Həzrət Əli deyirmiş ki, insan mühitin övladıdır. Aristotel də yazırdı ki, insanın formalaşmasında 90 % mühit rol oynayır. Nənəm də deyərdi ki, olduğun yerə oxşamasan, səni oxşadarlar.
Sosiologiya mətbuatı “dördüncü hakimiyyət” adlandırır. Bu elə bir siyasi üstünlükdür ki, bəlkə də dövlətin özü qədər dəyərlidir. Mətbuatın apardığı təbliğat hakimiyyəti ucalda da bilər, laxlada da... Bəlkə də “yenidənqurma, aşkarlıq” siyasəti olmasaydı, SSRİ öz gizli sirləri ilə hələ də yaşayardı.
Yox, siyasətə qarışmıram, amma bu azad mətbuatın dırnaqarası azadlığının “bəhrələrindən” yazmaq istəyirəm.
Bəşəriyyət yaranandan bəri çatışmazlıqlar həmişə olub və olmalıdır da. İnsan kütləsi müxtəlif genetika daşıyırsa, o müxtəliflik içərisində təbii ki, yaxşı da olacaq, pis də. Yaşamaq uğrunda mübarizə nəticəsində bütün canlılar mənfi tərəflərini özləri məhv edirlər; nəticədə təbii seçmə baş verir və sağlam nəsil əmələ gəlir. Pişik balasını istədiyindən yeyirsə, quş balasını yuvadan atırsa, ağac mane olan budağını qurudursa – bu da onların “dövlət siyasətidir”.
Bu gün cəmiyyətimizdə senzurasız bir mətbuat var. Nə gözəl! Bəs niyə bu azadlıq tərbiyəsizlik və əxlaqsızlıq təbliğatı aparmalıdır? Bəli, səhv demədim, elə yazdığım kimi...
Baxın, mən yeniyetmələrin və gənclərin əhatəsində olan bir müəllim kimi bunun şahidiyəm. Mən anatomiya dərsimdə şagirdlərə tam fiziologiyası ilə izah edirəm ki, orqanizmdə hormon balansı pozulanda nəinki xarici əlamətlər, həmçinin cinsi dimorfizmin əlamətləri də pozulur. Yəni qadın özünü kişi kimi, kişi özünü qadın kimi apara bilər. Bu, sırf xəstəlikdir. “Cinsi azlıqlar” xəstədirlər və onların müalicəyə ehtiyacı var. Bəli, mən şagirdlərə bu xəstəliyi anladıram.
Bəs mətbuat (əsasən də sosial media) nə edir?
Həmin azlıqların dəbdəbəli həyat tərzini elə təbliğ edir ki, sağlam fiziologiyalı, lakin xəstə təfəkkürlü insanlar yaranır. Bəli, yuxarıda yazdığım kimi, insan mühitin övladıdır. Üzərimizə atılan daşların biri dəyməz, beşi dəyməz, sonunda biri yaralayar. Xəstələr cəmiyyətdə beş nəfər idisə, əlli beşi mühitdən və süni maraqdan yarandı.
Baboşların, Bayramların səviyyəsiz həyat tərzini təbliğ etmək kimə və nəyə lazımdır? Mən onları yazıq kimi təqdim edib öz şagirdlərimin beynində sağlam düşüncə yaratmaq istəyərkən, sosial medianın “keşfet” bölməsi ilə mütləq qarşımıza çıxarılan guya əyləncəli paylaşımlar mənim fikrimə əks-təbliğat yaradır. Yeniyetmə hansı istiqamətə yönələcək?
Budur sual!
Eləcə də şou-biznes dedikləri dırnaqarası incəsənət nümayəndələrinin açıq-saçıq geyimləri, mədəniyyətsiz danışıqları, savadsız müsahibələri, ailə-məişət söhbətləri gənclərin düşüncəsində mütləq şəkildə yer alır. Aristotel demişkən, şəxsiyyət 90 % mühitdən formalaşır axı... Ona görə el arasında yarıciddi, yarızarafat bir ifadə yaranıb ki, “boşanıb müğənni olublar”.
Ola bilsin, Şövkət Ələkbərova da qitə ilə paytaxtı səhv sala bilərdi; ola bilsin, Sara Qədimova da qanazlığı haqqında səhv tibbi fikir deyə bilərdi. Amma bu, nə mətbuata, nə də cəmiyyətə maraqlı idi. Çünki tamaşaçı, dinləyici, oxucu onun sənəti ilə maraqlanırdı. Görürsünüz, mən də əcayib xəbərləri bilirəm. Yox, maraqlanmıram, məcbur qarşıma çıxarırlar ki, oxu!
Təbii ki, mən başlığa baxanda oxumuram. Bilirəm ki, kişi arvadına zor tətbiq edirsə, bunun iki səbəbi var: ya psixoloji problemi var, ya də əxlaq problemi var. Yeniyetmə isə bu xəbəri maraqla oxuyur. O öyrənir ki, xəyanət də etmək olur, arvadını döymək də olur, saçını da kəsirlər, boşanırlar da... Sonra qadın hüquqları və azadlıqlarının şaxələrini öyrənir və s.
Hələ bunun kriminal tərəfini yazsaq, daha da faciəlidir. İbtidai sinif şagirdlərinin “A.U.E.” deyə bir-biri ilə savaşmasının şahidiyəm. Özələrini oğru aləminə oxşatmaq istəyən şagird davranışlarına çox üzülürəm. Bütün bunları yeniyetmə və şagirdlərə anaları, nənələri, genetikaları deyil, məhz “dördüncü hakimiyyət” aşılayır.
İnsan cəmiyyətində həmişə çatışmazlıq olub; sadəcə bunu ictimailəşdirməməklə sıradan çıxarmaq mümkündür. Təbliğatla isə onu daha da çoxaltmaq olar.
Esmira Ələkbərli