Özəl universitetlərin əksəriyyətində təhsil bir neçə yüz lari bahalaşıb. Özəl ali təhsil müəssisələri tələbələrə qarşılıqlı maliyyə və güzəşt təklif etməyi düşünürlər ki, onlar planlarını dəyişməsinlər.
“Səbəb inflyasiyadır”, “ötən illərdə də qiymətlər bahalaşmışdı”, “daxili marketinq qərarıdır”, “bu dəyişiklik islahatla əlaqəli deyil” – universitetlərin bizim suallara cavabları belədir. Niyə “Gürcü Arzusu”nun ali təhsil islahatından sonra təhsil bahalaşdı və buna hakimiyyətin tələbələr üçün qrantları ləğv etməsimi səbəb oldu?
Qeyd edək ki, bu gün Gürcüstanda fəaliyyətdə olan 64 ali təhsil müəssisəsindən yalnız 19-u dövlət, 45-i isə özəldir.
“Azadlıq radiosu” 2026-cı ildə təhsil haqqının əsasən necə dəyişdiyini, bu dəyişikliyin nəyə aid olduğunu müəyyən edib.
Qafqaz Universitetində təhsil haqqı bir neçə istiqamətdə 400-1000 lari artıb. Nümunə üçün qeyd edək, hüquq fakültəsində illik təhsil haqqı 7590 laridən 7990 lariyə qədər artıb. Avropaşünaslıq, sosiologiya və ingilis filologiyasının təhsil haqqı 400 lari bahalaşıb və 4590 laridən 4990 lari olub. İqtisadiyyat fakültəsində təhsil haqqı 1000 lari artaraq 4990 laridən 5990 lari olub.
Universitet təhsil haqqının bahalaşması səbəblərini təhsil proqramlarının xərcləri ilə əlaqələndirir və cavab verir: “Bu kənar faktorlardan irəli gəlməyib”.
Dedilər ki, daxili maliyyələşdirmə sistemi də olduğu kimi qalıb. Bu, gələcək tələbələrə Qafqaz Universitetində təhsillərini davam etdirməyə kömək edəcək.
Müəyyən fakültələrə (məsələn, biznes) yüksək tələb olduğuna görə qəbul üçün yerlərin sayı da artırılıb.
Qafqaz Universitetindən bildirdilər ki, qiymət yalnız bu il artmayıb. Zamanla, tələb və qəbulları nəzərə almaqla universitet təhsil haqqının artırılması qərarını verir.
Qafqaz universiteti 40-dan artıq proqrama tələbə qəbul edir.
Qara Dəniz Universitetinin 27 bakalavr proqramı var. Bu il yalnız bir – Amerikaşünaslıq istiqamətində təhsil haqqını artırıb. Burada illik təhsil haqqı ötən illə müqayisədə 600 lari artaraq 2590 laridən 3190 lari olub. Universitetdən bildiriblər ki, “bu marketinq qərarı” idi və ali təhsil sahəsində dəyişikliklərlə əlaqədar deyil. Bu mərhələdə başqa fakültələrdə təhsil haqqını artırmağı düşünmürlər. Kvotalar da olduğu kimi qalır.
Universitetlərdən bildiriblər ki, abituriyentlərin və gələcək tələbələrin öz seqmenti var və Qara Dəniz Universitetinə qəbul olmağı düşünənlərin qərarını dəyişdirməyəcəyini gözləyirlər.
Azad və Aqrar Universitetlərdə bu il heç bir fakültə və istiqamətlərdə təhsil haqqı artmır. Daxili qrant sistemi də dəyişməz qalır. Qarşılıqlı maliyyələşdirməni abituriyent bal və fərqləndirməyə əsasən alır.
Gürcüstan Universiteti əksər proqramlar üzrə təhsil haqlarını 250-500 lari civarında artırıb. Məsələn, əgər sənətşünaslıq istiqamətində təhsil 2950 lari idisə, indi təhsil haqqı 3200 lari olacaq. Jurnalistikada təhsil almaq 500 lari bahalaşıb və indi 5000 lari olacaq. Arxitektura istiqamətində illik təhsil haqqı 800 lari artıb, yəni 4200 lari əvəzinə 5000 lari olacaq. Ötən illə müqayisədə hüquqşünaslıq fakültəsində təhsil almaq 1500 lari bahalaşıb və təhsil haqqı 5000 lari olacaq.
Bəzi fakültələrdə (məsələn, biznesin idarəedilməsi) təhsil haqqı olduğu kimi qalıb. Bəzisində isə universitetin qərarı ilə, ümumiyyətlə, qəbul elan edilməyib (ingilis filologiyası, kompüter elmləri).
“Ancaq bu o demək deyil ki, gələn il də belə olacaq” – Gürcüstan Universitetindən cavab veriblər. Qeyd ediblər ki, təhsil haqqının artırılması ali təhsil islahatı və ondan yaranmış dəyişikliklərlə əlaqədar deyil.
Gürcüstan Universitetində onların universitetinə qəbul olmaq istəyən, ancaq dövlətdən əlavə qrant əldə edə bilməyəcək abituriyentlər üçün yeni maliyyələşdirmə paketi düşünüblər.
“Tələbələr bizdə də pulsuz təhsil ala biləcəklər və ya qismən daxili maliyyələşdirmə qazanacaqlar. Aydındır ki, bu, ballardan asılı olacaq. Məcburi köçkünlərə də 50 %-lik güzəştlərimiz var. Həmçinin bu il biz “ödənişin təxirə salınması” adlanan yeni bir təklif də əlavə etdik. Tələbələr üç il pulsuz təhsil ala və təhsil haqqını yalnız işə düzəldikdən sonra ödəyə bilərlər”.
Gürcüstan Universitetində bu il 20 proqrama qəbul elan ediblər.
Gürcüstan İctimai İşlər İnstitutu (GIPA) bu il heç bir proqramda təhsil haqqını artırmayıb. Ancaq tələbələrə daha çox imkan vermək üçün onlara “Universitet Fondu” yaradıblar. Biznes qurumlarından və ya ayrıca şəxslərdən gələn məbləğ universitetə tələbələrin qarşılıqlı maliyyəsini təklif etmək və dövlət qrantının olmaması vəziyyətində yaranacaq çatışmazlığı doldurmaq imkanı verəcək.
Bu il GIPA doqquz bakalavr və üç peşə təhsili proqramı üzrə qəbul elan edib.
Bu universitetdə də ümid edirlər ki, burada oxumaq istəyən abituriyentlər öz seçimlərini dəyişməyəcəklər.
Gürcüstan Milli Universitetindən (SEU) bildiriblər ki, bu il qiymtələri artırmayıblar, hətta azaldıblar. Qəbul isə 18 bakalavr və 18 magistratura proqramına elan olunub.
Gürcü-Amerika Universitetində (GAU) təhsil fakültələrin əksəriyyətində təxminən 12 % bahalaşıb. Universitet təhsil haqqının dəyişdirilməsinin səbəbi kimi “ölkədəki inflyasiya templərini və proqramların inkişafı üçün zəruri olan maddi təminatı” göstərib.
“Proqramların davamlı inkişafı universitet üçün strateji prioritetdir, inflyasiya nəticəsində yaranan xərclərin, o cümlədən akademik və inzibati heyətlə bağlı xərclərin kompensasiya edilməsi isə zəruri komponentdir... Qiymət artımı bu amillərin balanslaşdırılmasına xidmət edir”, – deyə GAU-dan bildiriblər.
Bu il həmin universitet 20 proqrama qəbul elan edib.
Eləcə də digər özəl universitetlər müxtəlif istiqamətlərdə qiymətləri artırıblar. Məsələn, “Alta” Universitetində də tibb fakültəsində təhsil almağın dəyəri 3500 laridən 3950 lariyə qədər artırılıb.
Sulxan-Saba Orbeliani Universitetində ictimai idarəçilik – 2500 laridən 2750 lariyə qədər artıb.
Birbaşa və ya dolayı yolla? – Strategiyanı kim və niyə dəyişdi?
“Əlbəttə, islahatın bu prosesdə təsiri var” – təhsil məsələləri üzrə araşdırmaçı Şalva Tabatadze bildirir. Onun qiymətləndirməsinə görə, qiymətləri o özəl universitetlər artırıblar ki, onlar özlərinə olan tələbatın onsuz da qalacağını və tələbə cəlb etməkdə çətinlik çəkməyəcəklərini gözləyirlər.
Əksinə, ən çox tələbat olan istiqamətlərdə (hüquq və ya biznesin idarəedilməsi) dövlət universitetlərində yerlərin sayı azalıb (məsələn, hüquqda 700 yer). Bu, özəl universitetlərə yeni imkanlar yaradır.
Özəl universitetlərin təhsil haqqını azaldan hissəsi bu qərarla öz tələbələri üçün universiteti daha cəlbedici etmək istəyiblər.
“Hətta dövlət universitetlərində ailələrin təhsil haqqı ödədikləri vaxtlarda belə, abituriyentlər yenə də özəl ali məktəbi seçib bir az daha çox ödəyə bilirdilər. İndi isə tələbələr dövlət universitetlərindəki populyar proqramlara qəbul olmağa çalışacaqlar. Bu dəyişiklik də ona xidmət edir ki, ora qəbul ola bilməyib özəl sektor üzrə paylananlar üçün həmin müəssisələr cəlbedici olsun”.
Təhsil haqqını olduğu kimi saxlayan üçüncü qrup universitetlər isə hesab edirlər ki, onların hər bir halda onlara qəbul olmağa çalışacaq öz dəyişməz seqmenti var.
“Bu universitetlərdə qiymətlər onsuz da yüksək idi. Onlarda dövlət qrantları da var idi, lakin bu, sadəcə tələbələrin ödəniş yükünü yüngülləşdirirdi. Universitetlər üçün isə heç nə dəyişmir; onlar həmin məbləği yenə də ailə təsərrüfatlarından (valideynlərdən) alacaqlar”.
Tələbələr üçün nə dəyişəcək?
“Regionlarda proqramların əlçatanlığı azalır” – Şalva Tabatadze bildirir.
Orada yalnız kənd təsərrüfatı və təhsil proqramları qalır (Axalkalaki, Axaltsixe, Telavi, Qori, Zuqdidi) və bu bölgələrdən olan abituriyentlər başqa bir proqramda (hüquq, biznes, texnologiya, mühəndislik və s.) təhsil almaq istəyirlərsə Tbilisi, Kutaisi və Batumidə təhsil almalıdırlar.
Bu halda, dövlət universitetlərinə qəbul şərtlərində belə təhsil almaq və yaşamaq xeyli xərc tələb edir.
Tbilisidə etnik azlıqlar, azərbaycandilli tələbələr üçün kvotalar azaldılır. Samtsxe-Cavaxetidə isə həm proqramlar, həm də kvotalar 54 yerdən 24 yerə endirilir.
Dövlət universitetlərində arzuolunan, nüfuzlu fakültələrə əlçatanlıq azalır və eyni zamanda özəl universitetlərdə qiymətlər artır.
“Ola bilsin ki, tələbə qrant ala bilmirdi, amma bilirdi ki, İlya Dövlət Universitetinin, Texniki Universitetin və ya Suxumi Universitetinin hüquq fakültəsində 2250 lariyə təhsil alacağı zəmanətlidir. İndi isə belə bir seçim artıq yoxdur və o, məsələn, hüquq təhsilini mütləq qiymətlərin artdığı və 3000 larini keçdiyi hansısa özəl universitetdə almalıdır”.
Daha bir faktor:
Pulsuz proqramlara daha yüksək sosial-iqtisadi statusa malik tələbələr qatılırlar (çünki qəbul sistemi məktəb təhsilinə deyil, özəl repetitordan təhsil almaq qabiliyyətinə əsaslanır).
Birinci kurs tələbələrinin bir hissəsi (2580 tələbə) özəl universitetlərdə müxtəlif məbləğdə dövlət qrantları alıb. Şalva Tabatadzenin izah etdiyinə görə: Yarısı yüksək ödənişli seqmentdən (7000 lari və daha yuxarı) idi, təxminən 1200 tələbə üçün isə bu, təhsil haqqını ödəmək baxımından əhəmiyyətli bir məbləğ idi, çünki həmin universitetlərdə ödənişlər 2250 lari ilə 4000 lari arasında dəyişirdi.
“Bu ikinci qrup üçün giriş məhdud olacaq, onlar dövlət universitetinə daxil ola bilməyəcəklər və özəl universitetdə 2250 lari əvəzinə daha çox pul ödəməli olacaqlar.”
Seçimin məhdudlaşdırılması və əlçatanlığın artırılması:
Bu gün vəziyyət belədir:
Dəyişikliklər əvvəlki illərdəki 15000 tələbə əvəzinə 21000 tələbə üçün maliyyələşdirməni nəzərdə tutur. Məsələn, hüquq istiqaməti üzrə 1600 tələbə ödənişsiz təhsil alacaq, halbuki keçən il hüquq proqramı üzrə dövlət cəmi 850 birinci kurs tələbəsini maliyyələşdirmişdi (özəl və dövlət universitetləri birlikdə nəzərə alınmaqla) və onların əksəriyyətinə yalnız 50 və ya 70 %-lik maliyyə ayrılmışdı.
Kutaisi və Batumidə tələbələrin yalnız 12 %-i təminatlı idi (8000 tələbədən yalnız 900-ü), qalanları dövlət universitetlərində təhsil haqqını ödəmişdilər. İndi isə 8000 tələbənin hamısı pulsuz təhsil alacaq.
Tədqiqatçı ilk baxışdan əlçatanlığın yaxşılaşacağını, lakin vacib amillərin – keyfiyyət və seçimin hesabına olacağını deyir.
Onların arzuolunmaz bir proqrama qəbul olmağa məcbur olmaları və ya yerlərin sadəcə doldurulmaması ehtimalı yüksəkdir.
Misal üçün: 2025-ci ildə Axaltsixedəki regional universitetlərdə aqronomluq və baytarlıq fakültələri üçün 45 və 40 yer ayrılmışdı. Yalnız dörd tələbə qəbul olunmuşdu. Hazırda 60 yer ayrılıb. Texniki Universitetin informatika fakültəsinə 150 yer var idi və cəmi 79 tələbə qəbul olunmuşdu. Bu il 290 yer ayrılıb və s.
“Belə şəraitdə abituriyentlər sadəcə pulsuz olduğu üçün oxumaq istəmədikləri bir fakültə və proqram seçməyə məcbur edilirlər. Kimisə istəmədiyi bir şeyi oxumağa məcbur etmək ağlasığmazdır. İkincisi, bu proqramlardakı yerlər doldurulmayacaq və biz pulsuz təhsilə bu xəyali artan əlçatanlıqla qalacağıq”.
Ali təhsil sistemində planlaşdırılan islahat ilk dəfə 17 oktyabrda İmedi TV-də “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze tərəfindən müzakirə edilib. Kobaxidze o zaman mövcud təhsil sisteminin müasir çağırışlara və standartlara cavab verə bilmədiyini və “Gürcü Arzusu”nun Gürcüstandakı tələbələrin xaricdə aldıqları təhsillə eyni təhsili almasını təmin etmək kimi “ambisiyalı məqsədi” olduğunu bildirib.
Təhsil Nazirliyinin 2025-ci ildə elan etdiyi ali təhsil islahatına əsasən, özəl universitetlərə qəbul olmaq istəyən tələbələr artıq dövlətdən qrant dəstəyi almayacaqlar. Təhsil naziri Givi Mikanadze o zaman islahatın əsas vurğusunun dövlət universitetlərinə yönəldiyini, 2026-cı ildən etibarən dövlət universitetlərinə qəbul olan bütün tələbələrin təhsilləri üçün tam dövlət maliyyəsi alacağını və “dövlət universitetlərinin bazar araşdırmalarına və ehtiyaclarına əsasən dövlət sifarişlərini yerinə yetirməli olduqlarını” bildirmişdi.
2025-ci ilin milli imtahanlarının və qrantların statistikası aşağıdakı kimidir:
• 31704 abituriyentdən 6500-dən çox abituriyent dövlət qrantı alıb;
• Bunlardan 1000-dən çox abituriyent 100 % dövlət qrantı alıb;
• 1400-dən çox abituriyent 70 % qrant alıb;
• 4000-dən çox abituriyent 50 % qrant alıb;
• Özəl universitetlərdə təhsil alan 2300-dən çox abituriyent qrant alıb.
Mənbə: “Azadlıq radiosu”
Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva