XVI əsrdə qoca Avropada yüzlərlə cəngavərlik romanı yazılmışdı.
Və bu mitil-şitil meyl də o qədər artıbmış ki, zaman özü buna qarşı olan, yəni cəngavərlik romanlarına nizə çevirən bir əsər tələb edirmiş.
Belə bir romanı Servantes yazdı. Bu, “Lamançalı Don Kixot” romanı idi.
İndi aradan dörd əsrdən artıq vay-haray vaxt keçir. Çürükçülük olmasın, amma bilirəm sizi inandırmaq çəmən-çayır çətin olacaq: bir zamanlar Süsən-Sünbülü səbir-qərar, sallan-bullan gəzəydin, bir yalan da tapmazdın. Orda yalan, burda yalan. Girvənkə-tərəzi, gəzhagəz, bircə yalan da tapmazdın; sanki bir parça yelayaq yağlı əppəy olub göyə çəkilib.
Amma bir zamanlar yalanlara yer olmayan Süsən-Sünbüldə yalan-palan birdən-birə o qədər artdı ki, sanki rəng-rövnəq cəngavərlik romanları yazılır. Onda qoca Avropanın, Servantesin, Don Kixotun, Sanço Pansanın, Yel dəyirmanlarının pərəstişkarı olan Mirzə Səməndər qərara gəldi ki, yalanlara qarşı mübarizəyə başlasın. Çünki o, hesab edirdi ki, ataların “Yalan ayaq tutar, amma yeriməz” məsəli daha buralarda işləmir. Açığı, yüz bir səbəbdən biri, bəlkə də elə birincisi Süsən-Sünbülün yalan “ixrac” edən məkanlardan yalan “idxal” eləməyi idi. Amma əsas “istehsal” yerli yalanqozlara-yalançılara məxsus idi. İddia edirdilər ki, Süsən-Sünbülü yalanlarla idarə etmək asandır. Hətta Platona (Əflatun) isnad eləyənlər də peyda olmuşdu. Sən demə, bu perifraz, pərvaz Platon öz “Dövlət” adlı dialoqlar əsərində yazıb ki, ideal dövlətlərin filosof-çarları məmləkətin rifahı üçün xeyli “müqəddəs və xeyirxah” yalanlar yaymalıdırlar.
Doğrudur, misilləmə misal üçün, lakonik sözün əmiri Emerson buyurub ki, sitatları görməyə gözüm yoxdur, mənə bildiyindən danış. Buna baxmayaraq, sizə Mirzə Səməndərin topladığı bir neçə “səmayi-şəms” sitat gətirdiyim üçün gərək bağışlamağı bacarasınız.
Əvvəla, Mirzə Səməndəri ən çox ağrıdan bu idi: bir halda ki, artıq bəzi ölkələrdə hətta heyvanlar da “mal” deyil, “can” sayılır, onda bizdə niyə bunun tərsidir? Niyə bir zamanlar yalan üzünə “həsrət” qalan Süsən-Sünbül indi hədərən-pədərən yalanlar heyranıdır? Riyalı, təhrifli, mistifikasiyalı, manipulyasiyalı yalanlar, psixiatrik fenomen yalanlar, simulyasiyalı sintetik yalanlar...
Yalan – aldatmaq məqsədilə deyilən əsassız sözə, yəni doğrunun, gerçəyin ziddinə deyilir. Bunu bilə-bilə bu qədər yalan “briqada”ları, şalbanbaş yalan şəbəkələri, hətta yalan şirkətləri yaradılıb. Nə etməli? Çox dedik, Mirzə Səməndər az eşitdi. Bir yalana inanmaqla insanın düzlüyü-dürüstlüyü əldən getməz axı! Amma hər eşitdiyini danışanlar korlayırdı hər şeyi.
...Mirzə Səməndər əvvəlcə dünyada yalançıları ifşa eləməyin mahir ustası sayılan Sten Uolterin yalan mövzusunda yazdığı kitabını tərcümə eləməyə başladı.
Mirzəyə təklif elədilər ki, yaxşısı budur, yalanla mübarizə fondu yaratsın. Çünki buralarda qeyri-hökumət təşkilatları bayraqları altında yetmişdən artıq fond (?!) yaradılmışdı. Alkoqola, erkən evliliyə, rüşvətə, narkotikə, qadınlara zorakılığa (və s.) qarşı yaradılan bəzi fəlakətzədə fond müəllifləri iddia edirdilər ki, işlər çox uğurlu gedir. Yəni o qədər uğurlu gedir ki, əslində hökumətə bir iş qalmır.
Qəribə idi. Yeriyən yalanlar yuvasında hamı səmimiyyətdən danışırdı...
Hətta bəzi belə idbar iddialar da dolaşırdı ki, bəs deməzsənmi, əslində yalançı – yalanı söyləyəmməyən adama deyilməli imiş. Çünki yalanı söyləyən guya daha yalançı deyilmiş. Allah, Allah...
Mirzə Səməndərin ipə-sapa düzdüyü sitatları da qarışdırdım. Amma daha böyük günahlar var imiş! Belə ki, hər adam yaşadığı altmış il ərzində az qala yüz minə yaxın yalan danışırmış! Hələ Münhhauzen sindromu və s.
Mirzə Səməndər, az qala Servantes misilli, qələm götürdü. Yalan “cəngavərləri”nə qarşı qələm-kağızla çox döyüşdü. Bir şey çıxmadı. Dəryaz götürdü: yeriyən yalanları kərəntiləyirmiş kimi! Bundan da bir şey çıxmadı.
Və günlərin bir gülümbahar günü eşitdim ki, çıxıb Şotlandiyaya gedib. Guya oralarda yalan yox imiş. Çünki Şotlandiya bu boyda düyünlü-düyünçəli dünyada yalnız İngiltərəyə qarşı imiş! Amma o da... futbolda.
Yeri gəlmişkən, Şotlandiyanın adı gələrkən Mirzə Səməndər dərhal oraların xalq şairi Robert Bernsi xatırlayırdı (ən çox da onun “Busə” şeirini), mən isə məşhur şotland tuluq zurnaçılarını.
P.S.
“İnək – otu, pas – dəmiri, yalan – ruhu yeyir”. Bu, ifadə Mirzə Səməndərin sitat dəftərindəndir. Təəssüf ki, müəllifinin adı silinib. Yoxsa sizə göstərərdim.
...Şotlandiyaya salamlar olsun!
İBRAHİMXƏLİL