cəmiyyəti bütün yönləri ilə irəli aparmağı bacarmalıyıq. Bunun başında da insanın xarakteri dayanmaqdadır. Əgər cəmiyyətin fərdləri xarakter baxımından yetkinləşməyibsə və ya heç onun axtarışında deyilsə, o zaman orada inkişafdan, irəliləyişdən necə söz gedə bilər axı?
Bilik, bacarıq, qabiliyyət öz yerində, ancaq insan oğlu bunların hər birindən əvvəl sağlam xarakter və düşüncəyə sahib olmalıdır, əgər bunlara sahib olunarsa arxası öz-özlüyündə ardıcıllıqla gələcəkdir.
Pərəstiş etməkdə olduğumuz mövqelərə diqqət yetirməliyik. İnsan nəyə inanar, nəyə pərəstiş edərsə ona çevrilər. Yuxarıda da sadaladığımız kimi, pərəstiş etdiklərimizə çevrilərsək aqibətimiz necə olar, bax, bu sual ətrafında həqiqətən ciddi düşünməliyik. Bizim şəxsi bütlərimizin pəncəsindən xilas olmaq vaxtımız çoxdan gəlib və keçməkdədir.
Bütpərəstliyi aradan qaldırmağa çalışarkən bizlər öz bütlərimizi öz əllərimizlə düzəldib önümüzə qoymayaq. Əksinə, ondan xilas olaq.
Gələcəyin qurtuluşu şəxsi bütlərimizdən xilas olaraq cəmiyyətə faydalı işlər görməkdən keçir.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri