Fənn və peşə bacarıqları imtahanının keçirilmə qaydasında dəyişiklik edilib. Təhsil, elm və gənclər nazirinin sərəncamına əsasən, fənn və peşə bacarıqları imtahanı qaydasının adı dəyişdirilərək “Fənn imtahanının keçirilmə qaydası” ilə əvəz olunub.

 

Fənn imtahanının keçirilmə qaydası ictimai hüquqi şəxs – Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tərəfindən elan edilmiş fənn imtahanının keçirilməsi ilə əlaqədar məsələləri müəyyən edəcək.

 

Test – fənn imtahanının keçirilməsi məqsədilə Mərkəz tərəfindən “Milli Tədris Planı” və “Müəllimin Peşəkar Standartı”na uyğun olaraq hazırlanmış test tapşırıqları və cavab vərəqi formasıdır. Bu materiallar Mərkəzin rəsmi saytında (www.naec.ge) dərc olunana qədər gizli hesab olunur.

 

Sərəncamda qeyd olunub ki, imtahanda hər bir fənn üzrə iştirak etmək üçün 50 lari ödənməlidir.

 

Müvafiq fənn üzrə imtahan bütün imtahan mərkəzlərində eyni zamanda həyata keçirilir. Bir fənn üzrə imtahan iki gün ərzində də keçirilə bilər.

 

Fənn komissiyası tərəfindən qərar qəbul olunduqdan 20 gün ərzində Mərkəz direktorunun fərdi inzibati-hüquqi aktı ilə fənn imtahanını uğurla vermiş şəxslərin siyahısı təsdiq olunur.

 

Fənn imtahanını uğurla vermək üçün Mərkəzin təqdimatı ilə təhsil, elm və gənclər naziri tərəfindən müəyyən edilmiş keçid balını toplamaq tələb olunur. Bu barədə ilin əvvəlində, yeni sxem yayımlananda məlumat verilmişdi.

 

Xatırladaq ki, peşə bacarıqları testində müəllimlərin peşəkar inkişafı və karyera yüksəlişi sxemində yer alan baş və ya aparıcı müəllim statusuna malik şəxslər iştirak edə bilirdi. Həmin müəllim fənn və ya fənn kompetensiyasını ən azı 50 % nəticə ilə yeniləməli, yaxud doktor akademik dərəcə əsasında baş müəllim statusu verilmiş şəxs olmalıdır.

 

Mənbə: etaloni.ge