SOSİUM
13. QIRMIZI FƏNƏRLƏRİN TUTQUN İŞIĞI VƏ YA YALANÇI CƏNNƏT
Niderlandın dünyanın “seks cənnət”lərindən biri olduğundan az-çox məlumatınız olmalıdır. Əcnəbilərin ölkəni bu imiclə tanıması heç kimə sirr deyil. Bu mövzuya girişmişkən, onun tarixinə, dünyada bu gün mövcud durumuna dair bir-iki kəlmə ilə münasibət bildirməmiz çox güman ki, pis qarşılanmayacaq.
Fahişəliyin tarixi qədimdir. Onu ən qədim peşə adlandırırlar. Bu barədə elmi ədəbiyyatda külli miqdarda məlumatlara, faktlara rast gəlmək olar. Hər dövrün, hər xalqın bu hadisəyə öz baxış bucağından baxdığını, ona münasibətin birmənalı olmadığını da mübahisəsiz söyləmək olar. Zamanın dəyişməsi, yeni dini-əxlaqi dəyərlərin meydana çıxması cəmiyyətlərin fahişəliyə münasibətində də müəyyən korrektələr etmiş, dəyişikliklər yaratmışdır. Fərqli ölkələrdə fərqli münasibətlər formalaşmışdır. Bəzi cəmiyyətlərin fahişəlik hesab etdiyi hallar, digər cəmiyyətlərdə üstün əxlaqi dəyər hesab edilmişdir. Dünya böyük, xalqlar çox, adət-ənənələrdən doğan fikirlərsə müxtəlif.
Fahişəlik binayi-qədimdən mövcuddur. Qədim peşə adlandırılan fahişəlik bütün tarixi dönəmlərdə bu və ya digər şəkildə öz varlığını saxlaya bilmiş, bu gün də yaşamaqdadır. Əksər cəmiyyətlərdə fahişəliklə məşğul olanlara yuxarıdan aşağı baxılmış, bu yolun yolçuları yelbeyinlikdə suçlanmış, təqiblərə məruz qalmış, ölümlə üz-üzə, burun-buruna yaşamışlar. İndi də çox şeyin dəyişmədiyini, onlara qarşı eyni münasibətin hələ də sürdüyünü söyləyə bilərik. Sadəcə onları aşağılayan bəzi yöntəmlərin dəyişdiyini, müasirləşdiyini də söyləmək olar.
Fahişəliyin tarixindən bir-iki örnək gətirməmi də anlayışla qarşılayacağınıza ümid edirəm. Yazılı qaynaqlar müxtəlif coğrafiyalarda hələ əski dönəmlərdən bu peşənin kütləviliyi barədə məlumatları günümüzə qədər gətirib çıxarıb. Mesopotamiyada, Yaxın Şərqdə, Qədim Hindistanda, Qədim Yunanıstanda və Qədim Romada fahişəliyin cəmiyyətin müxtəlif təbəqələrini əhatə etdiyinə dair çoxsaylı məlumatlar qalmaqdadır. Əski sivilizasiya ocaqlarında fahişəliyə münasibətin fərqli olmasını da qaynaqlardan öyrənirik. İkiçayarasında fahişələrin ilahiləşdirilməsinə dair bilgilər var. Hindistanda fahişələr cəmiyyətin ən iyrənc təbəqəsi hesab olunurdu. Gil lövhələr üzərində fahişlərlə bağlı məlumatlara da rast gəlinir. Qədim yunan və Roma müəllifləri də bu barədə danışıblar. Qədim Yunanıstanda fahişələrin mənşəyinə görə bir neçə yerə bölündükləri, tutduğu statusa görə fərqləndikləri də bəllidir. Xristianlığın gəlişinə qədər Qədim Romada fahişəliyin çiçəklənməsinə dair məlumatlar isə daha çoxdur. Roma işğalları zamanı fahişələrdən döyüşçülərin həzz alması və əylənməsi üçün istifadə olunduğu da tarixi qaynaqlarda öz təsdiqini tapır. Fahişəliyin Roma imperiyasının dağılma səbəblərindən biri olmasını irəli sürən tarixçilər də var. Fahişəliyin Qədim Romada yuxarıdan aşağıya qədər bütün cəmiyyətə sirayət etdiyi də tarixi gerçəklikdir.
Müasir dünya ölkələrində də fahişəlik bu və ya digər yollarla – açıq, gizli, yarımgizli – varlığını sürdürməkdədir. Bəzi ölkələrdə fahişəliklə məşğul olma qanuniləşdirilsə də, bəzi ölkələrdə bu peşə ilə məşğul olanlara qarşı ciddi cəzalar, hətta ölüm cəzası nəzərdə tutulur. Bir qrup ölkələrdə isə fahişələrin fəaliyyəti leqallaşdırılmasa da, onların təqib olunması, cəzalandırılması nadir hallarda baş verir. Belə ölkələrdə fahişəliyə loyal yanaşıldığı, onların fəaliyyətlərinə göz yumulduğu diqqət çəkir. Bəzi ölkələrdə, o cümlədən də Niderlandda fahişələrin xüsusi rayonlarda fəaliyyət göstərməsinə icazə verilir. Fahişəxanaların yerləşdiyi bu cür rayonlar “Red Light”, yəni “Qırmızı Fənər” adlanır. Qırmızı rəng tarixin müxtəlif dönəmlərində fahişəliyin rəmzi kimi görünüb. Fahişələrin qırmızı rəngli paltarlar geyinməsi, saçlarını qırmızı boyaması ənənəsi onları cəmiyyətin digər üzvlərindən fərqləndirən xüsusi işarə yerində çıxış edib. İngiltərədə yaxın keçmişə qədər normal ailələrdə qadınların qırmızı paltar geymələri qadağan idi. Qırmızı rəng burada da yüngül həyat tərzinin bəlgəsi hesab edilirdi. Düzdür, tarixən müxtəlif sivilizasiyalarda fahişəliyin rəmzi kimi təkcə qırmızı rəng deyil, digər rənglər də mühüm rol oynamışdır. Məsələn, İkiçayarasında fahişələrin saçlarını sarı rəngə boyaması ənənəsi var imiş. Görünür bu da onların ilahi əlamətlərindən biri sayılmış, bolluq-bərəkət simvolu hesab edilmələri ilə əlaqədar yetişmiş taxıl zəmisinə və ya günəşə bənzədilmələri üçün qəbul edilmiş bir norma idi.
Fahişələrin hüquqlarının qorunması, onların insan alverçilərinin qurbanına çevrilməməsi, həyatlarının təhlükələrdən uzaq olması üçün bəzi ölkələrdə müəyyən tədbirlərin görüldüyü, müvafiq qanunların qəbul edildiyindən xəbərimiz olsa da, fahişəliyin könülaçan bir iş olmadığını, digər peşələrə nisbətən daha çox risk daşıdığını da söyləmədən keçməyək. Müştəri tutmaq üçün özünü maşınların qabağına atan fahişələrin maşınların altında qalması bəzi ölkələrdə hər gün baş verən hadisələrdəndir. Məsələn, fahişələri bundan qorumaq üçün İtaliyada “Attenzione prostitute” – “Diqqət fahişə” yazılmış xüsusi yol nişanlarından istifadə olunur. Fahişələrinin sayı bir neçə yüz min olan İspaniyada isə gecə işinə çıxan fahişələrin fosforlu, işıqsaçan xüsusi geyimlər geyməsi mütləqdir. Bu, sürücülərin diqqətini cəlb etmək və bu yolla fahişələri qorumaq üçün düşünülmüş bir yöntəmdir. Bu geyimdən istifadə etməyən küçə fahişələri ilişəndə cərimə ödəməli olurlar.
Sözarası qeyd edim ki, 2 iyun Beynəlxalq Fahişələr Günü kimi qeyd olunur. 1975-ci ildən qeyd olunan bu gün dünyaya fahişələrin çətin vəziyyətini çatdırmaq üçün təsis edilmişdir.
Avropa ölkələrində, elə Türkiyədə də fahişələr digər sahədə çalışan işçilərlə eyniləşdirilir və onlar vergi ödəyiciləri hesab edilir.
Fahişəlik gəlirli biznesdir. Bu sahə bir sıra ölkələrdə mafiyaların nəzarətindədir. Bu qaranlıq qüvvələr insanları müxtəlif yollarla – hədə-qorxu, təhdid, şantaj, oğurluq, başgicəlləndirici vədlər vasitəsi ilə fahişəliyə məcbur edirlər. Başqa işə düzəldiləcəklərinə inandırılmış qadınların aldadılaraq zorla seks istismarına məruz qoyulması dünyanın bir çox bölgələrində qabarıq şəkildə özünü göstərir. Zorla və ya könüllü gələnlərin hesabına fahişələrin sırası hər gün yenilənir. Fahişəliyə məcbur edilmiş və ya bu işə könüllü başlamış bu insanların taleyi daim bir tükdən asılı olur. Müştərilərdən sağalmaz zöhrəvi xəstəliklərə tutulma, sahibləri tərəfindən fiziki işgəncə, ətrafdakıların sərt və aşağılayıcı baxışları və s. onların taleyinə yazılmış acı gerçəklərdir.
Düzdür, bu yola könüllü düşənlər, fahişəliyi özləri seçənlər də istənilən qədərdir.
Mən mövzunun uzanmasının fərqindəyəm, bunu unutmamışam. Elə buradan Amsterdamın Qırmızı Fənərlər küçəsinə gəzintiyə çıxmağı düşünürəm.
Niderlandda fahişələri seks işçiləri adlandırırlar. Xatırladım ki, Niderlandda rəsmi qeydiyyatdan keçmiş 2200 fahişə (bu məlumat 2018-ci ilə aiddir – A.M.) və ya seks işçisi fəaliyyət göstərir və bu fəaliyyətə görə onlar dövlətə vergi ödəyirlər. Qeyri-rəsmi fəaliyyət göstərən fahişələrin sayı isə bundan qat-qat çox olmalıdır. Bu barədə aşağıda daha ətraflı danışacam. Bir az hövsələnizi basın. Fahişəliklə məşğul olanlar 3 ayda bir dəfə tibbi yoxlamadan keçməlidirlər. Bu məcburidir. Bundan imtina edənlər fəaliyyət göstərə bilməzlər. Fəaliyyət göstərsələr də, bu qeyri-qanunidir. Buna görə cəzalana bilərlər. Hesaba dağlar baş əyər demirlərmi? Kim olursan ol, gərək hesabını dəqiq görəsən. Nədən ki, bura Niderlanddır, qanunları işlək, cəzaları sərt.
Niderlandda fahişəliyin rəsmiləşdirilməsi 2000-ci ildə baş vermişdir. Bundan sonra bu sektor özünü ölkədə sərbəst şəkildə ifadə etmək imkanı qazanmışdır. Bu sahədə çalışanlar həm öz gəlirləri barədə dövlətə hesabat verir, gələcəklərini bir növ sığorta edir, ayrı-ayrı şəxslərin deyil dövlətin himayəsinə keçir, həm də bu yolla dövlətin vergi ödəyicilərinin sayını artırırlar. Ağır iş şəraiti, yuxusuzluq, siqaret və spirtli içkilər, stress və qorxunun təsiri altında olan fahişələr əmək qabiliyyətlərini tez itirir, həyatlarının geridə qalan hissəsini, yəni postfahişəlik dövrünü rahat yaşamaq üçün dövlətin himayəsinə daha çox ehtiyac duyurlar. Qanuniləşmənin bu üstünlüklərini yaşlaşmış fahişələr öz həyatlarının pensiya çağında daha yaxşı hiss edirlər.
Biz tarixə baş vurmasaq işimiz aşmır. Mövzumuzun az-çox tamlığına nail olmaq üçün Niderlandın İkinci Dünya müharibəsindən sonrakı həyatına kiçik bir səfər etməmiz də gərəkir. Heç cür Qırmızı Fənərlər küçəsinə gedib çıxa bilmədiyimizin fərqindəyəm. Bir az səbr edin, məni darıxdırmayın. Bu tarixi ekskursumuzu da yerbəyer etdikmi, bizə mane olan bir səbəb qalmayacaq. Müharibə ölkənin iqtisadiyyatını iflic etmiş, şəhərləri, kəndləri xarabaya çevirmişdi. Sosial-humanitar çətinlikləri aradan qaldırmaq, dağılmış iqtisadiyyatı bərpa etmək üçün külli miqdarda vəsait, böyük işçi qüvvəsi tələb olunurdu. Bu azmış kimi müharibədən sonra ölkənin demoqrafik balansı da pozulmuş, kişilərin sayı azalmış, ölkədə kişi qıtlığı yaranmışdır. Kişi defisitinin yerini doldurmaq üçün kraliça kişiyə ehtiyac duyan qadınlara evlərinin pəncərəsindən qırmızı fənər asmaqla kişiləri evinə dəvət etmək icazəsi verdi. Və bundan sonra bu ənənə halını aldı. Qırmızı rəngin fahişəliyin rəmzlərindən olmasını isə artıq bilirik. Başqa bir versiyaya görə, bu ənənə bir neçə əsr bundan qabaq yaranmış, holland qadınları uzaq səfərdən dönən dənizçiləri cəlb etmək üçün axşamlar sahilə gedərək, qırmızı fənər yandırırmışlar, onlara müəyyən haqq müqabilində cinsi xidmət göstərirmişlər. Sonralar bu ənənənin qaldırılmasına, ləğv olunmasına baxmayaraq, 2000-ci ildən yenidən dirildildi, ona yeni nəfəs verildi. Bundan sonra qırmızı fənərlər özünün yeni seksturizm dövrünü yaşamağa başladı.
Bizim təsəvvürümüzdə yaratdığımız Avropa, Niderland da içərisində olmaqla homoseksuallardan, fahişələrdən, narkomanlardan ibarət bir yığamatdır. Və bu düşüncəmizdə bir qədər haqlı da görünə bilərik. O üzdən ki, bu imicin formalaşmasında, belə bir obrazın şəkillənməsində hökumətin yeritdiyi siyasətin də izləri görünməkdədir.
Niderland kapitalizm dünyasının bir parçasıdır. Müasir dünyada öz yerini tutmaq, söz sahibi olmaq üçün özünəməxsus, hər sahəni – siyasi, sosial, iqtisadi, dini – əhatə edən mükəmməl bir siyasətə sahibdir. Bu dövlətin öz varlığını sürdürmək üçün yüzlərlə üsuldan, yöntəmdən istifadə etməsi, öz vətəndaşlarının həyat səviyyəsini yüksəltməsi üçün müxtəlif yollara baş vurması gərəkdir. Eftanaziyanın, homoseksualizmin, narkomaniyanın, fahişəliyin rəsmiləşdirilməsi də bu yollardan sayıla bilər. Bunları rəsmiləşdirən Hollandiya bilərəkdən özü haqqında “seks cənnəti”, “narkotika cənnəti” kimi bir fikrin formalaşmasına nail olmuş, dünyanın diqqətini öz üzərində cəmləşdirə bilmişdir.
Bu siyasətin arxasında ustalıqla gizlədilmiş əsil məqsəd nədən ibarətdir?
Afiq MUXTAROĞLU
Niderland