Baş nazir İrakli Qaribaşvili təhsil naziri Mixeil Çxenkeli və onun müavinləri ilə görüş keçirib.

 

2023-cü ildə nazirlik tərəfindən həyata keçirilmiş layihələr və gələcək planların müzakirə olunduğu görüş çərçivəsində “2030-a baxış – Gürcüstanın İnkişaf Strategiyası” implementasiya dinamikasına xüsusi diqqət ayrılıb.

 

Gürcüstanın təhsil və elm naziri M.Çxenkeli və müavinləri hökumət başçısına cari ildə təhsil sisteminin bütün pillələrində planlaşdırılan əsas proqram və layihələr haqqında ətarflı məlumat veriblər.

 

Görüş zamanı 800 məktəbin tikinti və bərpasını nəzərdə tutan 1 milyard lari dəyərində böyük miqyaslı layihələrin əhəmiyyəti barədə danışılıb.

 

Qeyd edək ki, layihəni Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsil və Elmi İnfrastrukturun İnkişaf Agentliyi mərhələli şəkildə həyata keçirir. İlkin mərhələdə ötən il tenderlər elan edilmişdir. 2022-2025-ci illərin dövlət büdcəsinin maliyyəsi ilə 320 ictimai məktəbin yenidən inşası və bərpası üçün elan edilmiş həmin tenderlər artıq başa çatıb və 80 məktəbin tikintisi ilə bağlı tender prosedurları aparılır.

 

Bərpa ediləcək və inşa olunacaq məktəblərin seçimi bölgələrdə yerli hakimiyyət və təhsil resurs mərkəzləri ilə məsləhətləşmə, binanın texniki baxışdan sonra araşdırılması nəticəsində həyata keçiriləcək. Birinci mərhələdə bərpa/inşaya ən çox ehtiyac duyan məktəblər seçilib. Layihənin növbəti mərhələsində 2024-2026-cı illərdə 400 məktəbin layihə/bərpa işləri həyata keçiriləcək.

 

Böyük miqyaslı layihənin həyata keçirilməsi ilə bütün Gürcüstan miqyasında 230 000-dən artıq şagird yeni təhsil resurslarından yararlanacaq. Nəticədə isə, 2026-cı ilin sonunda bütün ictimai ümumtəhsil müəssisələri infrastruktur baxımdan qaydasında olacaq. Bərpa və yeni məktəblərin tikintisi zamanı onların müasir standartlara uyğun təchiz edilməsi nəzərdə tutulub.

 

Görüş iştirakçıları Gürcüstanın Təhsil və Elm Nazirliyinin artırılmış büdcəsinin əhəmiyyətini diqqətə yetiriblər. Büdcə 2023-cü ildə iki milyard otuz milyon səkkiz yüz min (2,030,8 milyon) lari müəyyən edilib. Bu, 2022-ci ildə təsdiqlənmiş büdcədən 345,9 milyon lari artıqdır. Gürcüstanın Baş nazirinin sözlərinə görə, hər il artırılan büdcə təhsil və elm sahəsində artıq əldə edilmiş nəticələrin yaxşılaşdırılmasına, aparılan kompleks islahatlarn daha da sürətlə davam etdirilməsinə şərait yaradır.

 

Görüş iştirakçıları erkən və məktəbəqədər təhsilin inkişafına dəstəklə bağlı da danışıblar. Qeyd olunub ki, 2023-cü ildən sistemdə ilk dəfə Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz yerli bələdiyyələrin fəal iştirakı ilə ictimai, həmçinin özəl erkən və məktəbəqədər təhsil müəssisələrində diaqnostik özünüqiymətləndirməyə başlayacaq. Bu onların avtorizasiyadan keçməsi prosesinə dəstək olmaq məqsədilə ediləcək. Bağçaların avtorizasiya prosesi 2023-cü ildə başlayacaq və 2030-cu ildə başa çatacaq.

 

2023-cü ildə məktəbəqədər təhsil pilləsindən dövlət dilinin tədrisinin yaxşılaşdırılması üçün məktəbəqədər təhsil müəssisələrində bilinqual təhsilin tətbiqinin fəal şəkildə davam etdirilməsi mühümdür.

 

Ümumtəhsil istiqamətində layihələrdən danışılan zaman qeyd olunub ki, 2022-ci ildə həyata keçirilmiş bütün məktəblərin özünüiqymətləndirmə nəticələrinin analizi əsasında qanunvericiliklə tətbiq edilmiş vaxtlarda avtorizasiya prosesi planlaşdırılacaq. 2023-cü ildə avtorizasiya prosesi 400-ə yaxın məktəbdə həyata keçiriləcək.

 

İslahat aparılan zaman məktəb direktorlarına dəstəyin göstərilməsi məsələsi vurğulanıb. Bu istiqamətdə nazirliyin başladığı və 2023-cü ildə başa çatacaq məktəb direktorlarının sertifikatlaşdırılması prosesi mühümdür.

 

Görüşdə məktəblərdə müasir təhsil mühitinin təmin edilməsi və təhsil-tədris prosesinin yaxşılaşdırılmasından da söhbət açılıb. Bu məqsədlə 2023-cü ildə bir çox mühüm təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Həmçinin:

 

• Məktəblərin kompüter texnikası və kompüter laboratoriyası ilə təchiz edilməsinə başlanılacaq.

 

• Məktəblərdə davamlı olaraq üçüncü nəsil, kompetensiyalara əsaslanan milli tədris planının inkişafı və tətbiq prosesi davam etdiriləcək.

 

• 2023-2024-cü tədris ili başlayana qədər XI sinif və I, II siniflərin dərsliklərinin qrifləşdirilməsi başa çatdırılacaq. Bu, keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Paralel olaraq, yeni qriflənmiş dərsliklərin milli azlıqların dilinə tərcümə edilməsi həyata keçiriləcək.

 

• İnteraktiv resurs yaratmaq məqsədilə bir neçə dərslik pilot üçün rəqəmsallaşdırılacaq.

 

• Şagirdlərdə tənqidi düşüncə, analiz və yaradıcılığın inkişaf etdirilməsi məqsədilə Gürcüstan Şahmat Federasiyası ilə əməkdaşlıqla şahmatın tədrisi genişləndiriləcək və ikinci sinifdə də davam etdiriləcək.

 

• “Müdafiə və təhlükəsizlik” və “Hərbi iş” fənninin əhatə arealı artırılacaq. Bu məqsədlə ehtiyatda olan hərbi xidmətçilərin seçim müsabiqəsi və xüsusi hazırlıq elan olunacaq.

 

• “Gürcüstan tarixi”nin müstəqil fənn olaraq tədrisi 11-ci sinifdə davam etdiriləcək. Bu məqsədlə dərsliklərin qriflənməsi işləri aparılır.

 

• Qeyri-formal təhsil istiqamətində şagird düşərgəsi, məktəb kitabxanalarının yenilənməsi və şagirdlər üçün festivalların, tədbirlərin planlaşdırılması nəzərdə tutulub.

 

• Şagirdlər üçün məktəb olimpiadaları və fənn üzrə yığma komandaların Avropa və beynəlxalq dünya turnirlərində maliyyələşdirilməsinə davam etdiriləcək.

 

• İctimai televiziya ilə əməkdaşlıqla “Birinci kanal – təhsil” maarifləndirici layihə fəaliyyətinə davam edəcək. 2023-cü ildə proqram yenilənəcək və şagirdlər üçün daha artıq maarifləndirici xarakter daşıyan təkliflərə istiqamətlənəcək.

 

• 2023-cü ildə milli azlıqların sıx məskunlaşdığı bölgələrin qeyri-gürcüdilli məktəb müəllimlərinin dövlət dilini gücləndirməklə peşə inkişafı və təhsil-tədris prosesinə dəstək olması genişləndiriləcək.

 

Ümumtəhsil müəssisələrində peşə proqramlarının tətbiqinə dəstək məqsədilə 2023-cü ildə Gürcüstanın 30 ictimai məktəbində peşə təhsili almaq imkanı yaradılacaq. Bu, əvvəlcə peşə təhsilinin əlçatan olmadığı bələdiyyələrdə həyata keçiriləcək.

 

Mənbə: etaloni.ge

Gürcü dilindən tərcümə: Aynurə Əliyeva