Aprelin 7-si Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı (GYMD) paytaxtda yerləşən "Tiflis Palace" mehmanxanasında “Gürcüstanlı tibb tələbələrinin Türkiyədə təcrübə keçmə və Türkiyəni tanıma layihəsi” iştirakçılarına sertifikatların verilməsi ilə bağlı tədbir keçirib.

 

"Yeni Yol" xəbər verir ki, təbdirdə layihə ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra GYMD-nin sədri Musa Hacıyev çıxış edərək layihə haqqında məlumat verib və layihənin tələbələr üçün əhəmiyyətindən danışıb.

 

Daha sonra Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, lahiyə iştirakçılarından İ.Cavaxişvili adına Universitetin tələbələri Mariam Elisaşvili və Xıdır Əhmədov çıxış ediblər.

 

Tədbirin sonunda layihə iştirakçılarına təcrübə gördükləri Türkiyənin Uludağ Universiteti tərəfindən verilmiş sertifikatlar təqdim olunub.

 

Xatırladaq ki, layihə GYMD-nin təşkilatçılığı və Yurtdışı Türkler ve Akraba Toplukuklar Başkanlığının (YTB) dəstəyi ilə 2015-ci ildən etibarən həyata keçirilir. Bugünə qədər bu layihədən 120-dən çox tələbə istifadə edib. COVID-19 pandemiyasına görə layihə 2020-ci ildən etibarən dayandırılıb.