TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

5. XOŞBƏXTLİYİNƏ QOVUŞMUŞ İTLƏRİN NAĞILI

 

Avropalıların, bizim misalımızda isə hollandların, necə yaşadıqlarını, nəylə nəfəs aldıqlarını, nələrə dəyər verdiklərini anlamaq üçün yüzlərlə baxış bucağı arasından seçdiyim bu mövzu bilirəm ki, kimlərinsə dodaq büzməsinə, üz-gözünü turşutmasına nədən olacaq. Bunları bilsəm də, buradan yola çıxmağı daha məqsədəuyğun sayıram və düşünürəm ki, bunu anlayışla qarşılayanlar daha çox olacaq.

 

Avropa cəmiyyətinin, bir az da dəqiqləşdirsək, hollandların heyvanlara sevgiləri, bunun müxtəlif təzahürləri bizim heyrətimizə, təəccübümüzə səbəb olur. Az qala onların bu heyvan sevgiləri bizim nəzərimizdə aşırı maniya, psixoloji pozğunluq kimi görünə bilər. Avropalının itə, pişiyə və digər heyvanlara sevgisi sərhəd tanımır, yəni qədərini müyyənləşdirə bilməyəcəyimiz sonsuz sevgidir. İtin, pişiyin holland ailəsinin ayrılmaz bir parçası olduğunu söyləmədən keçmək istəmirəm. Ailəyə alınan bir heyvan artıq özünü həmin ailənin ayrılmaz, tamhüquqlu bir üzvü kimi hiss edə bilir və həmin andan öz xoşbəxtliyinə qovuşur.

 

Mənim bu bənzətməmin ifrata varma, şişirtmə kimi anlaşılmaması üçün bütün yazı boyu bunu əsaslandırmağa çalışacam. Üstəgəl mən məmləkətində itlərin kütləvi şəkildə güllələndiyini, sıyırtmaya salınaraq boğulduğunu, gözü açılmamış küçüklərin diri-diri torpağa gömüldüyünü, qəsdən maşınların təkərləri altında məhv edildiyini, boğuşdurulmaq üçün quyruğunun, qulağının kəsildiyini, bir tikə yemək üçün daşlandığını, insan əlinin vurduğu zərbələrdən doğan it zingiltilərini gözlərilə görmüş, şahidlik etmiş, qulaqları ilə eşitmiş biri kimi danışıram. Bunu da nəzərə alacağınıza şübhə etmirəm.

 

Mən Niderlanda ayaq basdığım ilk günlərin təəssüratına, müşahidələrimə söykənərək, buradan “İtləri də insanları qədər xoşbəxt ölkə” adlı silsilə yazılar yazmağı düşünürdüm və bu fürsəti gec də olsa dəyərləndirirəm. Və qayıdıram Avropa köpəklərinin xoşbəxtliyini əsaslandırmağa. Bizim köpəklərdən fərqli olaraq, buraların köpəklərinin qulağının, quyruğunun kəsiləcəyindən zərrə qədər də narahatlıqları yox, boğuşdurularaq şikəst olmaq, həlak olmaq əndişələri də yox. Axanı var, baxanı var, nədən qorxsun ki? Hər cür qayğı ilə əhatə olunub, bəslənən köpək xoşbəxtlərin xoşbəxti deyilmi? Xəstələndikdə dava-dərmanı yanında, həkimi başının üstündə, peyvəndi yerli-yerində. Günün müəyyən hissəsini gəzintidə keçirən itin həyatı qibtə doğurmaya bilərmi? Nə itin qorxmasına, nə də itdən quduzluğa yoluxacağını düşünən insanın həyacanlanmasına gərək yox.

 

Niderlandda yiyəsiz küçə itlərinə rast gəlmək mümkün deyil. Nədən ki, hər bir itin sahibi var. Yiyəsiz itlərə isə bələdiyyə sahib çıxır, sahibsiz itlərə yeni ailə tapılana qədər isə onlar xüsusi heyvan sığınacağında yaşamalı olurlar və qısa müddət ərzində onlara yiyə duracaq adamlar tapılır. Yeni sahibi iti təhvil aldıqdan, yəni ona sahibləndikdən sonra dövlətə vergi də ödəməlidir. Yiyə tapılmış heyvanın sənədləri qaydasında olmalıdır. Yaş kağızı, veterinardan, buna da it həkimi deyək ki, mövzumuzla həmahəng olsun, kağız-kuğuzu və mənim bilmədiyim başqa nələrisə yerli-yerində oldumu itbazın da, itin də işi düzəlir və it görmədiyi günə düşür, it itlikdən çıxıb, ailənin oğlu-qızı statusuna yiyələnir desək daha doğru olar. Hər ay dövlətə rüsumu ödənilən, bişi-düşü, çişi-mişi xüsusi zövqlə yapılan itə necə xoşbəxt deməyəsən, axı? Söyülməyin, döyülməyin nə olduğunu bilməyən, daşlanmayan, dışlanmayan itə xoşbəxt deməmək olarmı? Sahibi ilə eyni məkanı, eyni mənzili paylaşan it niyə bəxtəvər olmamalıdır? Gəzintiyə xüsusi arabacıqlarda, avtomobillərdə çıxarılan köpək elə xoşbəxtdir ki, var. Bunun başqa adı yoxdur. Zibil qutularında qida axtarmaq, soyuqdan donmaq, istidən ləhləmək kimi qayğılardan uzaq olan itin yaşayışı bəxtəvərlikdən özgə bir şey olmaya gərək ki? Ancaq bu abzasımızın bir “əmma”sı var ki, mən onu bir sonrakı abzasa keçirməyi düşünürəm.

 

İşarə etdiyim “əmma”nı anlamaq üçün, onun necə dəhşətli bir mənzərə yaratdığını bütün gerçəkliyi ilə dərk etmək üçün mən rəqəmləri danışdırmağı düşünürəm. Bu rəqəmlərin təxmini olduğunu da nəzərə alacağınıza şübhə etmirəm. Dünyada 600 milyondan çox it olduğunu söyləyirlər. Bunun da cəmi 223 milyonunun sahibi var, 480 milyonu isə küçə iti sayılır, yiyəsi yoxdur. Avropada 82 milyon köpək, 74 milyon pişik yaşadığı təxmin edilir. Dəqiq statistika yoxdur. Vur-tut beş ölkədə küçə itlərinin öldürülməsi yasaqdır. Almaniya, İtaliya, Yunanıstan, Hindistan və Tayvan. Hindistanda it qatilinə beş il həbs cəzası verilir. Dünyanın digər ölkələrində isə sahibsiz it və pişiklərlə fərqli davranırlar. Heyvan sığınacaqlarına yerləşdirilən itin və ya pişiyin qarşısında iki yol görünür: ya xoşbəxtlik, ya da ölüm. Heyvanı saxlamaq üçün yiyə tapıldısa, o, xoşbəxtliyinə qovuşur, ömrünün qalan hissəsini təmin olunmuş bir ortamda davam etdirir. İtə və ya pişiyə yiyə duran tapılmadıqda onun nəsibi ölümdür. Heyvan sığınacağında müvəqqəti yerləşdirilən bu binəvalar ölkədən asılı olaraq bir həftə, 15 gün, 1 ay, ən çoxu 2 ay yaşaya bilirlər. Bundan sonra onlar müxtəlif yöntəmlərlə – zəhərlənərək, yandırılaraq, güllələnərək kütləvi şəkildə qətl edilirlər. İlk növbədə xəstə, şikəst, yaşlı heyvanlar çıxdaş edilir. ABŞ-da hər il 3-4 milyon küçə itinin öldürüldüyü məlumdur. Fransada da belədir, Rusiyada da, Belçikada da. Ukraynada Avro 2012 oyunları ərəfəsində, Rusiyada 2014-cü il Soçi qış olimpiadası öncəsi on minlərlə küçə itlərinin və pişiklərinin qətl edildiyi acı gerçəklik ortadadır. Sadəcə onlara yiyə çıxan olmadığına, müvəqqəti sığınacaqlarda onları saxlamaq dövlətə ağır yük olduğuna görə ölümə məhkumdurlar. Bu heyvanlar nə ətinə, nə də dərisinə görə öldürülmürlər. Düzdür, bəlli ölkələrdə it ətindən qida kimi istifadə olunur. Bəzi regionlarda onun dərisindən geyim hazırlandığı da faktdır.

 

Bu heyvanların artımının qarşısının alınmasında fərqli bir yöntəmdən də istifadə olunur, onların artımı nəzarətdə saxlanılır. Həkim müdaxiləsi ilə bu heyvanların artımının qarşısı alınır. Qısırlaşdırma yolu ilə. Bəzən baytarın məsləhəti ilə, bu heyvanların sağlamlığına təhlükə hesab yarada biləcəyi nəzərə alınaraq onların hamiləliyi əngəllənir. Qısırlaşdırma baha başa gələn yöntəm olduğundan heyvan sığınacaqlarında onun tətbiqindən imtina edilir və çıxış yolu kimi həmin heyvanların öldürülməsi daha məqsədəuyğun sayılır.

 

Bələdiyyələrə məxsus heyvan sığınacaqlarından savayı şəxsi, müxtəlif heyvansevər cəmiyyətlərə məxsus olan barınaqlar da var. Burada saxlanılan heyvanlar daha xoşbəxtdirlər. Onların adətən öldürülmək qorxuları olmur. Bu sığınacaqların işçiləri həmin heyvanlara yiyə tapmaq üçün dəridən-qabıqdan çıxırlar. KİV-də apardıqları təbliğat vasitəsilə, mətbuatda verdikləri elanlarla bu heyvanlara sahiblənəcək adamları arayır və çox zaman da istəklərinə nail olurlar.

 

Köpək və pişiklərin qocaldıqda, xəstələndikdə sahibləri tərəfindən küçəyə atılması, bu heyvanlara qarşı şiddət tətbiq olunması qanunla qadağandır. Bunları edənləri böyük pul cəriməsinə, hətta üç ilə qədər həbs cəzasına qonaq etdiklərini, ehtiyac olub-olmasa da, elə-belə yazıram.  

 

İtlərin gəzdirilməsi üçün müəyyən olunmuş yerlərdə bir-iki saat sahibi ilə əylənən köpək həm də tualetini yapır, sahibi də onun, türklər demiş, “dışkı”sını ədəb-ərkanla xüsusi torbaya qoyaraq, məhz bunun üçün nəzərdə tutulmuş, üzərində köpək rəsmi həkk edilmiş qutuya atır. Bəs necə olmalıdır? İt saxlamaq keçmirdimi könlündən? Buyur, indi onun hər cəfasına da döz. Başqa çərə də yox, etməzsən kürəyinə bir yağlı cəza yapışdırarlar, ağlın başına gələr və bir də cürət edib bunu təkrarlamazsan. Nədən ki, ödədiyin cərimə hər dəfə gözlərin qarşısında canlanıb, səni xəbərdar edəcək. Öz aramızdır, elə deyəsən, bizim “it qulaq kəsəndən qorxar” məsəlimiz, əsil bu məqam üçün səsləndirilib.

 

Avropada itlə dostluq edənlər bizdən fərqli olaraq əllərinə çomaq götürmürlər. Ona görə də, sevgi və qayğı ilə bəslənib, əhatə olunan it buna nifrətlə, hirslə yox, elə sevgi ilə də qarşılıq verir. Qulağı kəsilmək təhlükəsindən uzaq olan it sahibindən qorxmağı ağlından belə keçirmir. Biz tərəflərdə itin qulaq kəsəndən qorxduğunu bilməmiş deyilik. Əksinə, it sahibinə güvənir, hər hərəkəti ilə ona bağlı olduğunu sübut etməyə çalışır. Şəhərlərdə minlərlə itin sakin olmasına rəğmən it hürüşlərinin nadir olması, it zingiltilərininsə heç eşidilməməsi maraq doğurur. Burada itlərin hürüşü hirsindən-hikkəsindən deyil, sahibinə sevgisindəndir deməyimi də başqa yerə yozmayın. İt kefindən, bəlkə də it olduğunu unutmamaqdan dolayı bir-iki ağız hürür, həm özünün eyni açılır, həm də yiyəsinin üzünə təbəssüm qondurur. Bəs nə bilmişdiniz? Təlimçidən dərs almaq üçün əziyyəti çəkilmiş, bərbərində tükü-mükü qaydaya saldırılmış, insanlarla birgəyaşayışa alışdırılmış köpəyin bu cür mədəni davranması normal deyilmi? İt itliyi ilə bunu anlayaraq, qabiliyyətinə görə dəyərləndirə bilir.

 

Bunu Avropada inkişaf etmiş it təsərrüfatı da təsdiqləyir. Minlərlə insanın çörəyinin bu təsərrüfatdan çıxdığı da məlum. İndi mən bir-bir deyim, siz də təsdiqləyin. İtlərin gəzdirilməsi üçün xüsusi arabaların, xüsusi geyimlərin, burunluqların, xaltaların, gecə gəzintiləri üçün xüsusi işıq siqnallarının, evciklərin istehsalı ilə, itlər üçün dürlü-dürlü qidaların hazırlanması ilə məşğul olan çoxsaylı müəssisələrin varlığı dediklərimin təsdiqinə kifayət etsə də, mən bir-iki örnək də vermək niyyətindəyəm. Saysız-hesabsız təlimçilərin – kinoloqların, yüzlərlə it baytarının, sayı bilinməyən it bərbərinin, it verilişi hazırlayan və tamaşaçılara təqdim edən televiziya işçilərinin çörəyi də itdən çıxır. Təkcə ABŞ-da it və pişiklər üçün qida və digər məhsulların istehsalı ilə məşğul olan şirkətlərin illik ticarəti 110 milyard dollar təşkil edir.

 

Deyirəm mövzunu ələ almışkən, kiçik tarixi bir ekskurs da edək. Əski dönəmlərdə Qədim Misirdə, Mesopotamiyada, türk tayfa birliklərində, habelə zərdüştlüyə tapınanlarda köpəyə sayğı bəslənilmiş, ona qutsal, düşərli, uğurlu bir heyvan kimi baxılmışdır. Bu gün bəzi bölgələrimizdə köpək kultunun izlərinə rast gəlməmiz mümkündür. Türk xalqları arasında köpək xüsusi sayğıya malik olmuş, ona qutlu münasibət bəslənmiş, köpək adı daşıyan şəxslər də olmuşdur. Hətta Qədim Misir əhalisi it ölərkən ona yas saxlamış, onu xüsusi təmtəraqla, xüsusi mərasimlə dəfn etmiş, məzarı üstündə məqbərə ucaldaraq, həmin yeri tapınağa çevirmişdir. Fikrimizi təsdiqləyən məlumatları müxtəlif qaynaqlarda, o sıradan da Herodotun “Tarix”ində, Oljas Süleymenovun “Az i ya”sında tapa bilərsiniz.

 

İnsanın ilk əhliləşdirdiyi heyvanın it olduğunu tarix kitablarından bilirik. Bu bilgimizə bir qədər də fərqli yöndən baxaq. İtin əhliləşdirilməsində insandan çox bu heyvanın özünün mühüm rol oynadığını düşünək. Düşünək ki, bu it dediyimiz heyvan öz hərəkətlərilə insana onu əhliləşdirməli olduğunu xatırlatmışdır. Bu heyvan hər yerdə insanı təqib emiş, hər hərəkəti ilə əski insana “mən səndən ayrı yaşaya bilmərəm, sən də məndən, ikimiz birlikdə güclüyük” mesajı vermiş, insana sığınmış, onunla birgəyaşayışa nail olmuş və insanın köməkçisinə, dostuna çevrilmişdir. Bir az da fərqli olsun deyə, itin əhliləşməsi prosesini bu cür təsəvvür etmənizi istədim. İnanıb-inanmaq işini isə sizin öz ixtiyarınıza buraxıram.

 

...Erkəyinə “oğlum”, dişisinə “qızım” deyilib əzizlənən, tumarlanan, öpülən, hə, hə, səhv eşitmədiniz, məhz öpülən bir iti xoşbəxt adlandırmağımı, ümidvaram ki, qəribliyə salmayacaqsınız...

 

...Avropada itlərin qibtə olunası həyat səviyyəsi hər gün aclıq və xəstəliklərlə üz-üzə qalan bir milyarddan çox insanın həyat səviyyəsindən qat-qat yüksək və daha təhlükəsizdir...

 

...Öz əcəli ilə ölmüş ev heyvanlarının xüsusi üsullarla dəfn edildiyi barədə də xeyli məlumatlar var. Mən onlardan birini deməklə mövzunu toparlamaq istəyirəm. Ölmüş heyvanları bəzən xüsusi heyvan məzarlığında dəfn edir, onun qəbrinin üzərinə daş, xatirə lövhəsi da qoyulur, daşda heyvanın rəsmi həkk edilir, onun adı, yaşı və s. barədə məlumat da verilir. Bu da xoşbəxtliyinə qovuşmuş itin sonu...

 

Qısa kəssəm, Avropada itlər bizim itlər kimi it günü yaşamırlar, it günü çəkmirlər. Rəhmətlik Seyid Əzim Şirvaninin “Köpəyə ehsan” şeirindən “it demə, o, dəxi bizim birimiz” misrasını kontekstdən çıxarıb avropalıya şamil etsək, məncə, yerində səslənər.

 

Afiq MUXTAROĞLU

Niderland