Gürcüstan Milli Statistika Xidmətinin yayımladığı məlumata əsasən, 2025-ci ilin birinci rübündə Gürcüstanda orta aylıq əməkhaqqı 2170 lari təşkil edib. Gəlir vergisini çıxmaqla alınan maaş 1736 laridir.

 

Milli Statistika Xidmətinin 16 iyunda yayımladığı göstəricilərdən aydın olur ki, 2024-cü ilin müvafiq dövrü (birinci rübü) və dördüncü rübü ilə müqayisədə təhsil sektoru axırdan ikinci yerdə qərarlaşıb.

 

Belə ki, 2024-cü ilin birinci rübündə təhsil sektorunakı orta aylıq əməkhaqqı 1126 lari təşkil edirdisə, 2025-ci ilin birinci rübündə bu məbləğ 1341 lari təşkil edib.

 

2025-ci ilin birinci rübündə Gürcüstanda orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 % (226,7 lari) artıb və 2170,1 lari təşkil edib.

 

İş növlərinə görə yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

 

• Maliyyə və sığorta işləri – 5515,1 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,0 faiz artıb);

 

• İnformasiya və kommunikasiya – 4163,0 lari (5,2 faiz artıb);

 

• Peşə, elmi və texniki işlər – 2 975,7 lari (11,3 faiz artıb);

 

• Tikinti sektoru – 2908,9 lari (10,8 faiz artıb).

 

2025-ci ilin birinci rübündə qadınların orta aylıq əməkhaqqı 1744,2 lari, kişilərin isə 2601,3 lari təşkil edib. Əməkhaqqının illik artımı qadınlarda 204,1 lari (13,3 %), kişilərdə 258,0 lari (11,0 %) təşkil edib. İş növlərinə əsasən kişilərin əməkhaqqı qadınlarınkından, demək olar, bütün sahələrdə artıqdır.

 

“2025-ci ilin birinci rübündə işə götürülənlərin orta aylıq əməkhaqqı biznes sektorunda 184,2 lari (9,3 %) artıb və 2169,6 lari təşkil edib. İş növlərinə görə ən yüksək əməkhaqqı informasiya və kommunikasiya (4255,4 lari, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artıb) sahəsindədir. Peşə, elmi və texniki işlər sahəsində isə 3402,5 lari təşkil edir (12,1 faiz artıb)” – Milli Statistika Xidməti tərəfindən yayımlanmış hesabatda qeyd olunub.

 

Göstəricilərə əsasən, orta aylıq əməkhaqqının çoxluğu ilə regionlar arasında Tbilisi liderlik edir, sonuncu yerdə isə Raça-Leçxumi və Kvemo Svanetidir.

 

Mənbə: edu.aris.ge