Hər bir insanın yaxşı, pis yaşadığı keçmişi vardır. Kimisi keçmişinə baxarkən duyğulanır, kimisi kədərlənir, kimisi hirslənir, kimisi də sevinir... yəni, bir sözlə, hər bir insanın keçmişi vardır. Keçmişimizdən razı və ya narazı olsaq belə, o bizim keçmişimizdir. Bəzilərimizin keçmişi yaxşı olsa da, bəzilərimiz bu qədər şanslı olmuruq, yaxud da səhv qərarlar verərək öz keçmişimizi özümüz yazırıq və gələcəkdə də keçmişdə etdiklərimizdən utanırıq. Bəzən səhv edə bilərik, ancaq insan hər səhvi düzəltməyi mükəmməl bir şəkildə bacarmalıdır, çünki həqiqətən edə bilərik; biz insanların çalışıb, istəyib də edə bilməyəcəyi heç nə yoxdur bu dünyada.

 

İnsanlar iki cürdür: kimisi keçmişində çox böyük səhvlər edir, ancaq etdiyi səhvlərdən bir qram belə olsun utanmır; kimisi isə çox kiçik səhvlər belə etsə özündən, keçmişindən utanır. Bəs sizcə, insanın keçmişi gələcəyinə təsir göstərirmi? İnsan keçmişdə etdiyi səhvlərdən utanmalıdırmı? İnsanı keçmişinə görə sorğulamaq nə qədər doğrudur? İnsan dostlarını, yaxınlarını keçmişinə görəmi seçməlidir?..

 

Məncə, bizim keçmişimizin gələcəyimizə çox böyük təsiri vardır. Fikrimcə, insanın keçmişi binaya bənzəyir, necə ki, binanın özülü möhkəm olmadıqda ilk zərbədə yıxılır, insan da belədir, hər kiçik səhvində keçmişini bir zərbə olaraq istifadə edirlər.

 

İnsan keçmişdə etdiyi səhvlərdən utanmamalıdır, əksinə, dərs çıxartmalıdır. Kimsə bizi keçmişimizlə alçaltmağa çalışdıqda cəsarətli olub özümüzü düzgün şəkildə ifadə etməliyik, əgər etməsək, bu zaman keçmişimiz bizi ələ keçirər və onun qarşısında aciz qalarıq.

 

İnsanlar dostlarını, yaxınlarını keçmişinə görə seçir. Bəli, bu, doğrudur, hətta bəzi insanlar ailəsinin keçmişinə görə öz gələcəyini qura bilmirlər. “Onun ailəsi nə idi ki, balası da nə olsun” deyirlər. Məncə, bu, çox səhv bir düşüncədir, insanın ailəsi nə qədər pis olursa olsun, onun övladının da pis olacağı mənasına gəlmir. Bəlkə övladı ailəsinə baxıb dərs çıxardır və ailəsi kimi bir keçmişi olmasını istəmir. Buna görə də dostlarımızı seçərkən onun keçmişinə yox, onun keçmişdən çıxartdığı dərsə və mənliyinə baxmaq lazımdır.

 

Bu yaxınlarda belə bir söhbətin şahidi oldum: bir xanım keçmişində etdiyi səhvlərindən, insanların onun haqqında dediyi, düşündüyü mənfi düşüncələrdən qurtulmaq üçün hicab örtür. Ancaq bu zaman bəziləri həmişə olduğu kimi yenə mənfi düşüncələrindən əl çəkmirlər, etdiyi səhvləri hicabla örtməyə çalışır deyirlər. Maraqlı məqam da budur ki, xanım haqqında mənfi danışanların sayının azaldığını görən kimi hicabını çıxardır.

 

Hər nə səhvimiz olsa da, səhvlərimizi ört-basdır etmək üçün belə işlərə əl atmamalıyıq, hicab oyuncaq deyil. Bəlkə keçmişimizdən dərs çıxardıb həqiqətən də doğru yolu düzgün bir şəkildə tapmalıyıq, daha dini əlimizdə oyuncaq edib keçmişimizdə etdiklərimiz səhvlərin üzərinə bir o qədər də günah əlavə etməməliyik.

 

Gələcəkdə nə olacağını heç kim bilə bilməz, ancaq çalışaq ki, gələcəyimizdə böyük səhvlərimiz olmasın, gələcəyimizə baxarkən utanmayaq. Bu günümüz sabahın keçmişi, sabahımız isə bu günün gələcəyidir. Gələcəyimiz də, keçmişimiz də bizlərin əlindədir.

 

 

Müəllif: Alina Fətullayeva