Cəmiyyətin var olmasında fərdlərin bir araya gələrək təşkil etdiyi və müqəddəs bir müəssisə olaraq dəyərləndirdiyimiz ailə, demək olar ki, bütün dinlərdə də diqqət mərkəzində olmuş və bu müəssisənin qorunmasına çalışılmışdır.

 

Ailə nikah vasitəsilə bir araya gələn qadın və kişinin qurduğu bir bağla meydana gəlir. Dinimizdə də nikaha əhəmiyyət verilmiş və bu ənənənin qorunması yolunda çalışılmışdır.

 

Bununla belə, son zamanlarda yaşanan modernləşmə və dünyəviləşmə kimi genişmiqyaslı dəyişikliklər fərdlərin evlilik və ailə həyatına baxışını əhəmiyyətli dərəcədə dəyişmişdir.

 

İslamın evlilik və ailə həyatına böyük önəm verdiyi, bu qurumlara həm Quranda, həm də sünnədə əhəmiyyətli yer ayırdığı görülməkdədir. Qurani-Kərimdə “Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir...” (Rum, 21). Hədisdə isə “Qadınlara bənzəməyə çalışan kişilərə Allah lənət etsin” buyurulur (Əbu Davud Libas, 30, Camius-Sağir 2/124).

 

Diqqət etsək görərik ki, ayədə ailə quruluşunu möhkəm təməllər üzərində qurmaq üçün sevgi və mərhəmət kimi ünsürlərə yer verilmişdir. Bu məsələlər birliyin, həmrəyliyin, sülhün təmin olunması üçün çox vacibdir.

 

Cinslərin bir-birinə bağlanmasına təsir edən digər mühüm amil də onlara çoxalma, başqa sözlə, törəmək gücü və qabiliyyətinin verilməsidir. Bu hiss və güc bəşər övladının qorunub saxlanması üçün çox vacibdir. Halbuki, ilahi iradə bu ehtiyacı qanuni şəkildə, yəni evlilikdə qeydə almışdır. Bu ehtiyacın qeyri-qanuni yollarla təmin edilməsi zina kimi müəyyən edilmiş, zina və ona səbəb olan hər şey qəti şəkildə qadağan edilmişdir. Bununla birgə evlilik özü ilə birlikdə mehir, ailənin qorunması, övladların bərabər şəkildə sevilməsi, onların düzgün tərbiyə edilməsi kimi bir çox məsuliyyətlər gətirməkdədir.

 

Ancaq zamanımızda qloballaşan dünyada ailə həyatına əhəmiyyət verməyən və nəfsi və zövqü üçün yaşayan nəsil yetişməkdədir. Bu nəsil isə öz həmcinsləri ilə ailə qurmağı, cinsi münasibətdə olmağı üstün tuturlar ki, bu da həm dini nöqteyi nəzərdən, həm də milli mentalitet baxımından əxlaqsızlıq olaraq görülməkdədir. Çünki ailə bir kişi və bir qadının evlənməsi ilə və uşaqların olması ilə meydana gəlir. Ancaq iki kişinin və ya iki qadının bir-birilə evlənməsi ailə olmaz. Nə yazıq ki, bu gün bu əxlaqsızlığı dəstəkləyən, buna mədəniyyət, inkişaf və ya irəlilik deyən gənclərimiz də az deyildir.

 

Həmcinslərin cinsəl əlaqəsi hər dövrdə və hər mədəniyyətdə əxlaqsızlıq olaraq dəyərləndirilmiş və bütün dinlərin də bu əxlaqsızlığa qarşı mübarizəsi olmuşdur. Elə bu səbəblə də ölkəmizdə cinsi azlıqların yürüşü keçirilən günü, yəni 17 may tarixini Ailə Müqəddəsliyi Günü olaraq qeyd etməyə başlayıblar.

 

Ailə həyatı bəşəriyyət yaranandan bəri mövcuddur. Bundan əlavə, ailə institutu bütün tövhid dinlərində yüksək yeri tutmuşdur. Qiyamətə qədər də bu əhəmiyyətli yeri tutmaqda davam edəcəkdir.

 

Hacı BƏKİROĞLU