Bu günə qədər yazdığım bütün yazılarımda qeyd etmişəm ki, insanların istəyib edə bilməyəcəyi heç nə yoxdur. Biz insanlar doğrudan da beləyik – istəyib, çalışıb hər şeyi əldə edə bilərik. Ancaq bəzən həyat nə qədər çox istəsək də, çalışsaq da qarşımıza daha böyük manelər çıxardır. Deyəcəm, motivasiyadan düşməməliyik, əksinə, daha çox ruhlanmalıyıq, amma bəzən həqiqətən də istəyib əldə edə bilmədiyimizdə daha çox yoruluruq və ümidsizliyə qapılırıq. Bunu yaşamış biri olaraq deyirəm.
Məzun olmağıma son bir həftə qalıb. Məktəb həyatım elə də ürəyimcə olmayıb, birinci sinfə 5 yaşımda getmişəm. Sinif yoldaşlarımdan daha kiçik idim. Məktəb mənə oyun parkı kimi gəlirdi, heç nəyə ciddi yanaşmırdım, dərslərin lazımsız və cansıxıcı olduğunu düşünürdüm. Sinif yoldaşlarımla və müəllimlərimlə ünsiyyətdə olmurdum. Nə yalan deyim, müəllimlərim mənim balaca olduğumu görüb o qədər də üzərimə gəlmirdilər. Ancaq bu, nə belə qaldı, nə də ki, bu şəkildə dəvam etdi.
Məktəbin nə olduğunu 1-ci sinfin sonunda anladım, sinifdəki bütün uşaqlara müəlliməm yaxşı oxuduqları üçün sertifkart verdi, ancaq mən qazana bilməmişdim. Doğrusunu deyim, müəllimin yerinə mən də olsaydım verməzdim. Çünki bu bir il ərzində yalnız rəqəmləri və bir neçə hərfi güclə öyrənmişdim. Ancaq daha sonralar mən böyüdükcə müəllimlərimin mənə qarşı olan davranışları da dəyişməyə başladı. Tapşırığı yazmadığımda uzağı tənbəlsən deyən müəllimlərim artıq mənə daha ağır sözlər deməyə başlamışdılar. Ən əsası da, bəlkə böyüdüyümdən idi, bu sözləri eşitmək heç də xoşuma gəlmirdi.
Xatırlayıram, müəllimim mətn vermişdi, kim bunu daha tez oxusa onun da əlaçılar arasında şəkli olacaq demişdi. Bir gün səhərdən axşamacan o mətni oxumuşdum və bacarmışdım. Hətta sinifdəki ən yaxşı oxuyanlardan belə sürətli və tez oxumuşdum. O gün mənə deyilən xoş sözlərdən sonra məktəbin o qədər də pis olmadığını anladım və yaxşı oxuyacağıma özümə söz verdim. Müəllimim əlaçılar arasında mənim adımı çəkəndə o qədər sevinmişdim ki, o görüntü, o səs hələ də yaddaşımdan silinməyib. İlk dəfə nəyisə çox istəyərək çalışıb öz zəhmətimlə əldə etmişdim.
Orta məktəbdə də yenə bu cür hadisələrlə qarşılaşdım, yaxşı oxuyurdum əslində, ancaq müəllimlərimin dediyinə görə, çox da yaxşı deyildim. Rus dili dərsində hər semestr aşağı qiymət alırdım. Qiymətlərimi düzəltmək üçün düz üç il çalışdım və bacardım. Düzü, istədiyimi əldə edənə qədər çox yoruldum, bəzən ümidsizliyə qapıldığım da oldu, ancaq heç bir zaman istədiyimdən əl çəkmədim.
Artıq məzun oluram və məktəbi qızıl medalla bitirirəm. Bu, mənim üçün çox böyük bir uğur və xoşbəxtlikdir. Bir insan olaraq deyirəm, bizlərin istəyib və çalışaraq əldə edə bilməyəcəyimiz heç nə yoxdur bu dünyada. Biz insanıq, demirəm həmişə mükəmməl olmalıyıq, yorulmamalıyıq, ancaq istədiyimizdən də heç bir zaman əl çəkməməliyik.
Bəzən boşboğaz insanların ucbatından istədiklərimizdən əl çəkmək məcburiyyətində qala bilərik. Nə qədər çox istəsək də, bir-iki insanın dediyi mənfi sözlə etmək istədiyimizdən imtina edirik, yəni bu dünyada insana insandan başqa heç kəs pislik edə bilməz.
Mən insanam, istədiyimi çalışıb əldə edə bilərəm. Mən insanam, ağlaya bilərəm, gülə bilərəm. Mən insanam, yorula bilərəm, ümidsizliyə qapıla bilərəm...
Mən insanam, hər şeyi bacara bilərəm!
Müəllif: Alina Fətullayeva