Bu yazını müəllimlərə həsr etmək istədim. Daha dəqiq desəm, məqsədim onların qarşılaşdığı emosional və psixoloji tükənmə haqqında fikirlərimi sizlərlə bölüşməkdir. Müasir cəmiyyətlərdə məktəbin əsas funksiyası uşaqların təhsil alma hüquqlarını təmin etməkdən ibarətdir. Məktəb sosial institut olmaqla hər bir uşaq və gəncin ailədən sonra sosiallaşma prosesi keçdiyi ən əlverişli mühitdir. O, müxtəlif xarakterdə və yaşda olan insanların hər gün təmasda olduğu, onların inkişafında əsas rol oynayan təhsil məkanıdır. Məktəbin aparıcı qüvvəsi isə müəllimlərdir. Məktəbin uşaq və gənclərin inkişafına təsiri əsasən müəllimlərin təhsil prosesinə yanaşması ilə müəyyən edilir. Təhsil prosesinə yanaşma isə onun keyfiyyətinə və perspektivinə birbaşa təsir göstərən fundamental səbəblərdən ən önəmlisidir.

 

Mən bu yazımda müəllimlər, onların pedaqoji fəaliyyətlərində yaşadıqları emosional və psixoloji tükənmə prosesinə diqqət çəkmək istəyirəm. Fikrimcə, öz aktuallığını heç vaxt itirməyən, eyni zamanda müəllimlərin üzləşdiyi həlli vacib problemlərdən biridir. Pedaqoqların emosional və psixoloji tükənmə prosesi qısa müddət ərzində deyil, uzunmüddətli əmək fəaliyyəti nəticəsində yaranır. Uzun illərin xroniki stresi fonunda başlayan və ümumilikdə təhsil və tədris prosesinə dağıdıcı təsir göstərərək ciddi çətinliklər yaradır. Bu problem dünyanın bütün ölkələrində mövcuddur və hər yerdə özünəməxsus üsullarla həll olunur. Demək olar ki, müəllimlərin böyük əksəriyyətinin üzləşdiyi problem olaraq mənfi dinamikayla artmaqdadır. Müəllimlər çox yüksək məsuliyyətli işin icraçıları olduqları üçün emosional tükənməyə daha çox məruz qalan insan qruplarıdır. Fikrimcə, problemin yaranmasının bir çox səbəbləri vardır. Yuxarıda diqqət çəkdiyim səbəblərlə yanaşı, müəllimlərin gündəlik fəaliyyətlərində həddindən artıq insan kütləsi ilə təmasda olmalarını və ünsiyyət qurmalarını göstərmək olar. Digər səbəb kimi kollektivdə olan qeyri-sağlam mühiti, məktəb rəhbərliyinin düzgün qurulmayan iş prosesini, həmçinin müəllimlər arasında olan rəqabəti göstərmək olar. Bunlarla yanaşı, iş prosesi və onun çətinliklərini xüsusi vurğulamaq istərdim. Sinifdə çətin tərbiyə olunan, sosial məsuliyyəti aşağı ailələrdən olan uşaqların olmasını da göstərdiyim səbəblər sırasına əlavə etmək lazımdır. Mən bunlarla yanaşı pedaqoqların, daha doğrusu, inklüziv təhsil üzrə fəaliyyət göstərən müəllimlərin bu risk qrupunda olan və daha çox stresə məruz qalmalarını ön plana çəkərdim. Bu sahədə çalışan psixoloq və müəllimlər daha çox emosional və psixoloji tükənmə qrupunda olanlardır. Siniflərdə çox aşağı təhsil göstəriciləri olan uşaqlarla qurulan iş prosesi müəllimdən həddindən çox səbir və dözüm tələb edir. Bu problemi yaradan səbəblərdən biri kimi də valideynlərlə iş prosesini göstərmək istəyirəm.

 

Müxtəlif sosial təbəqələrdən olan, mədəni və intellektual səviyyəsi kəskin fərqlənən insanlarla ünsiyyət qurmaq, onlarla əməkdaşlıq etmək və onları təlim-tərbiyə prosesinə cəlb etmək böyük enerji tələb etməklə yanaşı, yüksək dözümlülük və müdriklik tələb edir. Bunları problemin mənəvi tərəfləri hesab etmək lazımdır. Qeyd etmək lazımdır ki, əməkhaqqının azlığı, məktəbdə əlverişli iş şəraitinin olmaması, dərs otaqlarının müasir standartlara cavab verməməsi də əsas və ciddi səbəblərdəndir. Fikrimcə, problemin həlli və aradan qaldırılması ən öndə olan və həlli vacib məsələlərdəndir. Məncə, emosional və psixoloji tükənmə kimi ciddi problemin olmaması müəyyən dərəcədə müəllimlərin özlərindən də çox asılıdır. Fikrimcə, müəllimin psixoloji dözümlülük səviyyəsinin yüksək olmasını müsbət xüsusiyyət kimi dəyərləndirmək olar. Bu xüsusiyyətin olması məktəb mühitində qarşılanan çətinliklərin asanlıqla aradan qaldırılması üçün çox faydalıdır. Müəllimlərin öz resursları hesabına öhdəsindən gələ bilmədikləri problemin həlli yollarından biri kimi onlara psixoloji dəstək göstərmək mütləqdir. Bununla yanaşı, düzgün və səmərəli istirahət də əsəb sistemində müsbət dönüş yaradır və müəllimi müsbət enerji ilə yükləyir.

 

Müəllimlərin emosional və psixoloji durumunun çox yaxşı səviyyədə olması təhsil prosesinə birbaşa təsir göstərərək onun müsbət yöndə inkişafına təkan verən əsas amildir. Müəllimin yüksək iş motivasiyası şagirdlərin əhvali-ruhiyyəsinə müsbət təsir göstərərək onları həvəsləndirir və müəllim-şagird münasibətlərini səmərəli şəkildə tənzimləyir. Bununla yanaşı, təhsil və tədrisin keyfiyyətini artıraraq onu daha effektiv və perspektivli edir.

 

Qeyd etmək istəyirəm ki, savadlı, bacarıqlı və yüksək intellektual və mədəni səviyyəsi olan müəllimlər bizim sərvətimizdir. Ancaq məktəbdə işləmək üçün bunlar kifayət deyil. Kommunikasiya qurmaq bacarığı olan, stresə dözümlü insanlar həyatın müxtəlif sahələrində olduğu kimi məktəbdə də daha çox tələb olunan insan qrupudur. Təhsil sistemində bu cür insanların, daha dəqiq desək, müəllimlərin olması kollektiv və məktəb rəhbərliyi, ən əsas da məktəblilər üçün böyük töhfədir. Ümumiyyətlə, xoş, mülayim və pozitiv enerji ilə dolu insanların təhsil sistemində işləmələri, onların gənclərlə maraqlarının üst-üstə düşmələri, onların ruhuna yaxın olmaları şagird və müəllim arasında dostluğu və əməkdaşlığı daha səmərəli və uzunmüddətli edir.

 

Fikrimcə, belə ciddi problemin yaranmaması üçün pedaqoji kollektivin hər bir üzvü çalışmalı və bir-birilərinə dəstək olmalıdırlar. Kollektivdə əlverişli iş şəraitinin olması pedaqoqlar arasında xoş insani münasibətlərin qurulması və formalaşması, eyni zamanda, peşəkar fəaliyyətin daha müsbət nəticələr verməsi bilavasitə məktəb rəhbərliyinin apardığı düzgün iş prosesindən asılıdır. Müəllimlərin çox çətin və məsuliyyətli fəaliyyətləri zamanla onların iş təcrübəsi və illərin sayını artırmaqla bərabər onların sağlamlığına ciddi şəkildə zərər vurur. Neçə nəsil gənclərin yetişdirilməsi, inkişafı və böyük həyata hazırlanması müəllim əməyinin, müəllimin tükənməz sevgisinin, qayğısının və səbrinin nəticəsində baş tutur. Mən əziz və dəyərli müəllimlərimizə çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!

 

Leyla YUSİFOVA