2022-ci ilin ən yaxşı məktəb direktorlarının kimliyi məlumdur. “Ən yaxşı direktor” müsabiqəsi hər il Gürcüstanın Təhsil və Elm Nazirliyinin dəstəyi və Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin təşkilatçılığı ilə keçirilir. Müsabiqədə Gürcüstanın ictimai məktəb direktorları iştirak edirlər.

 

2022-ci ilin ən yaxşı məktəb direktoru Xaşuri şəhərinin 1 saylı ictimai məktəbinin direktoru Moris Dandurişvili seçilib. İkinci yerə Tbilisi şəhər 200 saylı ictimai məktəbin direktoru Marine Uçmaçuridze, üçüncü yerə isə Axmeta bələdiyyəsinin Dumasturi kənd ictimai məktəbinin direktoru Rusudan Borçaşvili layiq görülüb.

 

Qalib və finalçılar İsveçrəyə səfər edəcəklər, onlar Avropa Nüvə Araşdırmaları Mərkəzinin (CERN), Sürix gimnaziyası və pedaqoji universitetin qonağı olacaqlar. Qalib direktorların işlədiyi məktəblərə isə virtual laboratoriyalar hədiyyə ediləcək.

 

Müsabiqə komissiyasının tərkibində Gürcüstanın Təhsil və Elm Nazirliyinin, Gürcüstan Parlametinin Təhsil Komitəsinin, Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin nümayəndələri olublar. Namizədlərin qiymətləndirilməsi prosesində Gürcüstan Pedaqoqlar İttifaqının nümayəndələri, ictimai məktəb direktorları da iştirak ediblər.

Mənbə: etaloni.ge