Bildiyimiz kimi, həyatda hər şey, necə deyərlər, gəldi-gedərdi. Yəni hər şey ötəridir. Həyatımızda əbədi qalan yalnız xatirələrimizdir. Hisslərimizi oyadan kövrək musiqi dinlədikdə xatirələrimiz bir anlıq belə olsa əlimizdən tutub bizi keçmişə – acılı, kövrək, sevincli günlərə aparır. Yaşadığımız hadisələr, istər pis, istərsə də yaxşı olsun, yaddaşımızda qalır və yavaş-yavaş xatirələrə çevrilir. Elə günlər vardır ki, necə keçdiyini bilmirik, ancaq bir gün yadımıza düşdükdə günlərin necə tez keçdiyini məhz onda anlayırıq. Etdiyimiz səhvləri geri dönüb düzəltmək istəsək də, bu, heç vaxt alınmır. Keçmiş artıq xatirə kitabımızın vərəqlərinin sayını çoxaltmağa davam edir. Ancaq keçmişdən dərs çıxarıb sabaha, gələcəyə hazır ola bilərik. Bəzən həyatda çətinliklərlə üz-üzə qaldıqda xatirə kitabımızı vərəqləyib bir anlıq da olsa hər şeyi unudub keçmişə qayıdıb ömrümüzün qalan günlərinə şirinlik qatmaq istəyirik. Belə bir cümlə oxumuşdum: “Həmişə xatirələrimizi zamanın soyuğundan, şaxtasından qorumağa çalışırıq”.

 

Xatirələrimiz hər birimiz üçün doğma və əzizdir. Xatirə kitabımızı vərəqlədikcə yaddaşımızın lap dərinliyinə gedib çatırıq. Bəzən fikirləşirəm ki, əgər xatirələr olmasa həyat necə olardı? Yəqin ki, boşluqlar içərisində yaşayardıq. Əgər həyat boşluqlardan ibarət olarsa bunu həyat adlandırmaq olarmı?

 

İnsan yaşadığı müddətcə yaddaşında daha çox iki cür xatirə qalır: acı və şirin. Şirin xatirələri yada saldıqda həmişə üzümüz gülür, geriyə qayıtmaq istəyirik. Acı xatirələr də şirin xatirələr kimi heç vaxt unudulmur, ancaq unutmağa çalışırıq. Buna misal olaraq Türkiyədə baş verən zəlzələni deyə bilərik. İnsan fikirləşdikcə daha pis olur. Gecə xəyalları ilə yatıb oyandıqda xəyallarının daş altında qaldığını görən Türkiyənin, milyonlarla insanlara kömək edib, hər ölkənin yanında olan ölkənin bu gün hər kəsin köməyinə ehtiyacı var. Ən çox insanı pərt edən isə uşaqların ata-analarını, ata-anaların övladlarını itirməsidir. Baş verən zəlzələ nəticəsində bir çoxlarının həyatı məhv oldu. Gülərək yatıb faciyəvi şəkildə oyanan da oldu, oyanmayan da. Ancaq oyanmayanların sayı daha çoxdur. Binaların uçması minlərlə insanın küçədə qalmasına səbəb oldu. Çoxlarının axırıncı söhbəti, ailəvi yedikləri şam yeməyi oldu. Bu onların şirin xatirələri olaraq qalacaq, dağıntıların altında oynadıqları sabah isə acı xatirələrinə qara hərflərlə yazılacaq...

 

Başın sağ olsun, Türkiyə!

 

Xatirələri gölə, çaya və s. bənzətmək olar. Yəni zaman hər gün ömrümüzdən keçən günləri özü ilə götürüb gedir. Bir-bir gedən günlər getdikcə çoxalır və daha çox günlərin getməsinə səbəb olur. Nəticədə gündən-günə xatirə kitabımızın vərəqləri dolmağa başlayır. Günlər, həftələr, aylar, illər keçdikcə ömrümüzdən maraqlı günlər bir-bir keçir. Yaşadığımız müddətcə xəyallarımız gələcəyə bağlanır, ömür keçdikdə isə xatirələrimiz keçmişə bağlanmağa başlayır.

 

Validə Fətullayeva