Bir-birindən barmaq izi ilə fərqlənən insanların anatomiya və fiziologiyasında heç bir fərq olmur. Bir bioloq, fizioloq kimi öz müşahidələrim nəticəsində müəyyən etdim ki, insanların yaşadığı mühit onun fizioloji və psixoloji quruluşuna təsir edir. Fikrimi əsaslandırmaq üçün bir az gendən başlayım.
Müşahidə və mütaliə ilə müəyyənləşdirdim ki, insanların genində bir genetik kod var, hansı ki, onun kimliyini müəyyənləşdirir. Məsələn, Azərbaycan mühitində, gürcü mühitində, rus, Avropa mühitində insanların genetik kodu bir-birindən fərqlənir. Bu kod isə bizim fiziologiyamıza, həyat tərzimizə, düşüncəmizə belə təsir edir. Bəli, siz bəlkə təfəkkür deyə düşünəcəksiniz. Əgər mən desəm ki, bu təfəkkür bizim fiziologiyamıza da təsir eləyir, inanarsınızmı?
Bax, məsələn, heç bir Avropa ölkəsində “çöp” nəfəs borusunda qalmır. Dünyanın heç bir ölkəsində göbək düşmür. Biz 40 dərəcə istidə 80 dərəcəli çay içərək yanğımızı kəsirik. Bizə soyuq dəyəndə, iltihaba məruz qalanda mürəbbəli çay içirik, banka qoyub sağalırıq. Müasir təbabət heç vaxt bu barədə heç nə danışmır, hətta qəbul etmir. Ancaq bu, bizim fiziologiyamıza təsir edir. Hətta belə bir müşahidəm də olub ki, hər bir insanın yaşadığı ərazisindəki faydalı bitkilər – meyvə, tərəvəz onun sağlığına daha müsbət təsir edir, nəinki “əcnəbi” – xaricdən gətrilən meyvə, tərəvəz... Düzdür, bəziləri bu fikirləri utopiya qəbul edirlər, yəni xəyal nəzəriyyəsi kimi.
Bəzi elmi nəzəriyyələrdə belə hesab edirlər ki, hər bir daşın, hüceyrənin, bitkinin öz aurası, öz enerjisi var. Etiraf edirəm ki, bu nəzəriyyələri mən qəbul edirəm, inanıram. İnanıram ona görə ki, o bizim genetik kodumuza daxil olur və həmin kod bizim təsəvvürümüzü dəyişir, şüuraltı olaraq sağlığımıza təsir edir. Tutalım, biz savadlılar qəbul edirik ki, fala baxdırmaq cahillikdir, acaq bizim bir atalar sözümüz də var: “Fala inanma, faldan da qalma”. Biz üzdə savadlı bir insan kimi bunu qəbul etmirik. Amma içimizdə bir işıq orada nəsə axtarır və ona inanır. Bəli, inanır. Ona görə ki, bizim uzun illər, çox uzun illər genetik kodumuzda o var. Hamımızın eşitdiyi bir həqiqəti xatırladım. Millətimizin elə bir nümayəndəsi yoxdur ki, onun evində hansısa bir parçada, pərdədə, yorğan üzündə yağ parçası gördükdə ilk düşündüyü bunun qurd yağı olması olmasın. Niyə biz qurd yağını düşünürük? Niyə qaz yağı düşünmürük? Niyə qoyunun yağını düşünmürük? Biz məhz qurd yağı düşünürük. Psixoloqlar belə araşdırma ediblər ki, qurd parçalamağa qadir olan bir heyvandır. O, yalnız parçalayır, heç vaxt əhliləşmir. Buna görə də onun bütün enerjisi piy qatında ehtiyat halında toplanır. Və həmin piy qatı istifadə olunduqda həmin insanın həyatına bir parçalama xüsusiyyəti gətirir. Yəni bunu parapsixoloqlar bu şəkildə izah edirlər. Ancaq maraqlı tərəf odur ki, hansısa bir afrikalının evindən qurd yağı çıxırsa, bu həmin afrikalıya heç vaxt təsir etmir, heç rusa da təsir etmir. Çünki onların genetik kodunda qurd yağından qorxu, onun parçalama hökmünü dərk etmək yoxdur. Eyni zamanda, Afrikada hansısa bir qəbilədə fil sümüyündən nəsə bir əşya düzəldirlər, bu, buynuz da ola bilər, bir bəzək əşyası kimi diş də ola bilər. Həmin əşyanı yaxasından asır və bu onun talismanına çevrilir, o əşyadan cadu məqsədiylə də istifadə eləyirlər. O, onların ölümünə də səbəb ola bilər, xoşbəxtliyinə də səbəb ola bilər. Amma istənilən birimizin evindən fil sümüyünün tapılması, onun yaxamızdan asılması, onun həyatımıza daxil olması bizi qətiyyən narahat edə bilməz. Ona görə ki, bizim genetik kodumuzda fil sümüyündən qorxmaq, yaxud fil sümüyünə inanmaq adlı bir məlumat yoxdur. Deməli, bizim genimizə hətta milli xüsusiyyətlərimiz də daxil olub.
Bəlkə də xoşbəxtliyimiz, bəlkə də faciəmiz ondadır ki, bizim genetik kodumuz çoxşaxəli, maraqlı, sevindirici, həm də kədərlidir. Çünki elə xüsusiyyətlər var ki, biz onunla fəxr edirik. Bu xüsusiyyətlərimizə namus deyirik, ləyaqət deyirik, vicdan deyirik, amma bəzən də bu genetik kodumuzun kənara çıxmalarına narazılıq edirik. Elə xüsusiyyətlərimiz var ki, onların varlığı belə həyatımıza mane olur. Biz bunlara milli xüsusiyyət deyə bilmərik. Çünki elə bir əlamətlər olur ki, biz öz təfəkkürümüzün varlığı ilə onu sıradan çıxardırıq. Əgər o düzgün deyilsə, əgər o lazım deyilsə öz düşüncəmizlə onu həyatımızdan silirik. Amma elə əlamətlər var ki, onu biz istəsək də silə bilmirik. O bizim genetikamızın artıq vacib hissəsində dayanır. Dediyim kimi, o sanki bizi idarə edir. Biz düşüncəli şəkildə onu qəbul etməsək də, genetik kod onu bizə qəbul etdirməyə çalışır, istəyir və o həyatımıza hakim olur.
Türkiyədə təhsil almış qohumum danışırdı ki, Türkiyə Cümhuriyyəti qurulanda belə bir tapşırıq veriblər ki, azan ana dilimizdə çəkilsin. Azançılar “Namaza gəlin, namaza” deyə nə qədər yüksək avazla minarədən səslənsələr də kimsə namaza başlaya bilmir ki, ruhumuzu tərpətmədi. Bax, dediyim genetik kod 1400 ildə bu avazla genimizə daxil olub. Azan səsiylə sanki kövrəlirik, ana laylasıyla duyğulanırıq, mənasının mərhumla heç bir əlaqəsi olmayan “Yasin” surəsiylə rahatlıq tapırıq...
Deməli, genetik kod bizim tarixi yaddaşımızla əlaqəlidir. Biz istəsək də o çərçivədən çıxa bilmirik. Biz iradəmizlə həyat tərzimizi dəyişməyə çalışırıq. Təfəkkürümüzlə, düşüncəmizlə, savadımızla özümüzü tam idarə etməyə çalışırıq. Ancaq genetik kodumuz tarixi yaddaşa arxalanır və bu zaman bəzən toqquşma da yaranır. Bu toqquşma şüuraltı şəkildə bir beyin mexanizminə daxil olur. Bəzən irad etdiklərimizi yuxumuzda görürük. Bax, həmin yuxu şüuraltı şəkildə genetik kodun törəməsidir. O, ondan qaynaqlanır. Qəbul etməsək belə mütləq həmin genetik kod yaddaşdan qaynaqlanır və bizim həyatımıza təsir edir.
Beləcə biz dünənimizin övladlarıyıq, necə ki, divarı boyayırlar, üz tökülür astar çıxır, divarı da zaman aşılayır. İnsanların genetik kodu çox uzağa getmədən biruzə verir. “Sən o sən deyilsən” deyərək mübarizə aparsaq da, nənələr deyərdi qanımızda var, a bala. “Danış səni tanıyım” deyən Sokrat da elə yəqin bunu deyirmiş.
Esmira Ələkbərli