Sovet vaxtının ədəbiyyatını oxuyanda bir diplom bəhsinə rast gəlirsən, sanki ali təhsil “mod” dönəmini yaşayıb. Yadımdadır, təzə-təzə seriallar televiziyaya yol açmışdı. Nənələrdən gəlinlərə, uşaqlardan gənclərə kimi hamı maraqla zamanı saatlara bölmüşdü.
Mənə maraqlı bir şey idi, orada heç kim bizi kimi televizora baxmırdı, nə də kütləvi ali məktəblərə qəbula hazırlaşmırdı. Doqquzuncu sinifdən on birə kimi kitabla yatıb, zənglə oyanan özümüzü düşünəndə, bu mənə çox maraqlı gəlirdi. Əcnəbilərin ali təhsil marağının olmaması məndə maraq yaratmışdısa bu, tələbə olmaq istəyimi azaltmamışdı. Günümü günümə calayıb nəhayət tələbə də oldum, məzun da. Sonra ailə həyatı, uşaqlar... O zamandan illər keçib. Başımı qatan qayğılar zamanı elə fırladı ki, bir də gördüm oğlum məzun olur. Bax, onda ayıldım sürətlə gedən ömrün düzgün olmayan seçiminin fəsadlarını təkrar düşünməyə. İndi təzədən yadıma düşdü ki, “Santa Barbara”ya elə bizim analar daha çox baxırmış, nəinki Amerika. Onlar həyat gerçəkliyini yaşayanda bizim analar “Fatmagüllərin suçunu hesablayırmış”, bizim valideynlər hazırlıqlara pul töküb zorla uşaqları istədikləri “modnu” fakültələrə sürükləyəndə əcnəbilər maraq arxasıyca sərbəst gedib daha çox maddi və mənəvi qazanc qazanırlar.
Bax, indi gəlim mətləb üstünə. Sənət seçimi çox ciddi bir məsələdir. Burada birinci daxili həvəs, ikinci potensialın, üçüncü yaşadığın mühitin tələbatı olmalıdır. Bunlardan biri çatışmayanda balans itir. Həvəs olmasa savadın, şəraitin də olsa uğur qazanmazsan, əksinə, savad olmasa həvəs rol oynamır. Mühit, şərait olmasa nə savad, nə də maraq əhəmiyyətlidir. Bax beləcə, canlının su, hava, torpaq birliyi kimi.
Xeyli şagirdlərimiz bu il sənəd verib. İnşallah, uğurları xeyir olsun, amma seçimdə heç də hamısı düz seçim etməyib. Təbiətin möhtəşəm üçbucağını pozublar. Mən onların və valideynlərin istəyinə qarşı çıxmaq istəməzdim, amma təcrübənin pəncərəsindən gördüklərimi onlar içində olduqları otaqda görmürlər axı. İndi kimsənin istəyinə qarışmadan fikirlərimi yazacam. Bəlkə kiməsə köməkçi oldum.
Necə ki, pul həyatda heç nə həll etmir, amma hər şeyi həll edir, eləcə də diplom hər şeyi həll etmir, olmaması daha pis (auditoriya görmüşlər adlandırardıq biz gəncliyimizdə ətrafımızın seçmini). Yuxarıda dediyim üç öhdəlik: həvəs, savad, tələbatın olması sənin gələcəyini müəyənləşdirir. Həkim olmaq üçün ən əsas xoş ünsiyyət önəmli, bu yoxsa nə savad, nə də “Gülhanə” xəstəxanasında həkim işləmək köməyə gəlməyəcək. Müəllimə qayğıkeş psixoloq təfəkkürü lazımdır, mühəndisə məntiq, rəssama şeiriyyət baxışı və s.
Mən bilmirəm niyə hamı diplom dalıyca bir neçə istiqaməti seçir... Gözəl fantaziyası və zövqü olan bir məzuna kollecə sənəd verməyi məsləhət gördüm. Modelyer-dizayner kimi sənət al, ən azı savadlı dərzi olacaqsan, zövqlə tikdiyin paltarların ölçüsünü istəsən Hollivuddan da götürə biləcəksən, çünki sən savadlı dərzi olacaqsan, həvəskar yox. Həm bu sahəyə həvəsin var, həm də savadın olacaq. Maddi vəziyyətin yol versə genişləndir işini. Səni bu sahədə uğurlu görürəm dedim. Səhəri gün anası mənə atəşin məktub (sms) yazıb: “Əminəm öz qızınızı heç vaxt dərzi etməzsiniz, universitetlərdə oxudarsınız. Bəs mənim qızım niyə texnikum oxusun?” Əlbəttə, heç nə demədim, deməyə sözüm yox idi.
Bir başqa şagirdimin marağı texniki sahəyədir. Maraqlı kran konstruksiya etmişdi, bəzən əl işlərini çəkir yollayır mənə. Deyir “atam deyir ən asan və baş rahatlığı diş həkimidir, dişini çək, pulunu qoy cibinə, gərək həkim olasan”... Bu qədər maraq, istedad isə kəlbətinin altında məhv olmalıdır. Öyrənmiş ürəyə tövbə olarmı. Belə uşaqların səhv yoluna necə göz yumum? Anasını “blok” etmək şərtiylə məsləhətimi dedim.
Bizlərdə bu diplom xəstəliyi elə sümüyümüzə işləyib ki, heç pandemiya o qüdrətdə deyil, vallah... İnkişaf etmiş əcnəbi ölkələrdə ibtidai təhsil önəmlidir, vacibdir. Baza təhsili (9-cu sinfə kimi) bir sənət sahibi olmaq üçün əsasdır. Sonrakı təhsil isə lisey səviyyələrdir ki, paralel sənəd də verənlər var. Lisey məzunu (yəni bizim 12-ci sinif məzunu kimi) artıq savadlı kimi. Liseydən sonra nadir – hər 100 nəfərdən 10-15 nəfəri ali məktəbə gedə, ya getməyə, əksəri kollec təhsili alır. Hər kəs öz yolunu seçir.
Bizim bank işçilərimizin sayı bankları kökaltına salır, tibb bacıları, həkimlər xəstədən çoxdur. Daha perspektivli sənət – müəllimlik, kadr çatışmazlığı maksimum olsa da müəllim sənətini seçən azdır. Bu da bir faciə.
Mən gənclərə üz tutaraq deyirəm, qəlbinizin səsinə qulaq asın. Özünüzü harada görürsünüz ora can atın ki, müvəffəqiyyət qazanasınız. Diplom o demək deyil ki, siz qadirsiz, əsla, qadirlik qazancda olacaq. Qazanc isə maddi yox, mənəvi olanda sən o sən olursan. Peşə getdiyin yoldur, o yol sənin sağlığının paralelidir. Sevmədiyin iş əsəbdir. Əsəb olan yerdə sağlıq olmaz. Sağlığın itməsi ömür yolunun laxlamasıdır. Əsas İNSAN olmaqdır. O öhdəlikdə diplom yox, əməl var, əməli isə saflaşdıran təfəkkürdür.
Əziz məzunlar, çox istərdim atdığınız addımın gərəyini ətraflı düşünəsiniz. Sizlərdən çox narahatam. Ona görə yox ki, müəlliməm, ona görə ki, özümü əsl vətəndaş sayıram. Vətəndaş Vətəninin gələcəyini düşünməlidir! Sizin düzgün seçim yolunuz gələcəyi müəyyənlşdirəcək. Siz var olun ki, gələcək olsun. Sizlərin düzgün seçimi təməlli işini bilənlər deməkdir. Hamınıza uğur arzu edirəm! Kaş heç vaxt deməyəsiniz:
Faciə oluruq biz
Səhv düşəndə yerimiz.
Esmira ƏLƏKBƏRLİ