Ağır Borçalı mahalının başlanğıcında, qarlı dağların ətəyində, əli əllərdən üzülən, qayğıdan, diqqətdən məhrum qalan bir Başkeçid var. Bir zamanlar coşub-daşan, sürüləri dağları ağardan, naxırları yolları toza bürüyən, toy-büsatlı, babaların adətinə bağlı, harayı dağlardan eşidilər Başkeçid elləri bu gün sanki tarixin sükutuna qərq olub. Təbiətin bütün çətinliklərinə dözüb dayanan bu xalqı, zəmanənin çətinlikləri lap bimar edib. Müasir tələbatlar o qədər böyüyüb ki, artıq əvvəlki həll yolları nəticə vermir. Hər dövrün öz tələbatı olur. Bu gün insanlar tək həyatda qalma, ruzisini daşdan da olsa çıxarma qayəsi uğrunda yaşamır. Dövrümüz tərəqqi dövrüdür. Niyə şəhərdə yaşayan gənc dövrün ahənginə uysun, kənddə yaşayan gənc isə bundan məhrum qalsın? Kəndlərimizin ən böyük problemi bu gün budur. Xüsusilə dağ kəndləri.
Başkeçidin kəndlərinin əksəriyyətində bu gün yol, su kimi zəruri ehtiyaclar yoxdur. Məktəbi olmayan kəndlərin sayı da xeyli çoxdur. Bütün problemlərə rəğmən Başkeçid gəncləri yüksək nəticələrlə dövlət universitetlərinə qəbul olurlar. İndi düşünün, bu gənclər üçün bütün imkanlar yaradılsa hansı nəticələri əldə edərlər? Bəs günahkar kimdir? Dövlət? – Xeyr! Günah özümüzdədir. Günah valideynlərdədir.
Başkeçidin bütün kəndlərində əhalinin yüksək bir qismi sosial yardım alır (əksər kəndlərdə 80-90 %-ə yaxın). Dmanisi isə kiçik büdcəsi olan kiçik bir bələdiyyədir. Sosial yardıma bu qədər büdcə ayırması böyük işdir. Bəs həqiqətən bu ailələrin hamısı sosial yardım almalıdırmı? – Məncə, yox. Çünkü fiziki iş qabiliyyəti olan bir kişi ailəsini saxlamaq üçün bir iş tapmalıdır. Kənddə işini qurmalı, qura bilmirsə şəhərdə bir iş tapmalı, tapa bilmirsə ölkə xaricində bir iş tapmalıdır, sosial yardım almalı deyil. Sosial yardım xəstələr, işləmə qabiliyyəti olmayanlar üçündür. Bələdiyyə həmin sosial yardıma ayırdığı büdcəyə kəndlərə yol çəksə, su çəksə əhali üçün daha effektiv proyekt olacaqdır. Lakin əhali yol üçün, məktəb üçün, su üçün dava qaldırmır, sosial yardım üçün dava qaldırır. Ailədə 3-4 cavan oğlan ola-ola sosial yardım alanlar var. Bu, düzgün proyekt deyil.
Sosial yardım isə ailələrdə bir stabillik yaradır. Yəni ailə maddi cəhətdən irəli getmir. Aydan-aya sosial yardımını alır, oturur evində. Bu yardım məsələsi ailələri ciddi bir asılılığa gətirib çıxarıb. Kənddən və bələdiyyə mərkəzindən başqa heç yerlərlə əlaqələri olmur. Tiflisi ümumiyyətlə tanımırlar. Amma işləmək, ticarət etmək üçün Tiflisə və ya başqa şəhərə getsələr zəmanənin dinamikasına ayaq uydura bilərdilər. Axı sosial yardımı alıb evində oturan, fiziki qüsuru olmayan bir şəxs necə inkişaf edə bilər?
Maddi stabilliklə yanaşı mənəvi stabillik də yaradır sosial yardım. Yardımım kəsilməsin deyə heç nəyə səs çıxarmayan insanlarımız var. Sanki bütün həyatlarını buna bağlayıblar. Deyəndə isə “dövlətin puludur, niyə almayım” deyirlər. Axı dövlətin pulu ilə daha yaxşı nəticələr əldə edə bilərik. Tələb edək dövlətin pulu ilə yol çəkilsin, məktəblər tikilsin, ibadətxanalar tikilsin, mədəniyyət evləri tikilsin. Bizim gələcəyimizin inkişafı bu cür proyektləri zəruri qılır. Bələdiyyə mədəni sahələrə də böyük diqqət yetirir. Son vaxtlarda Başkeçiddə böyük inkişaf olduğunu görürük, amma bu sosial yardım bələdiyyə üçün də ağır yükdür.
Bu maddi asılılıq insanlarımızın azad düşüncə haqqını da əlindən alır. Ağızlarından çıxan hər sözü ölçüb-biçmək məcburiyyətində qalırlar ki, birdən bu sözümə görə yardımım kəsilər. Təhsilini davam etməyib sosial yardım ümidi ilə yaşayan gənclərimiz dövlət dilini bilmir və bunun üçün çox çətinlik çəkirlər. Son zamanlar bu ətalətin yaratdığı problemlər daha aydın görünür. Çünkü, yaxşı yadımdadır, biz uşaq olanda sosial yardım yox idi, amma maddi çətinliyə baxmayaraq kəndimizin əhalisi çox dinamik, aktiv idi. Ticarətlə məşğul idilər, işləməyə gedirdilər, təsərrüfat çox idi. İndi təsərrüfat da çox azalıb. 15 il əvvəl hər ailə yarım hektar kartof əkirdisə, bu gün hər ailə 200 m² (2 sot) kartof əkir, hər ailənin 6-10 inəyi vardısa, bu gün 1-2 inəyi var. Kənd təsərrüfatına dəstək verib, pulsuz örüş yerləri vermək əvəzinə əhaliyə sosial yardım verib təsərrüfatı məhv etmək bizə hansı faydaları verə bilər?
Bu asılılıq və ətalət aradan qalxmadıqca Başkeçidin kəndləri inkişaf etməyəcək. Gələcək gənclərin əlindədir. Gənclərimiz maariflənsə bu problemlərin həlli yolunu tapacaqlar.
Cəlal YADİGARLI