Mən bu yazımda teatrdan, daha dəqiq desək, Gürcüstanda olan ilk uşaq teatrı və onun yaradıcısı olan Binəli İslamoğludan bəhs etmək istəyirəm. Təsadüfən internet resurslarda rast gəldiyim məlumat böyük marağıma səbəb oldu. Və nəticədə teatr, daha dəqiq desək, Qardabanidə yerləşən uşaq teatrı haqqında araşdırıb, yazmağa qərar verdim.
Teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, eyni zamanda dünyagörüşü ilə bağlıdır. Mərasimlər, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Teatr insan duyğularının və arzularının bədii formada gerçəkləşdiyi bir məkandır. İncəsənətin mürəkkəb, son dərəcə təsirli olan bu növü bir çox üstünlüyə malikdir. Demək olar ki, yüzlərlə tamaşaçıya güclü ideya və bədii təsir göstərir, tamaşaçını dərindən düşündürür, həyəcanlandırır, onun dünyagörüşünə, şüuruna elə təsir göstərir ki, bu, uzun zaman yaddaşdan çıxmır və silinməz izlər buraxır.
Hazırkı dünyamızda insanlar da, onları düşündürən problemlər də dəyişib. Azyaşlıların dünyagörüşünün formalaşmasında uşaq teatrı əvəzsiz rol oynayır. Teatrın uşaqlara verdiyi ən böyük fayda onları cəmiyyətlə daha yaxından tanış etməsi, düşüncə azadlığını öyrətməsindən ibarətdir. Səhnədən gənc tamaşaçıya ötürülən mesajlar uşaqlara problemləri dərk etməyə kömək edir. Eyni zamanda estetik qavrayışı təkmilləşdirir, incəsənətə, ümumilikdə mədəniyyətə marağı artırır. Bununla yanaşı, cəmiyyətə sağlam, faydalı şəxsiyyətlər qazandırır, gənc tamaşaçıya yaşadığı cəmiyyətin üzvü olmaq şüurunu aşılayır.
Uşaqların inkişafında teatrın əvəzsiz rolunu fərq edən və bu məqsədlə Gürcüstanda ilk azərbaycandilli uşaq teatrının əsasını qoyan Binəli İslamoğlu, fikrimcə, çox önəmli və vacib iş görüb.
Binəli 1985-ci ildə Qardabani rayonunda anadan olub. Orta təhsilini Qardabanidə yerləşən 3 nömrəli məktəbdə alıb. 2004-cü ildə orta məktəbi bitirib və həmin il Tbilisi Dövlət Humanitar Universitetinin hüquq fakültəsinə qəbul olub. Onun teatrla ilk tanışlığı 2005-ci ildən başlayıb. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının nəzdində aktyorluq kurslarına qatılıb və xüsusi istedadı ilə seçilib. Çoxlu sayda tələbənin içindən seçilən Binəli İslamoğlunun teatr həyatı buradan başlayıb. Müxtəlif rejissorlarla çalışaraq özünü təkmilləşdirib, böyük təcrübə qazanıb. O, Azərbaycanın Əməkdar incəsənət xadimi mərhum Hüseynağa Atakişiyevdən dərs aldığını böyük fəxrlə danışır. Binəli Hüseynağa Atakişiyevin Tiflisə gəlib Əli Əmirlinin “Onun iki qabırğası” adlı tamaşasını səhnələşdirdiyini və bunun onun yaddaşında xoş iz qoyduğunu xüsusi vurğulayır.
Yaradıcılıq fəaliyyətindən bəhs edən Binəli İslamoğlu 2005-2019-cu illər ərzində bir-birindən maraqlı tamaşalarda rol almış və peşəkar rejissorlarla çalışmışdır. 2020-ci ildə teatrdan uzaqlaşan Binəli İslamoğlu Gürcüstanda ilk müstəqil uşaq teatrı – “BEEZ” Uşaq Teatrını yaradıb. Həmin ildə Gürcüstan Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olaraq ikinci yeri qazanıb. Həmin il gürcü klassiklərindən olan Vaja Pşavelanın “Meşə komediyası” əsərini səhnələşdirib və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə qastrollarda olublar.
Onun yaratdığı uşaq teatrının əsas məqsədi istedadlı uşaqları kəşf etmək, onlara istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaq, onlara biliklərini artırmaq və inkişaf üçün yardımçı olmaqdır. Bu gün “BEEZ” Uşaq Teatrı uşaqlarda kinoya, teatra, rəssamlığa və mədəniyyətin digər sahələrinə maraq oyadır, onlara intellektual, estetik və etik dəyərlər aşılayır. Bununla yanaşı, cəmiyyətə sağlam, faydalı şəxsiyyətlər qazandırır. Teatr uşaq təxəyyülünün genişləndirilməsinə böyük təkan verir. Azyaşlı tamaşaçı səhnədən eşitdiyi hekayələr vasitəsilə insan duyğularını anlamağı öyrənir, empatiya qabiliyyətini inkişaf etdirir. Teatr uşaqların davranışında fərqlilik yaradır, onun etik dəyərləri qavramasında böyük və əvəzsiz rol oynayır.
Teatrın hazırladığı tamaşalardan 3-ü Binəli İslamoğlunun şəxsi vəsaiti və valideynlərin dəstəyi ilə həyata keçirilib. “BEEZ” teatrı müəyyən çətinliklərə baxmayaraq öz fəaliyyətini uğurla davam etdirir. Çoxlu sayda tamaşa hazırlamaq üçün böyük potensialı olan teatr planlaşdırdığı lahiyələri maddi durumuna görə həyata keçirə, fəaliyyətini yüksək səviyyədə davam etdirə bilmir. Teatr Binəli İslamoğlunun evində yerləşdiyi üçün böyük səhnə imkanlarından məhrumdur. Uşaqların maarifləndirilməsi, etik və estetik inkişafı istiqamətində mühüm işlər görən teatrın maddi dəstəyə ehtiyacı var.
Ümidvaram ki, “BEEZ” Uşaq Teatrının mövcud olması, daha uzun illər fəaliyyət göstərməsi üçün ona dəstək verəcək insanlarımız olacaq. “BEEZ” Uşaq Teatrına işlərində və fəaliyyətində uğurlar arzulayıram!
Leyla YUSİFOVA