Hər birimiz həyatda nəyəsə nail olmaq və hər şeyin ən gözəlinə sahib olmaq üçün bəzi şeyləri qurban verərək məqsədimizə çatmağa, arzularımızı həyata keçirməyə çalışırıq. Bəzilərimiz isə heç bir şey etmədən sadəcə xəyallar qurmaqla kifayətlənirik və vaxtımızı boşa keçiririk. Xəyallar isə təkbaşına heç nə ifadə etmir. Bunun nəticəsində heç nəyə nail ola bilmirik. Əgər çalışmasaq, boş-boş oturub nəyinsə həyata keçməyini xəyal etsək, gerçəkləşməsi üçün can atmasaq, onda bunun nə önəmi var.
Bax elə indi atalar sözünün tam yeridir: “Halva-halva deməklə ağız şirin olmaz”. Yəni boş-boş oturmaqla heç nə əldə edə bilməyəcəyik, səy göstərmək lazımdır. Gözəl sözlərlə, xoş arzularla xəyallar qurmaqla reallaşmır. Həyata keçirmək lazımdır. Yəni necə o xəyalları qururuqsa onları reallaşdırmağı da bacarmalıyıq. Hərəkətə keçməliyik. Bizim üçün əsl xoşbəxtlik xəyallarla yaşamaq deyil, onları həyata keçirməkdir. Əlbəttə ki, doğru addımlarla. Əks halda arzular, gözəl sözlər deyildiyi kimi qalacaq.
Universitet imtahanları keçirildi artıq. Bəzilərimiz üçün bu, yeni bir başlanğıc üçün bir addım idi. Çox həyəcanlı günlər idi. Bəzilərimiz bir-iki dərman içib stresimizi azaltmağa çalışırdıq. Fikirləşirdik, “görəsən, bu il suallar asanmı olacaq?” Biz bir-birimizə bu cür sual verərkən bəziləri “necə köçürə bilərəm?”, “görəsən, kiminlə eyni qrupa düşmüşəm?” deyə fikirləşirdilər. Bir sözlə, bütün ili oturub ancaq imtahan vaxtı kimdən köçürəcəkələrini düşünürdülər. Elə hesab edirdilər ki, məktəbdə köçürdükləri kimi imtahanda da bunu edə biləcəklər.
İmtahanın vaxtı gəldi və sıra ilə içəri girdik. Hər kəs öz yerini axtarırdı. Yavaş-yavaş hərə öz yerinə keçirdi. Bizim qrupda hələ 4-5 nəfər var idi. Birdən yaşı 28-dən çox olan bir nəfər gəldi. Mən elə bildim ki, müəllimdi, nəzarət edəcək. Ancaq o da sənədlərini verib yerinə əyləşdi. Məndə bir az qəribə hiss yarandı və sonra öz-özümə dedim, demək ki, oxumağın yaşı yoxdur, yəqin təzədən gəlib ağlına oxumaq. Hər kəs imtahanı verdi və bayıra çıxdı. İmtahan gözlədiyimizdən daha rahat keçdi. Bayırda gözləyən yaxınlarımıza imtahanın necə keçdiyini danışdıq...
Evə qayıdarkən sinif yoldaşım “o arxada əyləşən riyaziyyat müəllimi idi” dedi. İmtahandan yeni çıxmışdıq deyə heç ağlıma belə gəlmədi ki, müəllimlər məzunlarla eyni imtahanı vermirlər, müəllimlərin imtahanı başqa olur. Nə isə, bu müəllimin hansı və nə məqsədlə bu imtahana girdiyini əvvəlcə başa düşə bilmədik. Sonradan bildik ki, onlar universiteti çoxdan bitiriblər, ixtisasları da riyyaziyyat. Bu imtahanda isə bəzi məzunlara kömək edirdilər. Bu, haqsızlıq deyilmi? Axı biz aylarla, illərlə bu imtahan üçün hazırlaşmışıq. Bu cür haqsızlığı nə üçün edirlər. Belə etməklə yaxşılıq etdiklərini düşünürlər, amma ən böyük səhvi elə onlar edirlər. Gələcəkdə müəllim olmaq istəyənlər onlardan necə ibrət götürsünlər. Uşaqları gələcəkdə kimdənsə asılı olmağa meyilli edirlər. Ən əsası da gecə-gündüz bu imtahan üçün çalışanların haqqına girirlər. Mən bir sualıma yenə cavab tapa bilmirəm. Axı o sənədlər verilərkən və yaxud imtahan üçün qeydiyyatdan keçərkən onun müəllim olduğu bilinmirmi? Bu cür haqsızlığa necə icazə verilir?
Müəllif: Validə Fətullayeva