Hər kəs öz övladını həyatın qarşısında yalnız özünü qorumağı bacaran, hər kəsin üzərində haqq iddia edən, istədiyini əldə etmək üçün başqasının haqqını tapdalamağı normal sayan bir “qoçu” kimi böyütməməlidir. Çünki həyat yalnız bizim deyil, həyat hamımızın ortaq yaşadığı bir mühitdir.
Təsəvvür edək ki, hər ailə övladına eyni düşüncəni aşılayır: “Güclü ol, üstün gəl, geri çəkilmə, nə istəyirsənsə götür, başqasının sərhədi səni maraqlandırmasın”. O zaman sabah qarşımıza necə bir cəmiyyət çıxacaq? – Hər kəsin bir-birinin üzərində haqq iddia etdiyi, sərhədlərin tanınmadığı, insanların yalnız öz mənfəətini düşündüyü bir cəmiyyət. Belə bir mühitdə isə yaralanmalar, incikliklər və qarşıdurmalar qaçılmazdır.
Biz gələcək nəslə başqalarının haqqını tapdalamağı deyil, həm öz haqqını, həm də başqasının haqqını bilməyi öyrətməliyik. Uşağa “heç kimdən geri qalma” deməklə yanaşı, “heç kimi də tapdalama” deməyi bacarmalıyıq. Öz sərhədini qorumağı öyrənən uşaq başqasının sərhədinə hörmət etməyi də bilməlidir.
Həyat bir-birimizlə daim vuruşmaq və çarpışmaq üçün verilmiş uzun bir meydan deyil. Onsuz da bizə ayrılan zaman o qədər uzun deyil. Bu qısa ömrü bir-birimizin qarşısında üstünlük qazanmağa, kimisə əzməyə, kiminsə payına göz dikməyə sərf etmək əvəzinə, bir-birimizin haqqını qoruyaraq yaşamağı öyrənmək daha böyük bir qazancdır.
Başqasının bağçasındakı gülləri əzmədən də yolda yerimək mümkündür. Hətta yolumuzun üzərində başqasının çiçəkləri varsa, onları qoruyaraq keçmək insanın tərbiyəsindən xəbər verir. Əksini etmək, yol açmaq üçün başqasının əkinini tapdalamaq isə, məncə, insanın tərbiyədən nə qədər nəsib aldığını göstərən davranışdır.
Bu gün uşaqlarımıza yalnız “özünü qoru” demək kifayət deyil, onlara “başqasını da qoru”, “öz haqqını bil, amma başqasının haqqına girmə”, “sərhədini qoru, amma başqasının sərhədini də tanı” deməyi bacarmalıyıq.
Çünki insanın var olması üçün mütləq başqasının üzərinə çıxması lazım deyil. Görünən olmaq üçün kimisə kölgədə qoymaq, üzdə qalmaq üçün kiminsə üstünə basmaq vacib deyil. İnsan öz gücü ilə, öz fərasəti ilə, öz bacarığı ilə ayaqda durmağı bacarmalıdır.
Əsl güc başqasını əzməkdə deyil, əsl güc heç kimi əzmədən öz yerini qoruya bilməkdədir.
Əgər hər ailə övladına bunu öyrətsə, gələcək nəsil bir-biri ilə vuruşmağa deyil, bir-biri ilə yaşamağa daha çox hazır olar. Çünki gələcəyin sağlam cəmiyyəti yalnız güclü fərdlərdən deyil, öz gücünü başqasının haqqını tapdalamadan istifadə etməyi bacaran insanlardan qurulur.
Hər bir insan bilməlidir ki, onun sərhədi başqasının haqqının başladığı yerdə bitir. Bu şüuru mənimsəməli və övladlarımıza da aşılamalıyıq.
Həyat buynuzlarını döyüşdürən qoçların meydanı deyil. İnsan olaraq gəldiyimiz bu həyat hər şeyə rəğmən insan qalaraq yaşamalı olduğumuz ortaq bir mühitdir.
Lamiyə Hacıyeva (Eminova)
Bütün Gürcüstan Müsəlmanları İdarəsi Qadınları Şurasın sədri