Ağız deyəni qulaq eşitməyən dünyada danışmaq görünür enerji və vaxt itkisidir. Mən susmağı qızıl sayanlardan deyiləm, mənə görə, susmaq mütilik əlamətidir. Əlbəttə, ağız-ağıza verib boş, mənasız, faydasız qışqır-bağırın, hay-küyün də tərəfdarı deyiləm. Təəssüf ki, homo sapiensin iki qulağı, bir ağzı olmasına baxmayaraq, az dinləyib, çox danışır. Mən çox dinləyib az, amma düz danışmağın tərəfdarıyam, həm də – “Az danış, düz danış”.
Bir çox cəmiyyətlər ağzı öpüşmək, yemək, içmək, danışmaq üçün istifadə edirlər. Bizdə isə ağız ya təkcə yemək üçün istifadə olunur, ya da sadalananların hamısını eyni anda edirik – yeməyi ağzımıza doldurub danışır, daha doğrusu, ağzımızda yemək boğula-boğula qışqırıb qarşımızda oturanın üz-gözünü ağız suyumuzla qarışmış yemək qırıntıları ilə çiləyirik. Xüsusən də, toy məclislərində musiqinin səsindən qışqıra-qışqıra danışanların ağızlarından sıçrayan yemək qəlpələri çoxumuzun üz-gözünü yaralayıb, süfrədəki yeməklərin üstünə yağıb. Belələri üçün susmaq həqiqətən də qızıldır, bəlkə də platindir.
Səkkiz milyarddan çox ağız olan dünyada hərə ağzını bir cür istifadə edir. Bu, normaldır. Kiməsə öpüşməyi, yeməyi, içməyi, danışmağı qadağan etmək olmaz. Amma bilmədən, araşdırmadan ağzına gələni danışmaq; ağzında söz durmamaq; kimisə səhv olaraq coşdurmaq üçün ağzına ağız vermək; öz fikri, mövqeyi olmadan onun-bunun ağzına baxmaq; lovğalanaraq ağzına çullu dovşan sığmamaq; kimisə susdurub ağzına daş basmaq və ya ağzına sümük atmaq; haqsızlığa susaraq ağzına su almaq; kiməsə rüşvət verərək ağzına atmaq, ağız əymək, ağızla kimisə “yaralamaq”, qeybət etmək isə normal deyil.
Yemək üçün yaşayanlar məhz ağızlarını daha çox yemək üçün işlədirlər. Bəli, yaşamaq üçün yeyənlər də ağızlarını yemək üçün işlədirlər, amma qədərində, həm də təkcə yemək üçün deyil, danışmaq üçün də işlədirlər. İnsanla heyvanı fərqləndirən əlamətlərdən biri də budur: heyvan ağzını daha çox yemək üçün işlədir. Mədəsi dörd kameralı heyvanlar isə qidalandıqdan sonra hələ saatlarla o qidanı təzədən gövşəyirlər də. İnsanın isə mədəsi yox, ürəyi dörd kameralıdır...
Ürəyimiz dörd kameralı olsa da, bir ağzımız və bir dilimiz var. Bu dili şirin, ya acı etmək, ağzımızı təkcə yemək üçün deyil, həm də danışmaq, özü də yerində danışmaq, gözəl danışmaq, həqiqəti danışmaq isə əxlaqımız, mədəniyyətimiz, tərbiyə və təhsilimizlə bağlıdır. Hər kəs ağzı ilə öz əxlaqını, mədəniyyətini, tərbiyəsini, təhsilini və insanlığını göstərir.
Burada məşhur bir pritçanı tirajlayaraq fikrimi tamamlayıram. Çalışın, ağzınıza sahib çıxasınız.
Qədim zamanlarda müdrikliyi ilə tanınan Loğmandan ağası bir gün xahiş edir:
– Bazardan bir qoyun al, kəs və onun ən yaxşı, ən ləzzətli iki tikəsini bişirib mənə gətir.
Loğman bazara gedir, qoyun alıb kəsir və ağasına onun dilini və ürəyini bişirib gətirir. Ağası yeməyi böyük həzzlə yeyir və Loğmanın seçimini bəyənir.
Bir neçə gün keçdikdən sonra ağası Loğmanı yenidən yanına çağırıb deyir:
– İndi isə get, başqa bir qoyun al, kəs və bu dəfə onun ən pis, ən acı iki tikəsini bişirib gətir.
Loğman yenidən bazara gedir, qoyun alır və bişirib ağasının qarşısına yenə dili və ürəyi qoyur.
Ağası təəccüblənib soruşur:
– Mən səndən ən yaxşı tikəni istədim, dil və ürək gətirdin. Ən pisini istədim, yenə dil və ürək gətirdin. Bu necə ola bilər?
Loğman gülümsəyərək cavab verir:
– Ey ağam, ağızdan çıxan söz və ürəkdən gələn niyyət təmiz, xeyirxah və mehriban olarsa, dünyada dildən və ürəkdən daha şirin, daha gözəl heç nə ola bilməz. Amma ağız yalan söyləyərsə, acı sözlər saçarsa və ürək kinlə dolarsa, dünyada dildən və ürəkdən daha pis, daha zəhərli heç nə yoxdur. Ağız həm bərpa edən məlhəm, həm də yaralayan qılıncdır.
Azər Musaoğlu