Sual versələr ki, həyatınızda bir gün media olmasa bütün günü nə edərdiniz? Bu suala cavab belə axtarmamışam, çünki mediasız bir günümü təsəvvür edə bilmirəm.
Keçmişlə müqayisədə media bu gün o qədər inkişaf edib ki, dünyanın hər bir guşəsindən istədiyimiz vaxt xəbərdar oluruq. İstər müharibə, istər cinayət, istər oğurluq hadisəsi, istərsə də zəlzələ və s. Bir çox mövzunu misal çəkmək olar. Bir sözlə, dünyanın hər yerində baş verən hadisələri medianın köməyi ilə yaxından izləyirik.
Media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Media vasitəsi olaraq televiziya, qəzet, radio, internet hesab olunur. Bunların içərisində ən çox istifadə edilən internetdir. Hər səhər oyanan kimi, görəsən, bu gün yeni bir xəbər varmı, deyə telefonları açırıq. Çünki günümüzdə istədiyimiz hər şeyi internetdə tapırıq. Bildiyimiz kimi, artıq qəzet, jurnal və bu kimi vəsaitləri oxuyanların sayı günü-gündən azalır. Çünki bu gün çoxumuz dünyada baş verən hadisələri çox asanlıqla sadəcə bir düyməyə toxunmaqla internet vasitəsilə öyrənə bilirik.
Medianın vasitəsilə insanlar bir-birləri ilə daima əlaqədə olurlar. Bir günümüzü belə ayrı keçirə bilmədiyimiz, demək olar ki, hər saat baş çəkdiyimiz sosial media da bunlardan biridir.
Bu gün hər birimiz sosial mediadan məqsədli və məqsədsiz şəkildə istifadə edirik. Sosial mediadan istifadənin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərindən danışsaq, cəmiyyətimizin inkişafında olduqca böyük rolu var. Biz sosial media vasitəsilə onlayn tədbirlərə qoşulur, seminarlarda iştirak edə bilirik. Elmi araşdırmalar edir, bir çox əldə edə bilmədiyimiz kitabları PDF şəklində endirib oxuya bilirik. Adını eşitdiyimiz, amma görmədiyimiz yerləri araşdırıb dünya görüşümüzü artırırıq. Media vasitəsilə bir çox şirkətlər öz məhsullarını reklam edirlər. Bəziləri üçün sosial media qazanc mənbəyidir. Yüzlərlə onlayn satış səhifələrindən alış-veriş edirik. Təbii ki, bu da səhifə sahibləri üçün qazanc deməkdir. O cümlədən sosial media insanlar arasında ünsiyyət vasitəsidir. Dostlarla hal-əhval tutub, yeni insanlarla tanış oluruq.
Lakin bütün bunlara baxmayaraq, müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Sosial medianın mənfi tərəflərindən biri gəncləri aktiv həyatdan uzaqlaşdırmasıdır. Sosial mediada həddindən artıq çox vaxt keçirmək insanı hərəkətsiz edir. Sosial mediada gənclər artıq yazışmağa daha çox üstünlük verdikləri üçün yaza bilən, amma nitq qabiliyyəti olmayan gənclərin sayı artır. Gənclər üz-üzə söhbət etmək yerinə yazışmağı seçirlər. Telefon və ya kompüter arxasında olduqca doğru və yerində sözlər istifadə etməyi bilən bəzi gənclər üz-üzə ikən danışmağı bacarmırlar.
Biz gənclər, ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoysa daha yaxşı olar. Saatlarla ekranı yuxarı sürüşdürərək vaxtımızı itirmək yerinə, vaxtımızı daha maraqlı şeylərə sərf edə bilərik.
Media bizi məlumatlı edir. Məlumatlı insan isə həm özü, həm də ətrafı ilə bağlı daha düzgün qərarlar qəbul edə bilir.
Müəllif: Aytən Fətullayeva