Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze aprelin 23-də məktəb şagirdləri üçün planlaşdırılmış yeniliklərdən danışıb.
Məlum olub ki, kompüter texnologiyaları fənni başlanğıc, eləcə də baza pilləsində olan şagirdlər üçün vacib olacaq və dəyişiklik 2025-ci ilin sentyabrından qüvvəyə minəcək.
“İndiyə qədər kompüter texnologiyaları yalnız başlanğıc pillədə tədris olunurdu. 2025-ci ilin sentyabrından kompüter texnologiyalarının tədrisi ibtidai, eləcə də baza pilləsində bütün şagirdlər üçün vacib olacaq”, – deyə Aleksandre Tsuladze bildirib.
Nazirin sözlərinə görə, 4 il ərzində təhsil sahəsində aşağıdakı yeniliklər planlaşdırılır:
• Riyaziyyat fənninin gücləndirilmiş tədrisi – bütün ictimai məktəblərdə riyaziyyat və fizikanın gücləndirilməsi proqramı yaradılacaq. Ola bilsin, bu fənn şərti olaraq mexanika adlandırılsın və ilk olaraq 11-ci, 12-ci siniflərə daxil olacaq.
• 10-cu sinifdən etibarən məktəb şagirdinə seçim imkanı veriləcək – əgər o, akademik istiqamətdə dərinləşdirilmiş təhsil almaq istəyirsə, bu istiqamətlərdən birini seçə bilər. Əgər peşə yönümlü təhsilə davam etmək istəsə, Nazirliyin istəyi ondan ibarətdir ki, artıq 2025-ci ilin sentyabr ayına qədər 100-ə yaxın dövlət məktəbində peşə yönümlü inteqrasiya olunmuş proqramın seçilməsi mümkün olsun.
• Məktəblərə “STEM klubların” daxil edilməsi planlaşdırılıb. Xüsusi laboratoriyalar qurulacaq və dərs saatları başa çatdıqdan sonra könüllü olaraq məktəb şagirdlərinin STEM klub, eləcə də idman, yaxud incəsənət klublarını seçmək imkanı olacaq.
Texnoloji istiqamətdən əlavə, şagirdlər üçün humanitar elmlər baxımından da yeniliklər nəzərdə tutulub:
• Şagirdlərə humanitar istiqamətdə, formal, eləcə də qeyri-formal təhsil istiqamətində də məktəb klubları təklif olunacaq.
“Humanitar təhsil çox mühümdür. Eləcə də ana dili və bizim vəziyyətimizdə gürcü dili və ədəbiyyatının tədrisi gücləndiriləcək. İlk dəfə 2025-ci ildən gürcü dili və ədəbiyyatının tədrisi ayrı-ayrılıqda olacaq. İki standart hazırlanıb, gürcü dili və gürcü ədəbiyyatı ayrılıb”, – deyə nazir bildirib.
Mənbə: edu.aris.ge