Almaniyada bir məktəb müdiri hər tədris ilinin əvvəlində müəllimlərə məktub göndərir. Məktubun ilk cümləsi insanlığa sərt bir həqiqəti xatırladır: “Təhsil hər bir toplum üçün vacibdir, lakin onu necə istifadə edəcəyimiz bundan da önəmlidir”.

 

Bu sözlər təsadüfi deyil. Məktubun müəllifi əsir düşərgəsində heç bir insanın görməməli olduğu səhnələrə şahid olub:

 

Yaxşı təhsil almış mühəndislərin inşa etdiyi qaz kameraları;

 

Yaxşı yetişdirilmiş həkimlərin zəhərlədiyi uşaqlar;

 

Peşəsini mükəmməl bilən tibb bacılarının iynə ilə öldürdüyü körpələr;

 

Universitet məzunlarının güllələyib yandırdığı insanlar...

 

Bütün bunlardan sonra müəllimlərə belə səslənir: “Şagirdlərinizin ilk növbədə yaxşı insan olması üçün çalışın. Səyləriniz bilikli canavarlar və bacarıqlı psixopatlar yetişdirməsin. Oxuyub-yazmaq yalnız uşağın daha çox insan olmasına xidmət edirsə dəyər qazanır”.

 

Hər şeyin bir ruhu olduğu kimi, elmin də ruhu var. Ruhu olmayan elm insanı dünyanın ən təhlükəli varlığına çevirir.

 

Elmin ruhu – bilginin insana, cəmiyyətə və bəşəriyyətə fayda verməsidir. Bəşəriyyətə fayda gətirməyən elm qatilin əlində silah kimidir. Ruhu olmayan tibb həkimi xəstəyə yalnız “müştəri” kimi baxmağa sövq edir. Ədalət duyğusu olmayan hüquq isə vəkili zalımı müdafiə etməyə aparır. Bütün bunlar cəmiyyətin pozulmasına və dəyərlərin çöküşünə səbəb olur.

 

Tarix göstərir ki, bəşəriyyət yalnız elm mənəviyyatla birləşəndə tərəqqi edib. Amma bu gün vəziyyət daha təhlükəlidir. İnsanlıq həm elmdə, həm də mənəviyyatda geriləmə dövrü yaşayır. Texnologiya bu qədər inkişaf etdiyi halda necə olur ki, elm geriləyir? – deyə soruşa bilərsiniz. Əslində, texnologiyanın sürətli inkişafı və insanın onu düzgün istifadə edə bilməməsi həm mənəviyyatı, həm də zehni inkişafı yavaşladan ən böyük maneədir. Cəmiyyətin bir hissəsi sosial medianın təsiri ilə şiddətə meyillidir, digər hissəsi isə milli və mənəvi dəyərlərdən uzaqlaşır. Doğru istifadə edilmədikdə süni intellekt insanın düşünmə, araşdırma və bilgi yaratma qabiliyyətinə ciddi təhlükə yaradır. Bütün bunlardan çıxan nəticə aydındır: insanlığın formalaşmasında müəllimlərin və təhsil ocaqlarının təsiri azalır, sosial medianın təsiri isə artır.

 

Bu gün təhsil ocaqları sosial media qarşısında aciz qalırlar. Bunun iki səbəbi ola bilər:

 

1. Texnologiya sürətlə inkişaf edir, lakin təhsil müəssisələri özünü yeniləyə bilmir. Yenilənmə fiziki yox, fikir və tədris sistemi yönündə olmalıdır. Lakin bir çox təhsil ocağında sual belə dəyişib: “Kim necə yetişdirilir?” yox, “Kim nə qədər ödəyir?” Bu yanaşma insanlığa hansı dəyəri verə bilər? Bu, gələcəkdə bizi gözləyən təhlükənin ən açıq xəbərçisidir.

 

2. Tərəfkeşlik və təəssübkeşliyin ön plana çıxması. Ləyaqət arxa planda qaldıqca sosial media üstünlük qazanır.

 

Bunlar, təhsil həyatım boyunca gördüyüm və analiz etdiyim müşahidələrimdir. Əlbəttə, hər insanın təhsildə qarşılaşdığı problemlər və gördüyü nüanslar fərqli ola bilər. Amma bir həqiqət aydındır: gələcəyin insanlığı yalnız vicdanlı, milli və mənəvi dəyərlərə sahib müəllimlərin əlinə etibar edilə bilər.

 

Unutmayaq ki, insanlığın çarəsi vəzifəsini müqəddəs bilən yetişmiş bir ovuc müəllimdir.

 

Tural QASIMOV