Artıq yay mövsümünün o qızmar, təsirli günlərini yaşayırıq. Ətrafımızakılardan kimiləri artıq çantasını yığıb tətil üçün bir yerlərə yollanıb, kimiləri də “Bu il hara getsəm daha yaxşı dincələrəm?” deyə tətil planları haqqında düşünür. Kimiləri də “qonşudan qalma dala” psixologiyası ilə bank-bank gəzib dolaşdıqdan sonra yığdığı kreditlərlə planladığı tətil yolçuluğuna hazırlaşırlar. Şəhərin səs-küyündən, insanı əsəb xəstəsi edən tıxaclardan və gündəlik iş rejiminin yorğunluğundan qaçmaq istəyi bu mövsümdə hamımızın ortaq arzusuna çevrilir.  

 

Biz tətili, əksər hallarda sadəcə “işə getməmək” və ya “boş vaxt keçirmək” kimi qəbul edirik. Lakin dərindən baxıldığında tətil insanın sosial bağlarını bərpa etməsi, öz daxili dünyasına nəzər salması və yaradılış qayəsini yenidən təfəkkür etməsi üçün gözəl bir fürsətdir.

 

Gündəlik qayğılar, gərgin iş qrafiki və rəqəmsal dünyanın bizi dörd tərəfdən mühasirəyə alması cəmiyyətdə insanı get-gedə tənhalaşdırır. Ən acınacaqlısı isə odur ki, bəzən eyni evdə yaşayan ailə fərdlərinin ünsiyyəti belə mexaniki bir hala çevrilir. Eyni damın altında valideynlər uşaqların necə böyüdüyünü görə bilmir, uşaqlar isə valideynlərin nəvazişini və qayğısını tam hiss edə bilmirlər.

 

Məhz bu məqamda tətil, ailə bağlarının yenidən canlandırılması üçün ən təsirli sosial vasitə kimi köməyimizə çatır. İş mühitinin gərginliyindən uzaqlaşaraq sevdiklərimizlə keçirdiyimiz zaman sadəcə ortaq xatirələr yaratmır, həm də ailədaxili etimad və səmimiyyəti yenidən bərpa edir. Tətil günlərində fərqli coğrafiyaları gəzmək, yeni insanlarla tanış olmaq, kənd həyatını və təbiəti müşahidə etmək insanın sosial dünyagörüşünü genişləndirir, cəmiyyətə və fərqli həyatlara qarşı empatiya hissini gücləndirir.

 

Məsələyə inanc pəncərəsindən baxsaq, islam dininin tənbəlliyi, vaxtı tamamilə boş və faydasız işlərə xərcləməyi bəyənmədiyini görərik. Möminin zamanı qiymətlidir. Lakin islam insanın psixoloji və bioloji ehtiyaclarını da heç vaxt göz ardı etmir. Böyüklərimizin “Ruhlarınızı zaman-zaman dincəldin, çünki ruhlar yorulduqda qəlb korlaşar” tövsiyəsində bədənin və zehnin istirahət haqqını açıq şəkildə ortaya qoyur.

 

Bizim anlayışımızda istirahət etmək tamamilə hərəkətsiz qalmaq və ya günlərlə yatmaq demək deyil. İnşirah surəsinin 7-ci ayəsində Uca Allah buyurur: “Bir işi bitirdikdə dərhal digər bir işə yönəl”. Ayənin bizə ötürdüyü məntiq möhtəşəmdir: Tətil zehnimizi yoran gündəlik işlərdən ayrılıb, ruhumuzu bəsləyən digər faydalı sahələrə – kitaba, elmə, qohum ziyarətinə (sileyi-rəhmə) və xeyir əməllərə yönəlmək dövrüdür. İslamda tətil ibadətdən və məsuliyyətdən uzaqlaşmaq deyil, əksinə, ibadətləri daha gümrah və hüzurlu bir qəlblə yerinə yetirmək üçün enerji toplamaq mərhələsidir.

 

Tətilin ən önəmli, bəlkə də gözardı edilən tərəfi onun mənəvi yönüdür. Gündəlik şəhər səs-küyü, beton binalar və bitməyən işlər insanın daxili dünyasını aşındırır. Tətil günlərində təbiətin qoynuna çəkilmək, bir dənizin sakitliyini, uca dağların əzəmətini, yarpaqların rəqsini seyr etmək sadəcə vizual bir gözəllik deyil, eyni zamanda insanın ruhunu dincəldən böyük bir mənəvi dəstəkdir.

 

Qurani-Kərim bizə tez-tez yer üzünü gəzməyi və yaradılış möcüzələrinə baxmağı tövsiyə edir. Təbiətdəki bu mükəmməl nizamı seyr etmək dildə “Sübhanallah”, qəlbdə isə dərin bir təfəkkürə çevrilir. İş mühitinin gurultusundan uzaqlaşan insan daxili səssizliyə qovuşur və öz ruhunun səsinə qulaq asır.

 

Nəticə olaraq deyə bilərik ki, tətil bir qaçış deyil, bir dönüşdür. İnsanın özünə, ailəsinə, təbiətə və Yaradanına doğru etdiyi mübarək bir səfərdir. Doğru planlaşdırılmış, daxili dünyamızı zənginləşdirən bir tətildən sonra insan işinə və cəmiyyətə sadəcə dincəlmiş bədənlə deyil; mənəviyyatı güclənmiş, zehni aydınlanmış və ruhu yenilənmiş bir fərd olaraq geri dönür.

 

Hacı Bəkiroğlu