Qızların evdə qalmışlıq, un çuvalına tay olmuşluq zamanı geridən, keçmişdən baxmaqdadır.

 

İndi yaşı keçmiş, evlənə bilməmiş oğlanlara, – düzü artıq kişiləşmiş, saç-saqqalına dən düşmüş bu adamlara oğlan demək də doğru deyil , bunu da altını cızaraq söyləyim, – hər addımda rastlaşa bilərik. Elə sağımıza-solumuza baxmamız yetər ki, belə qarımış kişi xeylaqlarını görək.

 

Beş-on il qabaq biz tərəflərdə belələrinə dağdan-bağdan birini tapıb evləndirirdilər. O da oğul-uşaq sahibi olurdu. Hətta arvadı ölmüş, dul kişilərin də ucqarlardan ikinci evlilik üçün bir qız-qadın tapması çətin deyildi. İş o yerə çatmışdır ki, 60-70 yaşlı kişi dağ kəndlərindən nəvəsi yaşında biri ilə evlənmək şansına sahib idi. Amma qısa müddət ərzində durum 180 dərəcə dəyişdi, gediş-gəlişin intensivləşməsi, texnoloji yeniliklərin ucqarlara varid olması evlənməyin bu qaynağını blokladı.

 

Sağ ol səni, nəyi qoyub, nəyi axtarırsan. Artıq botoks erası başlayıb, qadınların, elə kişilərin də ora-burasını dolqu ilə şişirtdikləri zamanın içindəyik. Daha, a çirkin, sən burada dur, gedim gözəl axtarım zamanı deyil. Çirkin yekə burnunu qəddədib incəltdirə bilir, fındıqburun böyütdürüb özünə uyğun buruna sahib olur. O zamandımı ki, ağzın yekəsini yaşmaq, ayağın yekəsini başmaq örtə. İndi zövqə, dəbə uyğun nə bədən üzvü desən sifariş edə bilərsən. Dünən çirkin saydığın bu gün kosmetik əməliyyatdan keçərək, yüz gözəlin, yüz göyçəyin ona həsədlə baxmasına səbəb olur. Sir-sifəti əməliyyatdan sonra o qədər dəyişir ki, doğmaları da tanımaqda çətinlik çəkir.

 

İndi oğulsan, bədəninə bir ətək maya qoyub, su sonasına dönən birinə yaxın düş. Beləsi heç səni yaxınına buraxırmı? Təhsili, iş yeri də olsa təhsilsiz, fərli bir işi olmayan adamın həmin xanımın yanında qara qəpiklik hörməti olarmı? Belə bir xanımla ömür-gün yoldaşı olmaq şansı sıfıra bərabərləşməzmi?

 

İndiki qadın az-çox təhsillidir, az-çox dünyagörüşü var. Onu evə dustaq edə bilməzsən. Hüquqlarını bilir. Əl qaldırsan, təhqir etsən səni susdurmağın yolunu da bilir. Səni məhkəmələrdə süründürər, həbsxana küncünə atdırar. Ona görə də ağıllı olmalısan, qismətinə çıxan qadınla adam kimi davranmalısan. Yoxsa Vəli aşından da olarsan, Əli aşından da. Xanımın səni tərk edər, ikinci dəfə evlənmək üçün şansın da qalmaz.

 

İndi qızların saqqızını oğurlamaq müşkül məsələdir.

 

İndiki xanımlar karyera dalınca gedir, sənət-peşə öyrənir, cibi pul tanıyır, özü ayaqda durmağa çalışır. Ömrü boyu mətbəxdə biş-düş etməyi, uşaq bezi təmizləməyi, yır-yığışla məşğul olmağı yaxınına da buraxmır. Kişinin, ərin əlinə baxmağı, ondan asılı olmağı da heç düşünmür.

 

O zaman deyil ki, qadınlar sənə beş-altı uşaq doğsunlar. Və bu uşaqların da mütləq əksəriyyəti oğlan olsun. Dünənə qədər təzə evlənənlərə “yeddi oğullu, bir qızlı” olmağı arzulamırdıqmı? Çox oğulun düşmən çəpəri, düşmən toxmağı sayılması da tarixə qovuşub. Qadını “yeddi oğullu, bir qızlı” olmağa məcbur edə bilməzsən. Yox, qardaş, daha o baban ölüb.

 

Bu gün oğlanların, kişilərin qız-qadın uğrunda qılınc-qırğına çıxmasının bir səbəbi də bizim oğul düşkünlüyümüz, oğul manyaklığımızdır. İllər öncə selektiv abort yolu ilə qız uşaqlarını ana bətnində məhv etdirərkən, belə bir vəziyyətin yaranacağını, bumeranq effekti ilə geri dönüb, oğul istəyiylə alışıb-yanan qafamıza dəyəcəyini düşünməliydik. Düşünməliydik ki, böyütdüyümüz oğlanların bir qisminə ailə qurmaq üçün qız tapılmayacaq, qız defisiti yaranacaq.

 

Oğul istəyimizin kəllə-çarxa çıxması ilə belə bir vəziyyət yaratmışıqsa, bunun çarəsini də düşünüb tapmağa borcluyuq. Qız uşaqlarının ana bətnində öldürülməsinə son qoyub, övlad qatilliyindən canımızı qurtarmalı, demoqrafik tarazlığı bərpa etməliyik. Nə deyirsiniz?

 

Müəllif: Afiq Muxtaroğlu