Bildiyimiz kimi, müharibə iki və ya daha çox ölkə arasında baş verir. Biz müharibənin təkcə insanlar arasında baş verdiyini düşünürük, amma elə deyilmiş. İnsan təkcə insanlarla deyil, təbiətlə də müharibə edir.

 

İnsanlar təbiətlə müharibədə hər zaman məğlub olurlar. Müharibədə hər tərəf öz mənfəətini güdür və işğal edilmiş yerlərinin davasını edir. İnsanın təbiətlə müharibəsi isə əksinə olur. Biz öz həyatımızı öz əllərimizlə məhv edirik. Bu müharibədə qazanan tərəf olmur. Hər iki tərəf də məğlub olur. Belə ki, bizim ətraf mühitə vurduğumuz hər bir ziyan, zərər nə bizim, nə də təbiətin xeyirinə olur. İnsan özünü də məhv edir, təbiəti də. Çünki qazanmırıq, sadəcə itiririk.

 

İnsan və təbiət ayrılmazdır. Çoxlarımızda suallar yarana bilər, insan və təbiət necə ayrılmazdır? İnsan və təbiət bir-birinə necə bu qədər bağlıdır? Bəli, bağlıdır. Çünki bizim hər nəfəs almağımız üçün təbiətin təmiz havasının olması vacibdir. Daha doğrusu, yaşayırıqsa bunda təbiətin rolu böyükdür. Təbiət olmasa insan necə yaşaya bilər. Bir dəqiqə nəfəsimizi tutduqda o an öləcəyimizi fikirləşirik. Çünki insan nəfəs almadan yaşaya bilməz. Nəfəs alırıqsa bunda təbiətin yaşıllığı, saysız ağacları və ən əsası da “çirkləndirmədiyimiz” havasının rolu böyükdür. Bəli, “çirkləndirmədiyimiz”... Təəssüf ki, daha çox çirkləndiririk – zibili zibil qabına atmaq üçün yerimizdən qalxmağa ərinirik, hara gəldi ocaq qalayıb manqal qururuq, siqareti söndürməmiş yerə atırıq, zibili axar sulara tökürük, maşınlarımızın zəhərli qazı, zavod və fakriklərimizin tüstüsü və sair.

 

Başa düşə bilmirəm, küçələrdə, yollarda o qədər zibil qabları var, bu qədər zibil qabını bəzək üçünmü qoyublar? Düzdür, əvvəllər bu qədər zibil qabı yox idi. Həmişə hər kəs şikayət edirdi ki, zibil qabı yoxdur, zibilimizi hara tökməliyik. Amma indi var. Zibil qablarının dili olsa deyər: “ay camaat, zibili yerə atmayın, məni görmürsünüzmü, yəni o qədərmi balacayam ki, görmürsünüz”...

 

Biz niyə təbiətlə müharibə edirik? Hər bir insan bu sualı özünə verməlidir. Biz niyə öz sağlamlığımızı öz əllərimizlə məhv edirik? Belə edən insanlara yəqin təbiətin havası artıq gəlib. Çünki başqa söz tapa bilmirəm deməyə. Ya havası artıq gəlib, ya da ağlı havasız qalıb.

 

Unutmayaq! Daha çox ağac əkərək oksigeni artıra bilərik. Təbiəti təmiz saxlayaraq təmiz nəfəs ala bilərik. Təbiəti təmiz saxlamaq bizim borcumuzdur. Təmiz təbiət təmiz və sağlam gələcək deməkdir!

 

Müəllif: Validə Fətullayeva