(Müstəqil köləlik və ya müstəqil dünyanın kölə ruhları)

 

Kainat var olduğundan bu yana müəyyən kütlələr tərəfindən insanlar təbəqələrə ayrılır. Maddiyyat ilə üstünlük əldə edənlər insanları təbəqələrə ayırıb elə dəyər verdilər. Dünyamız müasirləşdi, insan haqları meydana gəldi, hər bir insanın azadlıq hüququnun olduğu dilə gətirildi, nəşr edildi. Bununla da dünyada insan azadlığı deyə bir fikir formalaşdırılmağa çalışıldı. Bəli, insanlar azad, hürr iradələri ilə yaşamalıdırlar. Lakin azadlıq sözlərə, cümlələrə sığışdırılmış fikirlər olaraq qalmamalıdır. Bu fikirlərə yansıyan düşüncə həyat tərzinə çevrilməlidir.

 

Əsrlər öncə köləlik var idi, insanlar bədən olaraq kölə olsalar da ruhları azad olurdu. Ruhları hürr iradənin seçim etdiyi, lakin bu seçimlərini yaşaya bilmədikləri həyatın arzusunda idilər. İradənin seçimini xəyalda da olsa yaşamağa çalışır, o seçimin gerçəkləşməsi üçün fürsət qovalayırdılar, əllərinə keçən ilk fürsətdə köləlikdən azad olduqlarında, azad olma imkanı olduğunda ruhun seçimi arxasınca gedir və o həyatı yaşayırdılar. İnsanoğlunu hərəkətə keçirən ruhdur. Bədən ruha geyindirilmiş libas rolunu oynamaqdadır. İnsan ruh ilə var olmaqdadır.

 

Bu gün isə tam əksi baş verməkdədir. Müasir dünyanın azad insanları kimi yaşayırıq kimi görünsə də, elə deyil. Müasir dünyanın ruhları kölə olan vətəndaşları olaraq yaşamaqdayıq. Bədənlərimiz azad, bədənlərimiz müstəqildir. Zəncirlərə vurulmamışıq, ixtiyar öz əlimizdədir kimi görünür, lakin ruhumuz qəfəsdədir, ruhumuz kölədir. Yuxarıda da vurğuladığım kimi, insanı hərəkətə keçirən ruhdur, ruh kölə olduğunda bədən tək başına neyləsin? Hansı sağlam qərarı verə bilər? Hansı seçimi edib arxasınca düşə bilər? Yalnız birilərinin seçdiyi həyatı, seçdiyi güzərgahı izləyər, o yolda davam edər və azad yaşadığını zənn edərək ömrü başa vurar. Və bununla da o kimsə üçün pərdə qapanar. Günümüzün ən aktual problemlərindən, bəlkə də təcili surətdə həll edilməsi lazım olan problemlərdən biri məhz budur.

 

Köləlikdə olub-olmadığımızı idrak edə bilməyimiz üçün ətrafdan kənar göz kimi verdiyimiz qərarları, yaşadığımız həyatı seyr etməliyik. Seyr etməliyik ki, baxaq görək etdiyimiz seçimlər, verdiyimiz qərarlar bizim düşüncəmizin məhsuludur, ya yox... Bax o zaman nəyin nə olduğunu anlaya bilərik. O zaman həqiqət səhnəsi ilə qarşı qarşıya qala bilərik. O zaman dəyişikliklər etmək imkanı əldə edə bilərik.

 

Əziz və dəyərli oxucular, hər birinizi eyvana dəvət edirəm, seçimlərinizi analiz etməyə, sorğulamağa dəvət edirəm. Analizin nəticəsinə yansıyan görüntülərlə üzləşməyə dəvət edirəm sizləri. Aktual problemin həlli oradadır ancaq. Bunu hər şəxs özü üçün etməzsə, başqa birinin bunu etməsi imkansızdır.

 

İnsanlıqla bərabər köləlik də davam edir, yuxarıda aydınlıq gətirdiyimiz məsələdə keçmiş və indiki dövr köləliyini müqayisə etdiyimizdə indiki dövrün köləliyi daha dəhşətlidir, daha ürpərdicidir. Çünki indiki köləlik idarəçilik düyməsini əlinə alıb.

 

Sizləri inandırım ki, hələ də gec deyil, ürpərdiyimiz bu səhnəni sahmana salaraq aydın bir gələcək inşa edə bilərik, ancaq bunun üçün analizin nəticələri mütləqdir.

 

Müəllif: Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri