Epidemiya gəldi-gedərdi, qalan insanlıq olacaq. İnsanlıqsa, təəssüf ki, supermarketlərdə satılmır, satılsaydı bəlkə arabir pullular da əllərini ciblərinə salıb alardılar. Bəlkə də yanılıram, Hacı Qaralardan əllərini ciblərinə salmalarını gözləmək keçinin ağaca dırmaşmasını gözləmək kimi olardı. Elə pul da, pullular da, insanlar da gəldi-gedərdi, bunu da tarix boyu epidemiyalar özü göstərib. Həmişə qalan insan yox, insanlıq olub, əlbəttə, əsl insanların sayəsində. Hardan oxuduğum yadımda olmasa da, vergülünə kimi yaddaşıma həkk olan bu cümləni bu abzasa əlavə etmək mənlik, yozmaq isə sizlik olsun: Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir. Günəşimiz heç vaxt batmasın!
Burada yuxarıdakı abzasla heç bir əlaqəsi olamay pritça paylaşmaq yenə mənlik, oxuyub nəticə çıxarmaq isə yenə də sizlikdir.
Deməli, Molla Nəsrəddin eşşəyini də götürüb oğlu ilə səyahətə çıxır. Molla özü eşşəyin noxtasını tutub irəlidə gedir, oğlu isə eşşəyin belində oturur. Bunu görən camaat – Mollaya bax, övladına verdiyi tərbiyəyə bax, yaşlı ata piyada gedir, cavan oğul eşşəyin üstündə – deyib, onları tənbeh edir.
Molla Nəsrəddin oğlunu eşşəkdən düşürür, özü eşşəyə minir və yollarına davam edirlər. Növbəti kəndə çatmışdılar ki, molla əhalinin bir yerə yığışıb, onlar haqda deyindiyini eşidir:
– Mollaya bax, özü eşşəkdə, oğlu isə piyada gedir. Uşağa yazığı gəlmir. Sən canlı-cəsədli adamsan, heç olmasa oğlunu da yanında oturt.
Molla bu adamların sözünü dinləyib, oğlunu da eşşəyə mindirir və yoluna davam edir. Bir az getdikdən sonra başqa bir kəndin içindən keçməli olurlar. Buranın da əhalisi onları görüb məzəmmətə başlayır:
– Mollaya bax, adamda insaf deyilən şey yoxdur. İki nəfər miniblər heyvanın üstünə, heyvana yazıqları gəlmir.
Molla əlacsız bunlara da qulaq asıb, dediklərinə əməl edir. Bir əlində oğlunun əlini, digərində isə eşşəyin noxtasını tutur, oğlu və özü qabaqda, eşşək isə arxada yollarına davam edirlər. Yaxınlıqda bir kənd görünür, molla “Görəsən bu kəndin camaatı nə söz tapacaq?” – deyərək kəndə yollanır. Bu kəndin əhalisi də sözü bir edib, başlayırlar onları tənqid etməyə:
– Bunlar deyəsən dəlidilər, yorğun ola-ola piyada gedirlər, eşşəyi də boş-boşuna arxalarınca dartırlar.
Molla əsəbiləşərək, oğluna “Görürsənmi, oğul, hərə bir söz danışır. Elin ağzı torba deyil ki, bükəsən”, – deyir.
Bəli, hərə bir söz danışır və danışılan hər sözü dinləyib əməl etsək bu eşşəkbelisındırdı oyununda belimiz sınar. Əvvəl qohum-əqrabanın, qonum-qonşunun ağzını “bükmək” olmurdusa, indi bu, qlobal formada baş verir. İndi internet trolları adamın qanını qaraldır. Əvvəl insanın həyatına (həyətinə) darvazadan, qapıdan, pəncərədən burun soxurdularsa, indi bunu telefonun, kompüterin ekranından, “windows”dan (ingiliscə - pəncərə deməkdir) edirlər. İşləri-gücləri onu-bunu güdmək, şayiə yaymaq, ləkələmək, ara vurmaq, pislik etmək olan bu könüllü senzorlara nə epidemiya təsir edir, nə viruslu ölüm. Dünya da məhz belələrinin fanilik duyğusunu itirməsi ilə maddiləşib. Yalnız görünənə inanan bu “homo sapienslər” üçün müqəddəs, dəyərli heç nə yoxdur. Bunlar vəzifədə merkantil, ziyalılıqda ziyanlı, mövqedə nalmıx, əməkdaşlıqda müxənnət, başqalarının uğuruna paxıl, dostluqda çörəyi dizinin üstə olanlardır. Və təəssüf ki, illərdir camaatın gözünə kül üfürməklə özünü cəmiyyətə “persona grata” kimi reklam edənlər hələ də ütülü kostyum-şalvarlarda, qızılı sancaqlı qalstuklarda hündür tribunalardan camaata yuxarıdan aşağı baxmaqdadılar. Amma və lakin indiki zamanda. Çünki keçmiş zamanda yoxdular, gələcək zamanda da olmayacaqlar. Tarixin ələyinin gözündən daş-kəsək addaya bilmir.
Və, əlbəttə ki, epidemiya da gəldi-gedərdi, bütün bunlar da. Qalan isə insanlıq olacaq. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə insanlıqda həmrəy olmağı arzulayıram!
Azər MUSAOĞLU