Axı niyə bizim üçün başqalarının nə düşündükləri daha önəmlidir? Biz həyatı başqaları üçünmü yaşayırıq? Yoxsa, başqaları dediklərimizmi bizim həyatımızı idarə edir?

 

Əlbəttə ki, hər kəsin öz düşüncəsi, öz istəkləri var. Kim həyatı necə istəyir elə də yaşamalıdır, amma düzgün şəkildə. Ancaq biz etdiyimiz şeyin düzgün olduğunu bilə-bilə yenə də geri addım atırıq. Çünki “xalq bizə nə deyər”. Hər birimiz ən azı bir dəfə də olsa bu cümləni eşitmişik. Bəzilərimizdə bu cümlə hələ travma olaraq qalıb. Məsələn, əlavə dərsə gedirdim. Birdən bir hay-küy, ağlaşma səsi gəldi. Bütün qonu-qonşu bir yerə toplaşmışdı. Evdəkilərə “qonşuda nəsə olub, hər kəs oraya toplaşıb” dedim. Və bizimkilər də ora getdilər. Sən demə, qonşunun 4 yaşlı uşağı itibmiş. Hər yeri axtarıblar, tapa bilməyiblər. Ananın gözləri ağlamaqdan şişmiş, halı pisləşmişdi. Ancaq o yenə də qonu-qonşunun ona nə deyəcəyini fikirləşirdi. Hər kəs uşağı axtararkən ananın dediyi söz bu idi: “Qonu-qonşu bir uşağa baxa bilmədi deyəcək”. Ananın bu sözlərinə nə qədər hirslənsəm də özümü güclə saxladım. Çünki o məndən böyük idi. Qonşular deyəcəkdi “özündən böyüyə söz qaytardı”. Nəhayət, uşaq tapıldı. Hər kəs öz evinə getdi.

 

Mənim isə ağlımda bir çox suallar yarandı: Axı nə üçün, nəyə görə bizə kimin nə deyəcəyi bu qədər çox vacib və maraqlı olmalıdır? Sonra fikir verdim ki, bu problem məndə də var. Orada ana qonu-qonşunun nə deyəcəyini dedikdə, mən bir kəlmə də demədim. Bax, elə bizim problemimiz də budur. Çünki biz lazımsız söz-söhbət yaranmasın, heç kim pis fikirləşməsin deyə bir şeyi yeri gəlsə beş dəfə də fikirləşməliyik. Mən bunun nə qədər düzgün olmadığını dərk etsəm də, mən də onlar kimi fikirləşirəm. Çünki biz belə böyüdüldük. Belə də davam edir. Və belə getsə yenə də davam edəcək. Bu düşüncədən yaxa qurtarmaq olmayacaq. Öz-özümüzə heç sual veririkmi ki, axı mən nəyə görə başqalarının düşüncəsi ilə maraqlanmalıyam? Hər kəs fikir bildirə bilər. Ancaq hər şey öz yerində. Məsələn, parka getmək istəyirsən, evin fərdlərindən biri deyir “Xalq deyəcək elə bil balaca uşaqdır, otur evdə”, “Bu nə stildi geyinibsən, deyəcəklər bunun atası-anası yoxdurmu”, “Əli baba, tək yola çıxma, sonra deyəcəklər yaşlı adamı çölə tək buraxıblar”, “Gecdir, getmə, deyəcəklər hara gedir bu gecə vaxtı”... deyəcəklər, deyəcəklər və yenə də deyəcəklər...

 

Çünki bizim üçün başlıca xalqın fikirləri, nə dedikləridir, daha sonra isə öz istəklərimiz gəlir. Məsələn, bizim uğurlarımıza həmişə sevinirlər, afərin sənə, uğurların bol olsun deyirlər. Amma bilmədən də olsa bir balaca səhv et, o vaxtı elə bil səbirsizliklə gözləyirlərmiş, heç soruşmurlar niyə belə etdin, kim məcbur etdi, bəlkə başqa planın var idi... O dəqiqə başlayırlar tənqid etməyə: “Heç sənə yaraşdımı belə etmək, ayıbdır, kimdən gözləsəm də, səndən gözləməzdim, mən də hamıya səni örnək göstərirdim, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” və sairə.

 

Müəllif: Validə Fətullayeva