GEDİŞ-GƏLİŞ
27. QATARLARDAN GÖRÜNƏN MƏNZƏRƏLƏR
Niderlandda şəhərlərarası nəqliyyat kimi əsasən elektrik qatarlarından istifadə olunur.
Qatara biletim onlayn qaydada yarım saat əvvəl alınmışdı. Mənim qatara gecikmə ehtimalım daha çox idi, nəinki çatmam. Hava yağmurlu idi, hazırlaşıb evdən çıxmam, vağzala tanımadığım küçələrlə getməm də vaxtımı alır. Vağzal binasının qarşısında cərgələnmiş, sahiblərinin qatarla harasa getdiyi minlərlə velosipedin arasından vağzala daxil olmam cüzi də olsa məni gecikdirir. Mən Amersfoortun mərkəzi dəmir yolu vağzalına çatanda Rotterdama gedən qatarın yola düşməsinə vur-tut 3 dəqiqə qalmışdı. Bunu vağzal binasına daxil olarkən, divardan asılmış böyük saat mənə bir daha xatırladır. Əslində buna gərək də yox idi. O üzdən ki, əlimdən yerə qoymadığım telefonumun saatına da tez-tez nəzər saldığımı indi də yaxşı xatırlayıram. Turniketdə biletimi qeydiyyatdan keçirməm və özümün heç nəyə yaramayan hollandcamla kimdənsə perronun yerini dəqiqləşdirməm həmin üç dəqiqənin ən azından ikisinin əriməsinə səbəb olur. Mən artıq gecikdiyimi, qatara minə bilməyəcəyimi düşünürdüm ki, Amersfoort-Rotterdam qatarının yola düşmək üzrə olduğu elan edilir və mən perrondan qatara minən sonuncu sərnişin oluram. Bunu artıq qatarda yerimi rahatladıqdan sonra düşündüyümü də xatırlayıram.
Sözarası qeyd etməyim gərəkir ki, Avropada, Niderland da bura daxidir, ictimai nəqliyyat axsamadan, heç bir gecikmə-filan baş vermədən fəaliyyət göstərir. Avtobus, metro, tramvay və qatarların gecikməsi nadir hallarda, fövqəladə bir hadisənin baş verməsi ilə əlaqədar meydana çıxa bilər. Belə bir vəziyyətlə qarşılaşma ehtimalı isə yox dərəcəsindədir. Nədən ki, burada ictimai nəqliyyatın hərəkəti məhz əvvəlcədən planlaşdırılmamış belə halların nəzərə alınması yolu ilə tənzimlənir.
Mən Rotterdama 57 dəqiqə sonra çatacağımı biletimə baxaraq müəyyən edirəm. Düzdür, artıq biz tərəflərdə də qatarların gecikməsi nadir hadisədir. Tiflis-Batum, Bakı-Sumqayıt, Bakı-Tiflis kimi marşrutlarla hərəkət edən qatarlar səliqə-sahmanı, təmizliyi ilə, ən başlıcası da vaxt rejiminə əməl edilməsi ilə Avropa ölkələrindən heç də geridə qalmır. Bütün istiqamətlərdə bu cür qatarların hərəkət etməsi ən böyük arzumuzdur. Sovet dönəmindən qalma qatarlardan imtina etmənin vaxtı çoxdan çatıb.
Söz sovetlərdən düşmüşkən, mövzumuzla cüzi də olsa əlaqəsi olduğunu düşünərək, gözümlə gördüklərimi, özümün də iştirakçısı olduğum bir-iki sovet gerçəkliyini təsvir etmədən keçmək istəmirəm.
1983-cü ildə tələbə inşaat dəstəsinə gedərkən Leninqrad-Arxangelsk sərnişin qatarında başımıza gələn sərgüzəştləri acı-acı xatırlayıram. 27 saatlıq yolu 44 saata getməmiz, qatarın restoranında verilən yeməklərin it yeməyindən də pis gündə olması, yağan yağışın vaqonun çürümüş damından başımıza axması kinolent kimi bir-bir gözümün önündən keçir. Acı-acı gülümsəyirəm və “yazıq homosovetukus, sən nə qara günlərdən keçibsən” deməyi də unutmuram. Mövzuya girişmişkən, həm də bunu ürəyimi boşaltmaq üçün əla fürsət sanaraq, bir qədər bu mövzu üzərində gəzişməyi düşündüm. Amersfoort-Rotterdam qatarında yol getdiyimi, elə bunları da həmin qatarda xatırladığımı da unutmamışam. Səbriniz olsun, yenə ora qayıdacam. Bir az xatirələr məni keçmişə götürdü. Tələbələrdən ibarət belə yay inşaat dəstələri həmin illərdə SSRİ-də işçi qüvvəsi çatışmazlığını qismən də olsa aradan qaldırırdı. Tələbələri, hələ məktəbliləri demirəm, onlar haqqında növbəti abzasda danışacam, kənd zəhmətkeşlərinə yardım adıyla müxtəlif işlərə basıb işlədirdilər. Həmin illərdə ali məktəb tələbələrinin kartof, pambıq, üzüm, meyvə yığımına aparılması adi hal almışdı.
10-11 yaşından kənd məktəblilərinin günlərlə, aylarla kolxozlara, sovxozlara məcburi işə aparılması, onların isti-soyuq havada müxtəlif ağır kənd təsərrüfatı işləri görmələri sıradan bir şey idi. Müəllimlərin nəzarətində, yük maşınlarının üstündə sahəyə gətirilən uşaqlara gündəlik norma qoyulur, normanı yerinə yetirənlər təriflənir, yetirə bilməyənlərin isə üzü danlanmaqdan dan əppəyinə dönürdü. Bütün bu ağır işlərin müqabilində şagirdlərə cüzi qəpik-quruş verilirdi. Uşaqlara yazılan əməkhaqqının çox hissəsi sovet müəllimi tərəfindən mənimsənilirdi. Bu, şagirdin hələ müəllimin çörək yemədiyinə inandığı, cəmiyyətin müəllimə yarımilahi varlıq kimi pərəstiş etdiyi zamanlar idi. Sovetlərdə uşaq əməyinin istismarı bu cür baş verirdi. Payızın ayazında, qışın şaxtasında cadar-cadar, partladığı yerlərdən qan daman uşaq əllərini gözünüzün qarşısında canlandırın. Bu, hər hansı bir bədii filmdə təsvir olunan həyat deyil, sovet məktəblilərinin yaşadığı acı gerçəklər idi. Getsin o günlər, bir də gəlməsin. Qısa kəssəm, sovet məktəblisi dərs ilinin bir neçə ayını sahələrdə keçirməli olurdu. İşə çıxmayan uşaqlara qarşı müxtəlif cəza tədbirləri də nəzərdə tutulurdu. Məsələn, məktəbin ümumi iclasında seçib kənara yığdıqları həmin uşaqlara bütün kollektiv xorla “ar olsun” deyib təhqir edə bilərdi, sinif rəhbərləri, fənn müəllimləri ümumi qaydalara tabe olmayan bu cür uşaqlara aşağı qiymət verə bilərdilər, hətta, qulaqburması vermək, çubuqlamaq, dizi üstə saxlamaq, dizin altına kərpic qırıntısı tökmək, saçını yolmaq, şillə-təpik vurmaq və s. və i. a. kimi orta əsrlərdən qalma üsullarla cəzalandırmaq da nadir hadisə deyildi. Az qala hər bir müəllim özünü kiçik bir diktator kimi aparır, özünü mini bir Stalin hesab edirdi. Sovet dövründə hər situasiyaya görə o qədər cəza növləri icad edilmişdir ki, sovet adamı cəzadan korluq çəkmirdi. Uşaqların uşaqlığını əlindən alan cəzalar da nə qədər istəsən var idi. Uşaq böyüdükcə – oktyabryat, pioner, komsomol pillələrini keçdikcə ona verilən cəzalar da böyüyürdü. Böyüklərinsə böyük cəzaları var idi.
Üzrlü sayın, yuxarıda verdiyim iki abzasın uzun olduğunu özüm də anlayıram. Nə etməli, hərdən könül də boşalmağa fürsət gəzir. Mən də əlimə düşən bu fürsətdən yararlanıb xatirələrə baş vurdum.
Bir şey də deyim. Niderlandda hər şeyin baha olduğunu artıq bilirik. Qatarlarda gediş haqqı da belədir. Amersfoort-Rotterdam marşrutu ilə hərəkət edən qatarlarda gediş haqqı 15 avrodur. Amma bizim bunlara qarışmaq haqqımız da yoxdur. Nədən ki, nəyi bilməsək də, gəmiyə minib gəmiçi ilə dava edilmədiyini bilməmiş deyilik.
Qatarda ən sevdiyim yerdə – pəncərənin qarşısında otururam. İçəridə sərnişinlərin çoxluğu diqqətimdən yayınmır. Vaqonun döşəməsində iki dənə beş sentlik sikkə par-par yanır. Kimsənin o sikkələrə əhəmiyyət verəcəyi də yox. Vaqondakı qələbəliyə rəğmən, içəridəki səssizlikdən az qala tüklərim ürpəşir. Qatarın tərpənməsi ilə hamı bir saatlıq yolçuluq müddətini özünəməxsus şəkildə keçirmək barədə planının icrasına başlayır. Kimi telefonunu qurcalamaqla, kimi mesajlaşmaqla, kimi qulaqcıqla sevdiyi musiqiyə qulaq asmaqla vaxtını öldürür. Kimi də əlindəki kitabın vərəqlərini çevirməklə vaxtın dolmasını gözləyir. Qəzet-jurnal oxuyanların varlığını görməsəm də, vərəqlərin çevirilməsindən yaranan xışıltının qulağıma çatması ilə hiss edirəm. Ümumi səssizliyi pozmamağa, digərlərinə narahatlıq yaratmamağa çalışdığı hər halından bəlli olan bəzi sərnişinlər yol yoldaşları ilə ətrafdakıların eşidə bilməyəcəyi, pıçıltıya bənzər bir səslə söhbət edirlər. Oturacaqlardan ikisinə tək yiyələnmiş bir xanım isə ədəb-ərkanla, heç kimi və heç nəyi eyninə almadan makiyajını yeniləməkdədir. Kimsənin ona baxmadığından əminliyi ona tam sərbəstlik qazandırmışdır. Oturacağın birində özü, digərində isə kosmetika məlzəmələri lövbər salmışdır. Rotterdamda önəmli bir görüşə tələsdiyini və ya bir saatlıq vaxtını bu yöntəmlə yola verdiyini düşünmək olar.
Qatarın içərisini öyrənməyim, şəraitə alışmağım bir neçə dəqiqə çəkir. Və mənim diqqətim pəncərədən axıb gedən mənzərələrə kilidlənir. Qatarın arxada buraxdığı mənzərələr havanın bozluğuna, arabir artıb-azalan yağmura rəğmən öz əlvanlığı ilə məni özünə bağlayır. Ötüb keçən bu mənzərələrin məndə oyatdığı ani duyğuları saf-çürük etməyə macal belə tapmıram. Şimşək parıltısı kimi bir anda görünüb, bir anda da yoxa çıxan kanalları, nohurları seyr etməkdən doymuram. Sularda öz adi həyatını yaşayan quşların görünməsinin yaratdığı ovqatı təsvir etməkdə acizlik çəkdiyimi də boynuma alıram ki, söhbətimin səmimiliyinə kölgə düşməsin. Yanvar ayının soyuq havasına baxmayaraq, hər yerin yamyaşıl olması diqqətimdən yayınmır. Qış axşamının tezliklə öz qaranlığı ilə hər yeri örtəcəyi bəlli olsa da, başını yerdən qaldırmadan qarnını doldurmaqla məşğul olan ev heyvanları heç nəyə məhəl qoymadan otlarını qırpmaqda idilər. Onlara göz olan, nəzarət edən bir bəni-insan da gözə dəymir. Yolboyu bir-birini əvəz edən təbiət mənzərələri, insan əlinin yaratdığı kəndlər, şəhərlər görünür. Niderland şəhərsalmasının örnəyi olan bu yaşayış məntəqələrində nəzəri cəlb edən qırmızı kərpiclərin, kirəmitlərin bolluğu həmin an gözə çarpır. İrili-xırdalı evlər bir-birinin əlindən tutub, gözəgörünməz tellərlə bir-birinə bağlanaraq tamaşaçılarına milli-etnoqrafik elementlərlə zəngin geyimlərdə və açıq havada teatrlaşdırılmış folklor səhnəsi nümayiş etdirməyə hazırlaşan ansamblın üzvləri kimi sıralanmışdır.
Pəncərə şüşəsi arxasından şərqarışanın alatoranlığında qarşına çıxan yeldəyirmanlarının sirli görünüşünə heyran kəsilərək, nağıllar aləminə düşdüyünü zənn etməmək mümkün deyil. Ara-sıra gözə dəyən istixanaların ağ zolaqları uzaqda torpaqla qovuşmaq istəyini heç cür gizlədə bilməyən buludların fonunda daha aydın nəzərə çarpır. Bu istixanalarda ilboyu təzə tərəvəz becərildiyini, gül-çiçək əkildiyini də yaddan çıxarmayaq.
Bir-birinə paralel stadionlarda müxtəlif yaş qrupundan olduğunu boy-buxunlarından anlaşılan onlarla uşaq və yeniyetmə eyni vaxtda məşq edir. Görünür hansısa komandanın idman meydançasıdır, məşq edənlərsə həmin komandanın müxtəlif yaşdan olan oyunçuları. Projektorlarla işıqlandırılan meydançalarda havanın yağmurlu və soyuq olmasına baxmayaraq, qızğın məşq gedir. Havada uçuşan toplardan yaranan mənzərə adama kürələri atıb-tutan sirk ustalarının oyununu xatırladır.
Qatarın Rotterdamın mərkəzi vağzalına çatdığını bildirən elanın verilməsi ilə vaqonda bir canlanma yaranır. Mən də bu bildirişdən sonra gözümü pəncərədən ayırmalı oluram. Bir saat ərzində qatardan seyr etdiyim mənzərələr mənə çəkilişində iştirak etdiyim sənədli film təsiri bağışlayır. Mən də digər sərnişinlərə qarışaraq qatardan enirəm və insanların qaynaşdığı vağzal binasına daxil oluram. Çıxışda biletimi turniketə toxunduraraq vağzal binasından çıxıram.
Vağzal meydançasından görünən qeyri-adi, postmodernist, futuristik mənzərəyə hayıl-mayıl oluram. Qatardan gördüyüm mənzərələrin təsirindən qurtarmamış tamam fərqli bir dünyaya düşdüyümü anlayıram. Qarşımda yüksələn bu modern binaların gözqamaşdırıcı parlaqlığı, başgicəlləndirici ucalığı mənim heyrətlənməmə, hələ bir az da həyacanlanmama nədən olur. Tramvay xətlərinin bir-birinə qarışdığı, maşınların və velosipedlərin qaynaşdığı məkana düşməyimin bu cür duyğularla müşaiyət olduğunu söyləmədən keçməyim.
Afiq MUXTAROĞLU
Niderland