SOSİUM
12. QIRMIZIYANAQ UŞAQLARIN HEKAYƏTİ
Niderlanda qışın oğlan çağında ayaq basdığımı xatırladıb, birbaşa mövzuya girişəcəyimə əmin olun. Qışdan bəhs etməmin isə ələ aldığım bu mövzuya açar olacağını düşünürəm. Burada qış o qədər sərt keçməsə də, iki-üç ay qarının, yağışının, soyuq küləyinin, ayazının-şaxtasının adamı bezdirməyi də olur. Yəqin qış aylarında havaların bu cür dəyişkən keçməsi Niderlanda sonradan gələnlərin “Hollandiyanın bir havasına, bir də qadınına güvənmə” kimi bir deyim yaratmalarına nədən olmuşdur. Və deyimin ikincisi, yəni “Hollandiyanın... bir də qadınına güvənmə” hissəsi mübahisəli olduğundan mənim həmin hissəyə aşağıda bir də qayıtmağım gərəkəcək.
Niderlanda qış aylarında təşrif buyuranlar mütləq bir mənzərəyə şahidlik etməli olurlar. Bir neçə dərəcə şaxta olmasına rəğmən burada başı örtülü, papaqlı adamlara rast gəlmək nadir hadisədir. Nə böyüklər, nə də kiçiklər, hətta çağalar belə başı açıq gəzirlər. Başıaçıq, yanaqları şaxtadan qıpqırmızı qızaran və bunu eyninə almayan uşaqları görüncə, ətimin ürpəşdiyini, bədənimdən üşütmənin keçdiyini vurğulamadan keçməyim. Bizim uşaqlarımızın qış mövsümündə altdan geyinib, üstdən qıfıllandıqlarını xatırlamam isə mənim ürpəşməmi, üşütməmi daha da artırırdı.
Hələ qışın şaxtasında analarının və ya atalarının velosipedin ön və arxa oturacağında əyləşdirib harasa apardıqları körpələrin daha çox üşüdüyünü də xatırlatmaq gərəkdir. Səhər tezdən işə tələsən valideynlər uşağın yaşca kiçik olanını velosipedin ön tərəfində quraşdırılmış oturacağa, bir qədər böyük olanını isə məhz uşaq daşımaq üçün nəzərdə tutulmuş və sonradan velosipedə artırılmış xüsusi oturacağa əmniyyət kəməri ilə bağlayaraq, görünür onları bağçaya çatırmaq istəyirlər. Bir qədər böyüdükdən sonra həmin uşaqların öz şəxsi velosipdlərinin olacağı, artıq məktəbə valideynlərinin himayəsində, ancaq öz gücləri ilə hərəkətə gətirilən velosipedlərlə gedəcəkləri də Niderlandın gerçəkliklərindəndir. Böyüklərlə bərabər də olsa, uşağın şəhərin küçələrində velosiped sürməsi bizim meyarlarımızla uyğun gəlməyə də bilər. 5-6 yaşlı uşağın şəhərin qələbəliyində bu şəkildə özünü ifadə etməsi bizim üçün nə qədər təəccüblü olsa da, yerlilər üçün bu adi bir haldır. Nədən ki, hər kəsin – maşınlının da, velosipedlinin də, piyadanın da öz yolunu bildiyi və öz yolundan çıxmadığı bir mühitdə bu təəccüblü görünmür. Ancaq gerçəklik ondan ibarətdir ki, qışın şaxtasında velosipedin üstündə başıaçıq böyüyən, bir qədər sonra isə velosiped idarə edən bu uşaq daha sağlam və daha sərbəst olur. Sərbəstlik demiş, 8-9 yaşından etibarən uşaqlar artıq məktəbə ölçüsü bir qədər böyük velosipedlə sərbəst gedib-gələ bilirlər. Uşaq böyüdükcə onun velosipedi də yaşına uyğun olaraq böyüyür. Gözünü açıb belə bir şəraitə düşən uşaq ona verilən sərbəstliyin, azadlığın ləzzətini dada-dada gələcək böyük həyatına addım-addım yaxınlaşır.
Niderlandda uşaqların ağlaması nadir hadisədir. Belə bir halın yoxluğunu deməm mənim ifrata varmam kimi anlaşılmasın. Doğrudan da burada uşaqların ayağını yerə döyərək, göz yaşı axıtmaları müşahidə olunmur. Bizim uşaqların ərköyünlüyü, istəyinə ağlayaraq nail olması, ağlayanda istəyinin yerinə yetirildiyini anlayıb, bunu vərdişə çevirməsini bu ölkədə görə bilməzsən. Bunun tam tərsinə, uşaqlar daha azad, daha sərbəst böyüyürlər. Ayağını soyunub ayaqyalın gəzən, yerdə dombalaq aşan uşaqlara valideynləri mane olmurlar. “Toz oldun”, “üstünü-başını batırdın”, “əlini-ayağını kirləndirdin”, “sakit ol, yıxılacaqsan”, “az danış” kimi sözləri valideynlərin dilindən eşitməzsən. Bizim valideynlərdən, əsasən də analardan yerli-yersiz eşitdiyimiz bu sözlər bu ölkənin insanları üçün yaddır. Biz uşaqlara bunları qadağan etməklə, sanki, onları kiminsə görməsi üçün sərgiyə çıxarmaq istəyirik. Uşağa “sakit ol”, “az danış” əmrləri verməklə onları özümüz səviyyədə görmək istəyirik, onların suallarına cavab verməmək üçün min bir hoqqaya əl atırıq. Küçədə holland valideynin uşağının verdiyi suallara necə təmkinlə cavab verdiyini görmək adi haldır. Hətta uşağının istəyilə uşağına qoşulub, onunla birlikdə mahnı oxuyan valideynlərə də rast gələ bilərsiniz. Bu adi səhnə sizi təəccübləndirəcək. Bunu öz təcrübəmdən bilirəm. İlk dəfə belə bir mənzərə ilə qarşılaşanda necə heyrətləndiyimi heç vaxt unuda bilmərəm.
Niderlandda uşaqları açıq havada böyütməyə üstünlük verirlər. İlin hansı fəslində doğulmasından asılı olmayaraq, yenicə doğulmuş çağa açıq havaya çıxarılır. Təmiz havada sağlam böyüməklə yanaşı, gözünü dünyaya yenicə açan bu uşaq həyatdan ilk dərslərini də alır. Bağça yaşına qədər ailəsinin ona verdiklərinin üzərinə bağçada verilənləri də əlavə etdikdə dörd-beş yaşlı bu uşağın qazandıqları ölçüyəgəlməz dərəcədə çox olur. Biz uşağı qırx gün həyət-bacaya çıxarmırıq ki, uşaq qırxlıdır, bunun düşər-düşməzi olar. Avropalılar isə uşaq ana bətnindən düşər-düşməz onu dünya ilə tanış etməyə çıxarırlar. Avropalı uşaq bağça yaşında ikən oğlanların və qızların oxşar və fərqli cəhətlərinə, qadın-kişi münasibətlərinə dair biliklərə sahib olurlar.
Cinslər barədə, insanın necə yaranması haqqında biliklərə malik olan bu uşaqlarla müqayisədə bizim uşaqların geridə qalması çox təbii görünür. Biz uşaqlarımızın başını “səni yoldan tapmışıq”, “səni bazardan almışıq”, “səni Allah baba verib”, “səni leyləklər gətirib” və hətta “sən qaraçının torbasından düşmüsən” kimi boş və cəfəng fikirlərlə doldurduğumuz, hətta xarab etdiyimiz bir vaxtda, onların həmyaşıdı olan avropalı uşaqlar bütün bunların təbii-elmi cavablarını çoxdan qafalarına soxurlar. Bizim uşaqlar böyüklərin söylədiklərinin cəfəngiyyat olduğunu, deyilənlərin təbii əsaslarla baş verdiyini öyrənib anladıqda isə çox gec olur, avropalı yaşıdından geridə qalır, müstəqil həyata qədəm qoyduqdan sonra rastlaşdığı ən kiçik həqiqətlərin qarşısında çaş-baş qalır, həyatın ən xırda suallarına belə cavab tapa bilmirlər.
Niderlandda uşaq tərbiyəsi ilə bağlı diqqətçəkən başqa bir məqam isə uşaqların alış-verişə kiçik yaşlarından, yalan olmasın ayaqları yer tutmağa başladıqdan dərhal sonra alışdırılmasıdır. “Jumbo”, “Aldi”, “Puls”, “Lidl” kimi böyük supermarket şəbəkələrində alıcılar üçün nəzərdə tutulmuş arabaların yanında azyaşlı, məsələn, 4-5 yaşlı uşaqlar üçün kiçik ölçülü arabacıqlar da qoyurlar. Valideynləri ilə alış-verişə gələn bu uşaqlar həmin arabalarla rəflərin və vitrinlərin arasında o qədər sərbəst hərəkət edirlər ki, adamın matı-qutu quruyur. Azyaşlı alıcılar özləri üçün, elə ailə üçün də lazım olanları seçməkdə nə qədər müstəqil hərəkət edən kimi görünsələr də, valideyn nəzarəti dərhal hiss olunur. Bu yaşda yüzlərlə məhsulun arasından lazım olanı seçmək, nədən nə qədər almağı düşünə bilmək, hətta aldığının ailə büdcəsinə neçəyə başa gələcəyini hesab-kitab etmək vərdişinə yiyələnən bu xırdaca valıqlar bir qədər sonra həyatdan baş çıxaran yetkinlərə çevrilir, kapitalizm cəmiyyətində, istehlak cəmiyyətində sərbəst hərəkət edərək, sərbəst qərarlar çıxaran fərdə çevrilə bilirlər.
Avropalı uşaq artıq 12-13 yaşından bilir ki, yaxın bir neçə ildən sonra valideyn himayəsindən çıxacaq, müstəqil həyata başlayacaq, öz həyatının qərarlarını özü verəcək və həyat adlı bu gəminin sükanını özü tutmalı olacaq, özü idarə edəcək. Onun 16 yaşına qədər ailədən, bağçadan, məktəbdən öyrəndikləri bu yolda ona mayak olacaq. Avropalı uşaq bunları bilir. Bu bilgilər ona kiçik yaşlarından, bəlkə də dünyaya göz açdığı ilk andan aşılanır. O, hələ bələkdə ikən, hərçənd ki, bir sıra şeylər kimi uşaq bələyi də artıq tarixə qovuşmuş kimidir, kiçik dozalarla həyatın nə olduğu barədə biliklərlə silahlanır və yeniyetmə ikən artıq həyatın əsgərinə çevrilir. 13-14 yaşından pul qazanmağı, həyatın ağırına-yüngülünə düşməyi öyrənən bu uşaq özünün zəif və güclü tərəflərini də, həyatda tutacağı mövqeyi də kənardan müdaxilə olmadan, öz təcrübəsinə əsaslanaraq, kimsənin köməyinə ehtiyac duymadan müyyənləşdirə bilir. Qazandığını necə xərcləməli, nəyə xərcləməli olduğuna özü qərar verir. Bədxərclik etdikdə ac qalacağını bu uşaq acı da olsa öz təcrübəsindən öyrənir, bunu heç kimin ona izah etməsinə ehtiyac belə qalmır.
Uşağın sərbəstliyinə qovuşması, hətta ailədən kənarda yaşamağa başlaması o demək deyil ki, bununla onun ailə bağları, ailə ilişgiləri sona çatır. Əslində belə deyil. Görünən odur ki, bir-birinə mane olmamaq, atalar və oğullar problemini qabardıb münaqişəyə, ailədaxili ziddiyyətə çevirməmək üçün onlar başqa-başqa məkanlarda yaşamağa üstünlük verirlər. Ancaq valideynlərin və ailə qurmuş övladların eyni dam altında yaşamaları da tez-tez görünən, müşahidə edilən gerçəklikdir. Niderlandda böyük ailə ənənəsinin yaşadığı danılmazdır. Lazım gəldikdə valideynlərin övladlarına və ya əksinə övladların valideynlərinə baş çəkdiklərini, bir-birinə yardım etdiklərini, bir-birinə laqeyd olmadıqlarını müşahidə etmək olar. İstirahət günləri doğmalarına baş çəkməyə gələnlərin çoxluğu, azyaşlı nəvələri ilə gün keçirən yaşlı nənələrin, babaların tez-tez rastımıza çıxması, uşaqları ilə saatlarla oynayan, onların hər sualını cavablandıran valideynlərin hər yerdə gözə dəyməsi, uşağına yoldaşlıq edib mahnı oxuyan, onu dəstəkləyən valideynlərin bolluğu, axşam saatlarında ailəliklə, böyüklü-kiçikli şam süfrəsinə toplaşmanın ənənə halını alması, 80-90 yaşlı cütlüklərin əl-ələ tutuşaraq övladlarının müşayiəti ilə gəzintiyə çıxması, ailənin xəstə üzvünün qayğı və sevgi ilə gəzintiyə çıxarılması, şikəst həyat yoldaşını əlil arabalarında daşıyan qadınların, kişilərin tez-tez gözə dəyməsi, ruhi xəstələrin xüsusi baxımı Niderlandda ailə kultunun ölmədiyini, əksinə özünəməxsus milli ənənələr üzərində ayaqda durduğunu söyləməyə əsas verir. Burada bir örnək verməklə bu böyük abzasa son verim. Daş döşəməyə dəyib sınan şüşə qabın cingiltisini binanın beşinci mərtəbəsinin eyvanında istər- istəməz eşidirəm və aşağı boylanıram. Görünən o idi ki, birinci mərtəbədəki qonşunun xanımı günəşdən qorunmaq üçün açdığı böyük çətirlə ehtiyatsız davranmış, bağçanın ortasına qoyulmuş masanın üzərindəki su qrafini yerə düşmüş, şüşə qab da çiliklənmişdir. Bağçada nəsə düzəldən kişininsə hadisəni soyuqqanlı, heç nə olmamış kimi və ya belə də olmalı imiş kimi qarşılaması, qadına heç bir söz demədən süpürgəni götürüb şüşə parçalarını toplaması məni təəccübləndirdi. Belə bir hadisənin bizdə baş verməsi gözümün önündə canlandı. Üz-gözün turşuması, dünya dağılmış kimi məsələnin böyüdülməsi, bir sürü narazılıq ifadə edən olan-olmaz söz, qanqaraçılıq və hətta evdə bir şüşə qabın sınmasından dolayı kişinin, bəzən də qadının ortaqlığı ilə “it öldüsü” düşməsi və bu kimi neçə-neçə tipik görüntü gözümün önündən kino lenti sayaq ötüb keçir.
Afiq MUXTAROĞLU
Niderland