Bəzi cəmiyyətlərdə qızların erkən yaşda evləndirilməsi, gəlin köçüb ailə qurması adi bir hal kimi qəbul edilir. Bir çoxlarının beynində də bu, artıq belə formalaşıb, belə də davam edir. Erkən yaşda evliliklərin müxtəlif cür səbəbləri var. Bəzən qismət, bəzən adət, bəzən də “vaxtıdır” deyilir. Bəzi ailələr də “qız evdə çox qalmaz” düşüncəsi ilə hərəkət edir və bunu bir növ dəyişməz qanun kimi görürlər.

 

Bu yanaşma qız övladını bir fərd kimi yox, cəmiyyətin qoyduğu qaydaları yerinə yetirməli olan bir robot kimi görülməyə gətirib çıxarır. Ən ağrılı tərəfi isə odur ki, belə hallarda qızın fikri, istəyi, arzuları, ümumiyyətlə, nəzərə alınmır. Onun gələcəyi haqqında qərar verilir, amma o qərarın içində qızın səsi eşidilmir.

 

Bəzən isə bu, qızların öz seçimi olur. Adına sevgi, eşq desələr də, bunun əsl səbəbi sadəcə maraqdır. Filankəs tez evləndi, ona çoxlu pal-paltar, qızıl, telefon, kosmetika aldılar, gedim, mənə də alsınlar, mənim də olsun, mən ondan geri qalmayım. Bu kimi maraqlar qızların beynini elə yuyur ki, hər şeyi, təhsili, gələcək arzularını yarımçıq qoymaq bahasına tez bir zamanda ailə qurmaqdan başqa bir şey fikirləşmirlər.

 

Bir sözlə, səbəb hər nə olur olsun, istər ailənin məcburiyyəti, istər qızın istəyi – nəticə dəyişmir, qızların gələcəyi haqqında erkən qərar verilir. Onlara yeni bir tale yazılır, yeni bir yol göstərilir, amma bu yolun axırını fikirləşmək, təəssüf ki, heç kimin ağlına gəlmir. Hər kəsə son dərəcə adi görünən qərarın arxasında çox zaman danışılıb, hiss olunmayan və ən əsası, başa düşülməyən talelər gizlənir.

 

Hələ həyatın nə olduğunu tam dərk etməmiş, arzularının sərhədlərini belə çəkməmiş bir qız birdən-birə birinin həyat yoldaşı, yad bir ailənin gəlini və tez bir zamanda da balaca bir körpənin anası rolunu üzərinə götürür. Beləcə, həmin qız üçün oyuncaqlar, dostluqlar, məktəb xatirələri yavaş-yavaş yox olur. Onların yerini daha ağır məsuliyyətlər, hər gün artan həyat qayğıları tutur və artıq əlində gəlincik yox, canlı bir körpə olur. Qısası, o qız böyümür, böyüməyə məcbur edilir.

 

Mütləqdir ki, hər bir ailə övladları üçün düzgün seçim etmək istəyir. Amma bu qərar çox vaxt bədbəxtliklə nəticələnir. Bəziləri deyə bilər ki, erkən evlənib xoşbəxt olanlar da var. Bəli, var. Ancaq bu, bütün hekayələr eyni sonluqla bitəcək demək deyil. Çünki xoşbəxtlik insan həyatına təsadüfən gəlmir. Hər bir insanın xoşbəxtliyi seçmək haqqı olmalıdır. Bəzən “seçim” deyilən anlayış sadəcə bir söz olaraq qalır.

 

Erkən evliliklərin ən ağır tərəflərindən biri də bu evliliklərin psixoloji yüküdür. Hələ özünü tanımayan bir insanın başqa biri ilə həyatı paylaşmağa məcbur qalması, büruzə verməsə də, onun daxilində dərin izlər buraxır. Qorxu, tənhalıq, başa düşülmək hissi zamanla onun daxili dünyasını səssizcə darmadağın edir. O qız hər zaman gülümsəyir, amma içində qəlbi qırıq, oyuncağı əlindən alınmış bir uşaq olur və heç kim onu görmür. Tək psixoloji yox, fiziki olaraq xəstələnən də az olmayıb.

 

Erkən yaşda qurulan ailələr bəzən bir qızın həyatını qurmaq əvəzinə, onu yarımçıq qoyur. Bir az əvvəl də dediyim kimi, gəncliyini, gələcəyini, arzularını, özünü tapmaq yolunu, şəxsi inkişafını, ən əsası da təhsilini əlindən alır. Halbuki bu yaşlar insanın özünü tanıdığı və gələcəyi üçün həyatda nə istədiyini başa düşməyə başladığı ən vacib dövrdür. Bu mərhələdə verilən yanlış qərarlar isə sonradan peşmanlıq, daxili narahatlıq və bəzən də xoşbəxt olmayan ailə həyatına gətirib çıxarır.

 

Təhsil sadəcə məktəbə gedib kitab oxumaq deyil, təhsil insanın özünü dərk etməsi, ayaqları üzərində möhkəm dayanması, həyat qarşısında söz sahibi olması deməkdir. Təhsil bir qızın əlindən alınanda, əslində, onun gələcəyi, seçim haqqı və azadlığı əlindən alınır. Çünki savadlı insan təkcə yaşamaqla kifayətlənmir, o, yaşayacağı həyatı özü qurur.

 

Erkən yaşda qurulan ailə quruculuq imkanını da yarımçıq qoyur. Dünən arzularının arxasınca qaçmalı olan bir qız, bu gün məcburiyyətlərin içində itib gedir. Halbuki təhsil ona yalnız peşə qazandırmır, həm də düşünməyi, haqqını qorumağı, “yox” deməyi öyrədir. Təhsilli bir qadın həyatın qarşısında susmur. O, danışır, seçir, qərar verir.

 

Bir qızın təhsili yalnız onun şəxsi gələcəyi deyil, bütöv bir cəmiyyətin gələcəyidir. Təhsilli ana sağlam düşüncəli nəsil yetişdirir, güclü cəmiyyət qurur. Təhsilsiz buraxılan hər bir qız isə yarımçıq qalmış bir həyat deməkdir. Ona görə də erkən evlilik sadəcə bir ailənin qurulması deyil, çox vaxt bir həyatın yarım qalması, bir gələcəyin sönməsi deməkdir. Təhsil isə həmin o sönmək üzrə olan işığı yenidən alovlandıran yeganə qüvvədir.

 

Unutmaq olmaz ki, evlilik bir seçimdir, məcburiyyət yox. Hər bir insan, xüsusilə də hər bir qız, öz həyatını qurmaq, qərarlarını vermək və gələcəyini seçmək hüququna malikdir. Heç bir adət, heç bir sosial təzyiq bu haqqın önünə keçməməlidir. Cəmiyyət inkişaf etdikcə bu kimi köhnə düşüncələr də dəyişməli, insanın azad seçimi və xoşbəxtliyi hər şeydən üstün tutulmalıdır.

 

Afaq Azər