Qınından çıxıb qınını bəyənməmək – ilk dəfə bu ifadəni eşitdikdə nə mənaya gəldiyini başa düşmürdüm. Amma vaxt keçdikcə dərk etməyə başladım ki, bu cümləni daha çox kimə şamil edirlər: öz dilini bəyənməyən, haradan gəldiyini bilib keçmişini danan, əslini-nəslini danan, evindən çıxıb başqa yerdə bir az çox rahatlıq gördükdə öz evini bəyənməyən və s...
Mən belə düşünürdüm ki, insanların yaşı artdıqca hər şeyi daha yaxşı başa düşür, varın-yoxun nə olduğu bilir və başqalarını kiçiltməzdən əvvəl dönüb öz keçmişinə baxır. Amma belə deyilmiş. Bəzi insanların yaşı artdıqca, nənəm demiş, özünü daha da dağın belinə dırmandırır. Özlərindən başqa dünyada başqalarının da yaşadığının fərqində olmurlar. Düzdür, insan özünü üstün tutmalıdır. Amma hər şey qədərində gözəl olduğu kimi, abartmaq da lazım deyil.
Biz universitetə başlayan gündən bir çox gənc, yaşlı, uşaq, bir sözlə, bir çox müxtəlif xasiyyətli insanlarla tanış oluruq. Hər birindən az da olsa bir şey öyrənirik. Çoxlarının hərəkətlərindən və davranış tərzlərindən dərs çıxarırıq. Məsələn, bir gün dərsdən evə qayıdarkən qrup şəklində gəzən universitet tələbələrinin söhbətinə istəmədən diqqət yetirdim. Çünki danışıqları adama o qədər təsir edirdi ki, bilmirsən universitetə başlayanda nə yeyib, nə içirlər ki, 360 dərəcə dəyişirlər. Belə ki, öz qrup yoldaşlarının ləhcəsini yamsılayaraq ona lağ edirdilər. Özləri guya ədəbi dildə danışırlar. Bunu hər kəsə şamil etmirəm, amma dünənə kimi ləhcəylə danışıb, universitetə başlayanda başqalarının ləhcəsinə, şivəsinə lağ edənlər çoxdur. Özləri öz ləhcələrini, haradan gəldiklərini danırlar. Amma başqaları qarşısında çox asanlıqla lovğalıq edə bilirlər, başqalarına lağ edib gülürlər. Özlərinin gülünc vəziyyətdə olduqlarından xəbərləri yoxdur. Əslində bu vəziyyətə gülmək lazım deyil.
Bir də öz dilindən utananlar var. Bir azərbaycanlı yaxınlaşıb söz soruşanda özlərini xarici kimi aparırlar, onunla başqa dildə danışırlar. Tanıyıram axı. Tanımadığım biri olsa yenə deyərdim ki, yəqin çoxdandır Tbilisidə və yaxud xaricdə yaşayır, bütün günü başqa millətlərin içində olub, ona görə də öz dilində fikrini çatdıra bilmir.
Buna baxmayaraq illərlə xaricdə yaşayıb öz dilini unutmayanlar da var. Bir-iki aya öz dilini necə yanılmaq olar axı? Bir insan azərbaycanlıdırsa onunla Azərbaycan dilində danışan biriylə niyə ingilis dilində danışasan ki? Harada görülüb ki, eyni millətdən olan insanlar bir-biri ilə xarici dildə danışsın. Nə dərəcədə normaldır? Əgər bir insan öz əslini-nəslini danırsa, haradan gəldiyini unudursa və öz dilindən utanırsa, o insandan nə tərbiyə, nə gələcək ummaq olar. Başqalarının dilinə gülmək əvəzinə, insan ilk öncə öz dilini sevməli və sevdirməlidir.
Müəllif: Validə FƏTULLAYEVA