Yanvarın 20-də keçirilən hökumət iclasında məlum olub ki, ali təhsil islahatı üzərində işləyəcək komissiyaya Baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək, komissiyanın başında təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze və Baş nazirin təhsil və elm məsələləri üzrə məsləhətçisi duracaq.
Baş nazir İrakli Kobaxidzenin bəyanatına görə, 4 il ərzində yenilənmiş ali təhsil sistemi olacaq.
“Biz hökumət komissiyası yaradırıq. Bu komissiya 4 illik perspektivdə hökumət islahatları üzərində işləməlidir. Biz ölkəmizdəki universitet təhsil sistemini özünəməxsus şəkildə formalaşdırmalıyıq. Bildiyiniz kimi, bu gün bizim ölkədə ali təhsilin keyfiyyəti qənaətbəxş deyil və bu istiqamətdə resurslar çox böyükdür.
Bütün resursları maksimum mənimsəməliyik ki, 4 il ərzində biz yenilənmiş sistem əldə edək. 4 illik perspektivdə gürcü tələbənin, məsələn, Avropada aldığı keyfiyyətdə təhsil alması tam mümkündür.
Hökumət komissiyasına mən rəhbərlik edirəm, təhsil, elm və gənclər naziri vəzifəsini icra edən cənab Aleksandre Tsuladze müavin, Baş nazirin təhsil və elm məsələləri üzrə müşaviri cənab Levan İzoriya isə katib olacaq”.
Baş nazirin sərəncamına əsasən, komissiyanın digər üzvləri aşağıdakılardır:
1. İqtisadiyyat və davamlı inkişaf naziri;
2. Maliyyə naziri;
3. Regional inkişaf və infrastruktur naziri;
4. Ədliyyə naziri;
5. İşğal olunmuş ərazilərdən köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri;
6. Mədəniyyət naziri;
7. İdman naziri;
8. Acara Muxtar Respublikasının hökumət başçısı;
9. Abxaziya Muxtar Respublikasının hökumət başçısı;
10. Gürcüstan hökumət administrasiyasının rəhbəri;
11. Tbilisi şəhərinin bələdiyyə başçısı.
Qeyd edək ki, yeni hökumət komissiyasının hansı məsələlər üzrə və necə işləyəcəyi hələlik dəqiq məlum deyil. Sərəncamda bildirilir ki, “komissiya ehtiyac olduğu halda toplantı keçirsin və Gürcüstanda ali təhsil islahatının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etsin”.
Mənbə: edu.aris.ge