AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Bəxtəvərlərin, avropalıları deyirəm, uşaqlarının hər havaya düşən oyuncaqları, böyüklərinin hər havaya uyğun geyim-gecimi var. Bunları val biçimli oyun meydançasında bölük-bölük olub müxtəlif oyunlar oynayan uşaqlara baxaraq fikrimdən keçirirəm. İki zənci uşaq futbol fəndləri yerinə yetirir, yəqin ki, anaları olan qadınsa saçlarının cin düyünü uzaqdan da nəzərə çarpan balaca qızcığazın əlindən tutaraq, onların oyununa tamaşa edir. Meydançanın bir başında beş-altı yeniyetmə oğlan-qız bütün əməl-salahları yerli yerində boksla məşğuldur. Qar yağdımı xizəkləri, kirşələri hazır. Ayaqlarında konkiləri buzda sürüşəcəklər. Düzdür, qazan qapağında oturub sürüşənlər də gözə dəyir. Yağış yağdımı uşaqlar rəgbərəng “botu”larını geyinib gölməçələri şığanacaq, yağışın ləzzətini çıxaracaqlar. Böyüklərin çətiri, yağmurluğu da əllərinin altında hazır.

 

Qardan söz düşmüşkən, fevralın birinci ongünlüyündə yağan qar özünün bəyazlığı ilə könüllərə sığal çəkdi, uşaqlara bir dünya sevinc bəxş etdi. Bir həftə sürən şaxtalar bu bəyazlığı saxlasa da, özünü yetirən isti hava qarı da, onun bəyazlığını da silib-süpürüb, apardı. Elə bil nə qar yağıbmış, nə də onun gözqamaşdırıcı süd bəyazlığı varmış.

 

Növbəti həftə istisiylə gəldi dedim ha, həmin həftə boşluğu doldurmaq üçün evdən çıxıram. Virtual dünyadan gerçək dünyaya keçid alıram. Sözarası deyim ki, Niderland insanı evindən çıxanda da, evinə girəndə də təbiətlə üzləşir. Eşikdə də, içəridə də, evinin kandarının hər iki tərəfində o, təbiətin bir parçası olduğunun fərqindədir.

 

Əvvəl-əvvəl dünəndən unutduğum gerçəkliyə uyğunlaşmaq üçün binanın qarşısında ayaq saxlayıram. Sonra piyada keçidinə yön alıb “Kuridvat”ın, “Jumbo”nun arxasına keçərək, Bovensim küçəsi boyunca uzanan kanala yaxınlaşıram. Kanalda üzən su quşları ilə – ördəklərlə, qaşqaldaqlarla, əzəmətli qu cütlüyü ilə, qağayı dəstəsilə qarşılaşıram. Onları yemləmək üçün gəldiyimi düşünən su quşları kanaldakı işlərini yarımçıq qoyub, sürətlə sahilə çıxırlar. Haradan peyda olduqlarını sezmədiyim, gözünün içinə qədər zülmət qarası qarğalar özlərinə sahilə çıxan su quşlarının arasında yer edirlər. Məni başa düşəcəklərmiş kimi bu kömür qarası qarğalara: “Bunlar yedilər, sizə qalmadı” – deyirəm. Bir dəstə al-əlvan göyərçin də quşların məclisinə qarışır.

 

Bir az quşlarla söhbət edirəm. Tez-tez bu qanadlı varlıqlarla təmas adama “quş dili” öyrədir. Bu dil sufi-dərvişlərin “quş dili” olmasa da, gerçək quşlarla insanın yaratdığı bir ünsiyyətdir. Demirlərmi Süleyman peyğəmbər bütün quşların dilini bilirmiş. Elə bizim Ovçu Pirim  də az aşın duzu deyilmiş, o da Süleyman peyğəmbərdən geri qalmırmış. İnanın buna. Bir dəfə, iki dəfə, ötəndə üç dəfə onlarla təmasa keçdinmi yetər. Onların nə istədiyini biləcəksən. Quşlar da insan ha deyillər səndən at və ya dəvə istəyələr. Uzağı bir ovuc dən, bir-iki tikə əppək. Quşun bundan artıq istəyi də olmaz. Ağzında quş deyirsən. Nə canları-cələfləri var ki, böyük-böyük iddiaları da olsun. Söhbətin yırtıcı quşlardan getmədiyini bilirsiniz.

 

Ələ öyrəşmiş quşların insanlardan qorxacaq halları yoxdur. Ac qalanda doyuzdurursa, təhlükələrdən qoruyursa insanlardan niyə qorxsunlar ki? Üzülərək deyim, bizim insanımız bu çöl quşlarını görüncə, onları necə qazana basmağı, necə şişə taxmağı, bozartmalıqmı, qızartmalıqmı, kabablıqmı etməyi düşünür. Avropada bu düşüncə çoxdan tarixə qovuşub, keçilmiş mərhələyə dönüb. Şəhərləşmənin sürəti heyvanların yaşayış sahəsini daraltsa da, insanlar onlarla bir yerdə yaşamağa öyrəşmiş, onları həyatlarının bir parçasına çevirmişlər. Elə mənim söhbətləşdiyim bu quşlar kimi. Onlar insanların əlçatarında yuvalayır, nəsilbənəsil insanlarla eyni məkanı bölüşürlər. Allahın altında hamıya – insana da, heyvana da, quşa da, böcəyə də yer var. Yetər ki, bir yerdə yaşamağa niyyətin olsun. Üstəgəl də, heyvanlar üçün nə lazımdır? Qarnını doyurmaq üçün yem, başını daldalamaq üçün yuva. Heç bir quşun iki-üç yuva qurduğunu, bir dovşanın maşın istədiyini, bir kəpənəyin qızıl boyunbağı taxdığını, bir meymunun botoks etdirdiyini görmüsünüzmü? İnsan ha deyil, gözüylə gördüyündən kirə istəyə, hər gözünə dəyənə mənimdir və ya mənim olsun deyə.

 

Yazının lirik bir sonluqla bitməsini istədiyimdən aşağıdakı kiçik abzaslar belə alındı. Yoxsa başqa bir umacağım yoxdur, ağlınıza başqa zad gəlməsin.

 

Kanalın üstündən keçən piyada körpüsündə xeyli dayanmalı oluram. Suların mavisində əks olunan göyüzünün saman sarısı günəşinə, alatala buludlarının ağlığına, uca ağacların güzgülənirmiş kimi kanalda görünən hərəkətli şəkillərinə baxıram.

 

Özümü transa, ekstaza getmiş, öz sufiyana sözümüzlə desəm, hallanmış kimi hiss edirəm.

 

...Göyün yerlə qovuşduğu bir məkanda olduğumu fikrimdən keçirib, itirdiyi oyuncağını tapmış uşaqdan betər oluram. Hərdən uşaq ağıllı olmağın nəyi pisdir ki?..

 

Afiq MUXTAROĞLU

Niderland