Rəhmətlik anamın 40 yaşı tamam olanda demişdi ki, 40-ı tamamlayıb 50-yə keçdim, dünya gözümdə yarım əsr dəyişdi.
Həyatı indi başa düşdüm. Sən demə 40-a kimi öyrənirsən, 40-dan sonra danəndəliyin uşaqlığı başlayır, 60-da gənc olursan.
Onda mən özüm də həyatı anlamaz yaşda idim. Dünyaya 40-dan çox aşağının çərçivəsiylə yanaşırdım. 16 yaşım var idi. Dünya xeyirxahlıq, haqq, ədalət, insanlıq, sevgi meydanı idi. Düşünürdüm insanlıqla, savadla, vicdanla dünyanı fəth etmək olarmış. Yaxşılıq, halallıq itməz bir üstqurum... Yalan, böhtan, ədalətsizlik yalnız müvəqqətidir, ayaq tutub yeriməz. Özümə bir dünya qurdum, o dünyada qanunlar anladığım, qəbul etdiyim qanunların məcmusu idi. Ətrafım vicdansız, yalan, böhtançı, nahaq adamlarla dolu olsa da (tələbəlik, ailə həyatı) onların düz yolda olmadığını düşünərək addımladım.
Mən buyam, onlar o! Onlar mən ola bilməzlər, mən onlar olmaram. Zaman gələr hər kəs əməlinin nəticəsini alar – düşünərək yoluma davam edim; xeyirxah, əməli düz, kimsəni paxıllamayan, kiməsəyə kələk gəlməyən, vicdanlı, hamının yaxşı gününə sevinən, fədakar, ərki çatan hər kəsi arayan, axtaran, yaxşısına sevinən, pisinə kədərlənən biri kimi. Demirəm mən ideal idim, yəni mənim də səhvim vardı, amma pis adam deyildim, insafən.
Arzuladığım tələbə həyatını da yaşadım. Ataların sözlərini örnək bildim, təcrübədən deyiblər dedim. Atalar taylı tayını tapar da demişdi, tələbə dostlarım da, həyatıma yoldaş seçdiyim, sevdiyim insan da eyniyyətim idi. Eyni düşündük, eyni addımladıq.
Beləliklə, gəlib çatdıq anamın dediyi, zamanında fərqində olmadığım, amma yaddaşımda qalan, vərəqlədikcə gözüm önündə canlanan həmin o 40 yaş fəlsəfəsinə. Atalar sözü məcazi mənada deyilir, əslində nəsihətin ata sözü, ana sözü olmaz! Nəsihət təcrübədən gələn örnək imiş.
Anamın ata sözü qulağında səsləndi. Döndüm geri baxdım, haqla, vicdanla, əməli düz yaşadığımız 40 yaşa. Yalnız 15 ilin ailə həyatı bəs idi ki, yaşanmış ömrü mizana çəkim. Çəkdim və müqayisə etdim. Nəticə məni qırdı. Çox qırdı. Bəlkə az yaşdı deyən olar, gələcək irəlidə... Yox, həyatı düşündüklərimin əksi ilə addımlayanların həyatına baxanda uduzduğumu dərk etdim. Sən demə anamın danəndəliyə baxışının başlaması bu imiş – həyata nə qədər saf baxmağımın şahidi oldum.
Fiziologiyada epifiz vəzi adlanır, bu vəz beyində yerləşir. Bioloji saat da deyilir, insanların duyum hissidir, müxtəlif insanlarda müxtəlif dərəcədə aktivdir (təfəkkürdən asılıdır). Ədəbiyyatda buna üçüncü göz – ürəyin gözü də deyilir. İslamda bəsirət gözü adlanır.
Bəli, bəsirətli insanların faciəsi odur ki, onlar qarşıdakı insanın danışdığını yox, düşündüyünü görə bilirlər. Qəlbinin işığını hiss edir. Onlara yalan danışmaq mümkünsüzdür. Onlar susaraq yola verir, yaxşılığından qalmır, balıq bilməz, xaliq bilər düşünürlər.
Mənim bəsirət gözüm var idi, sadəcə həyata insanlığın zirvəsindən baxırdım. Bəsirət gözümü indi açaraq baxdım. Gördüklərim məni dəyişdi. Ətrafımda adamların qəlbindəki qaranlıqları gördüm. O qaranlıqda nələr yoxmuş?! Vicdanla, düz əməllə, halal yaşadığım həyatıma baxdım və utandım. O qaranlıq qəlbli adamların böhtanlı, yalanlı, ayaqlayıb keçən, sonra da heç nə olmamış kimi gülümsəyərək ətrafına dönən insanların həyatına baxdım və anamı başa düşdüm, təəssüf ki, indi başa düşdüm. Örnək bildiyim nəsihətli sözləri xatırladım. Artıq əmin oldum ki, həmin o ataların da sözləri yarısı 40 yaşa qədər, yarısı da 40 yaşdan sonra deyilibmiş.
El üçün ağlayan gözündən olar, keçmə namərd körpüsündən, qonşu qonşu olsa və s. kimi deyimlərimiz də var axı...
Mən birinci hissəni qəbul etmişdim.
Həyatımın isə ikinci hissəsini başladım – qocalığın uşaqlığıyla. Elə bu uşaqlıq inadkarlığı ilə qərar verdim ki, yeni qanunlarla başlayıram həyatımı.
Hörmətlə, qayğıkeşliklə, fədakarlıqla yanaşdıqca hamı bunu mənim borcum bildi, etməliyəm düşündü. Kimsə sağ ol demədi, etməzlər üçünsə kimsə dinmədi. Çünki elə qəbul etdilər. Onlar elə olmalıdır, sən belə.
Yeni qərarım mənə çətin, kənardakılar üçün qəbuledilməz olsa da artıq belə olmalıyam: yaxşılığa yaxşılıq et, yamana yamanlıq, kimsə üçün fədakar olma, özünü və öz ailəni öndə düşün. Düzdür, pis xislətlər genetikdir, istəsəm də edəmmərəm, amma laqeydliyi öyrənməyə çalışacam.
Qocalığın uşaqlığıyla dəcəlcəsinə addımlayıram üzü gəncliyə doğru. Əsl gəncliyi kitablarla, ailə qayğılarıyla yola verdim, inşallah, qocalığın gəncliyini nəvələr əhatəsində həyatı həqiqətən dərk edən, qiymətləndirən və anlayan nənə kimi ailəmlə birlikdə olmaq arzusuyla...
Tanrıdan sağlam qocalıq və ailəmin ətrafımda olmasını istəyirəm. Amin!
Müəllif: Esmira Ələkbərli